Azərbaycanda yeni seçkiyə hazırlıq gedir? – Qapalı görüşün detalları bilindi

Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə görüş təşkil olunub.

Bu görüş parlament seçkisinə hazırlıq sayıla bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib ki, görüş siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə təşkil edilib:

“Məlum olduğu kimi, “Siyasi partiyalar haqqında” yeni qanun daha öncəki hüquqi-normativ aktlardan fərqli olaraq, dəqiq işlək mexanizmlərə malikdir və siyasi partiyaların institutlaşması baxımdan mühüm əhəmiyyət daşıyır. Siyasi partiyaların üzvlərinin reyestrinin aparılması üzərində nəzarəti Ədliyyə Nazirliyi həyata keçirir. Həmçinin partiyaların öz nizamnamə və proqramlarına əməl etməsinə nəzarəti də bu qurum həyata keçirir. Bu baxımdan, siyasi partiyalarda sənədləşmə işinin aparılması, interaktivliyin təmin edilməsi, eləcə də bu sahələrdə Qanunun tələblərinə uyğun mexanizmlərin tətbiqi üçün Ədliyyə Nazirliyi ilə siyasi partiyaların əməkdaşlıq etməsi zəruridir. Bu yanaşma, qanunun tələblərindən irəli gələn digər vəzifələrin icrası üçün də presedent xarakteri daşıyır. Yəni müvafiq istiqamətlər üzrə həm Maliyyə Nazirliyinin, həm də Mərkəzi Seçki Komissiyasının siyasi partiyalarla daim təmasda olması, onların fəaliyyətinin qanunun tələblərinə uyğun təmin edilməsi üçün müvafiq hüquqi yardımların göstərilməsi, mütamadi olaraq, bu istiqamətdə birgə müzakirələrin aparılmasına ehtiyac var.

Azərbaycan dövləti siyasi partiyaların fəaliyyətinin institutlaşması, onların ölkə qanunlarına uyğun fəaliyyət göstərmələrinin təmin edilməsi üçün inzibati metodları deyil, marifləndirməni və əməkdaşlığı seçib. Bu, çoxpartiyalı sistemin inkişafı və siyasi partiyalarla dövlət qurumları arasında işgüzar münasibətlərin formalaşması üçün də mühüm əhəmiyyət daşıyır”.

AĞ Partiya başqanı Tural Abbaslı qeyd edib ki, həmin görüş seçki ilə əlaqələndirilməməlidir:

“Görüş Azərbaycanda fəaliyyət göstərən 26 partiyadan 25-nin iştirakı ilə keçirildi. Burada partiyalar haqqında yeni qanunun tətbiqi məsələlərinin müzakirəsi getdi. Fikir mübadiləsi, maarifləndirmə və müzakirələr aparıldı. Maraqlı məqam o idi ki, burada yeni qanuna görə partiyalarla işləməli olan dövlət qurumlarının nümayəndələri də kifayət qədər təmsil olunurdu. Partiyaların maliyyə vəziyyətləri, struktural formalaşdırılması, qərargah məsələləri gündəmə gətirildi. Müxtəlif partiyaların fərqli təklifləri oldu. Ümumilikdə səmərəli görüş idi. Bunlar tez-tez olmalıdır”.

Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadə isə deyib ki, Prezident Administrasiyası və siyasi partiyalarla keçirilən görüş konstruktiv idi:

“Bu görüş müxalifət və iqtidar arasında normal münasibətlər sisteminin tərkib hissəsidir. Seçkilərə hazırlıq məsələsini də istisna etmək olmaz. Konstitusiyaya görə, noyabrda Milli Məclisə seçkilər keçirilməlidir. MCP başqanı Razi Nurullayev də həmin görüşdə iştirak etdi. Hesab edirəm ki, görüşlər mütəmadi xarakter almalıdır”.

Safura Bənnayeva
Globalinfo.az