Çox mürəkkəb tarixi mərhələdən keçirik – Deputat

Hazırda olduqca mürəkkəb bir tarixi mərhələdən keçməkdəyik. Bu mərhələ həm də beynəlxalq münasibətlər sistemində milli gücün və iradənin yenidən imtahan edilməsidir”.

Bu fikirləri Globalinfo.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə mayın 16-da təşkil edilən görüşlə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, önümüzdəki yüzillik hazırda formalaşan yeni münasibətlər kontekstində xalqların dünya siyasətində gələcək yerini və rolunu müəyyən edəcək:

“Biz bu imtahanı həm tarix, həm də xalqımız qarşısında qürurla verə bildik və nailiyyətlərə imza atmağı bacardıq! Güclü və müstəqil dövlət, güclü və demokratik cəmiyyət qura bildik. Şübhəsiz ki, güclü dövlətin arxasında milli iradə ilə yanaşı həm də güclü və demokratik siyasi sistem dayanır. Bu mənada siyasi sistemimizin yeni siyasi təfəkkür və reallıqlar kontektsində yenidən təşkilatlanması milli siyasi sistemimizi daha da güclü edir. Son illərdə biz daxili siyasi aktorlar, siyasi partiyalar və dövlət institutları arasında olduqca mühüm kordinasiya və əməkdaşlıq əlaqələri müşahidə edirik. Bu, özlüyündə milli demokratiyamız və siyasi sistemimizin yeni keyfiyyət mərhələsi üçün paradiqmatik hadisədir.

Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən təşkil edilmiş görüşdə Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı da növbəti uğurlu addım hesab edilməlidir. Nəticə etibarilə belə görüşlər siyasi sistemin əsas sütunlarından hesab edilən siyasi partiyalar və dövlət institutları arasında əməkdaşlığı tamamilə yeni mərhələyə qaldırmış olur ki, bu milli dövlətimizin inkişaf perespektivləri baxımından strateji əhəmiyyət daşıyır”.

Safura Bənnayeva
Globalinfo.az