
Rusiya Prezidenti Vladimir Putinlə Çin Sədri Si Szinpin arasında görüş olub. Çin-Rusiya ittifaqı Qərbi ciddi narahat edən geopolitik amilə çevrildiyi halda bu səfərin baş tutması böyük maraqla qarşılanıb.
İki liderin görüşü nə vəd edir?
Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib ki, dünyanın diqqəti Pekindədir:
“Putin andiçmədən sonra vəd etdiyi kimi ilk xarici səfərini Çinə etdi. Si Szinpin də Çin sədri seçildikdən sonra ilk səfərini Rusiyaya etmişdi. Ümumiyyətlə, belə bir fikir var ki, beynəlxalq məsələlərdə Putin təkcə Çin liderinin sözünü dinləyir.
Ukraynada gedən müharibə, rəsmi Moskvaya tətbiq edilən sanksiyalar müttəfiqi olan Çinə də şamil edilir. Bu da Çinin Rusiya ilə daha çox yaxınlaşmasına səbəb olacaq. Pekin üçün ən aktual məsələ olan Tayvanla bağlı Kollektiv Qərbin Çinə qarşı birliyi onu Rusiya kimi müttəfiqlər qazanmağa vadar edir.
5 ildən sonra Si Szinpinin Avropaya səfəri öz fərqliliyi ilə Qərbin narahatlığına səbəb oldu. Fransa, Serbiya və Macarıstan Kollektiv Qərbin yürütdüyü siyasətdən kənara çıxan dövlətlərdir. Xüsusən də Fransa bu istiqamətdə aktiv fəaliyyət göstərir”.
Politoloqun sözlərinə görə, Fransa Almaniya ilə münasibətlərdə Çinlə əlaqələr qurmaqda maraqlıdır:
“Almaniya bu günə qədər dünyanın istehsal maşını idisə, indi bunu Çin öz üzərinə götürüb. Almaniya iqtisadiyyatına alternativlik edə bilən iqtisadiyyat ortaya qoyub. Digər tərəfdən Serbiya və Macarıstan da rəsmi Pekinlə münasibətləri normallaşdırmaqda maraqlıdır. Hətta Aİ-nin bəzi addımlarına qarşı açıq mövqe orataya qoyurlar. Macarıstan Baş naziri Viktor Orbanın Ukraynaya dəstəklə bağlı yardım paketlərinin təsdiqlənməsində müstəqil mövqe ortaya qoyması, Rusiya ilə münasibətdə fərqli yanaşma sərgiləmələri buna nümunədir.
“Çin yatmış əjdahadır, onu oyatmayın” ifadəsini işlədən Napoleon Bonapartın qorxusu reallaşmaqdadır. Kollektiv Qərb atdığı addımlarla Çini oyadıb. Si Szinpinin Yaxın Şərqə, Avropaya, Rusiyaya, İran rəhbərinin Pekinə səfəri ondan xəbər verir ki, Qərb hazırda mövcud vəziyyətdən olduqca narahatdır”.
Safura Bənnayeva
Globalinfo.az