
“Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri Cənubi Qafqazdakı proseslərə təsirsiz ötüşməyəcək”.
Bu sözləri Globalinfo.az-a politoloq Vaqif Hüseyn Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri və səfərin Cənubi Qafqazdakı proseslərə təsiri haqda danışarkən deyib:
Onun sözlərinə görə, Rusiya və Çin Asiya qitəsinin iki ən güclü ölkəsidir:
“Bu iki ölkə bu gün bir çox sahədə əməkdaşlıq edir. Xüsusilə qeyd edim ki, hər iki ölkə Asiya və dünyanın ən güclü 10 iqtisadiyyatına sahib ölkələrdir.
Siyasi və hərbi sferada da seçilən Pekin və Moskva son illər xüsusilə birlikdə hərəkət edir. Belə ki, Qərbin sanksiyaları və Ukrayna müharibəsi bu iki ölkəni daha da yaxınlaşdırıb. Bu mənada Putinin Çinə səfəri onu deməyə əsas verir ki, danışıqlar zamanı regional, geosiyasi, iqtisadi və təhlükəsizlik məsələləri müzakirə edilib.
Rus-Çin ittifaqı bu gün Qərbə qarşıdır. Çin hələlik daha çox iqtisadi sahədə Qərblə rəqabət edir. Misal üçün, ABŞ Çin şirkətlərinə və mallarına qarşı mövqe sərgiləyir. Rusiya ilə isə Qərb açıq şəkildə rəqabət edir. Ona görə də bu iki dövlətin liderlərinin görüşməsi bütün sahələri əhatə edir.
O ki qaldı səfərin Cənubi Qafqaza təsirinə, şübhəsiz, səfər təsirsiz olmayacaq. Belə ki, Çinlə Rusiyanın Cənubi Qafqaz siyasəti ortaqdır. Hər iki ölkə regional dəhlizlər və proyektlərə nəzarət etmək istəyir. Bu istiqamətdə də region ölkələri ilə əməkdaşlıq edir. Burada Zəngəzur dəhlizinin önəmini və bu dəhliz uğrunda geopolitik yarışmanı da xatırlamaq lazımdır.
Çinin bu marağı həm də “Bir kəmər, bir yol layihəsi” ilə bağlıdır. Çin ticarətini maneəsiz marşrutlar ilə aparmaq istəyir. Mümkündür ki, bu və digər məsələlər görüş zamanı müzakirə edilib”.
Turan Rzayev