İran iğtişaşlarının 100 günü: Molla rejimi üçün geri sayım çoxdan başlayıb

“İranda iğtişaşların başlamasından 100 gün ötür. Bu müddət son qarşıdurmanın ortaya çıxardığı nəticələri qiymətləndirmək üçün kifayət edir. Vəziyyət olduqca ağırdır. 1979-cu ildən bəri ilk dəfədir ki, İran bu səviyyədə iğtişaşlarla üzləşir. Artıq hökumət səviyyəsində qarşıdurmanı sakitləşdirməkdə çətinlik çəkdiklərini etiraf edirlər. Amma insanlara qarşı repressiya və qəddarlıq hər gün daha da şiddətlənir. Sanki rejimin bir yolu var: Mümkün qədər daha çox insana divan tutub onların gözünü qorxutmaq”.

Globalinfo.az-a şərhində bu fikirləri politoloq Əlimusa İbrahimov deyib.

Ekspert qeyd edib ki, bu yüz gün ərzində molla rejiminin dayaqlarının laxlaması göz önündədir, amma ən ciddi ziyan günahsız insanlara, xalqa dəyib:

“Beynəlxalq insan hüquqları təşkilatlarından verilən statistikaya görə, 500-dən artıq dinc sakin hökumət qüvvələri ilə qarşıdurma zamanı həyatını itirib. Hüquq mühafizə orqanlarının atəşi ilə öldürülənlərdən 70-dən artığı həddi-buluğa çatmayanlardır. İki nəfər rejim tərəfindən Məşhəd şəhərində dar ağacından asılıb, 28 nəfər isə ölüm hökmünə məhkum olaraq asılacaqlarını gözləyir. 19 min nümayişçi rejim tərəfindən həbsxanalara atılıb”.

Onun sözlərinə görə, nümayişlər ölkə boyu sabitliyi pozub. Müəssisə və iş yerləri bağlanır, istehsal dayanır, kənd-təsərrüfatında ahəng pozulub.

Ə.İbrahimov bildirib ki, İranda dövlətə və molla rejiminə qarşı nümayişlər 1979-cu ildən bəri mütəmadi olaraq hər iki-üç ildən bir keçirilirdi:

“2008-ci ildən bu günə qədər bu nümayişlərin sayı doqquza çatır. 2017, 2018, 2019, 2021-ci illərdə keçirilən nümayişlər dövlətə ciddi təsir edən nümayişlər kimi yadda qalsa da, bugünkü qarşıdurma öz xüsusiyyətləri, iştirakçı qüvvələri, davamlılığı, əhatə dairəsi baxımdan bənzərsizdir. “Qadın, Həyat, Azadlıq” şüarı İran cəmiyyətinin bütün təbəqələrini əhatə etmək üçün kifayət edir”.

Politoloqun fikrincə, İran cəmiyyətinin ən tanınmış nümayəndələrinin – aktyorların, şairlərin, idmançıların, ziyalıların da fəal iştirak etdiyi nümayişlərin qarşısının alınması artıq mümkün deyil:

“Nümayişçilər tərəfindən “Molotov kokteyli”nin istifadə olunması və bu kokteyl vasitəsi ilə “Bəsic” silahlılarının, dini hövzələri və din xadimlərinin evlərinin atəşə verilməsi də məhz bu son nümayişlər zamanı ortalığa çıxan səciyyəvi xüsusiyyətlərdəndir. Baş örtüklərinin nümayişkaranə şəkildə çıxardılıb atəşə verilməsi, ruhanilərin çalmalarının başından vurulub salınması da əvvəlki mitinqlər zamanı baş verməyib. İran nümayişçilərinin qorxu hissinə qalib gəldikləri göz önündədir və onları artıq heç nə ilə qorxutmaq mümkün deyil”.

Ekspert İran iqtisadiyyatının da İran İslam İnqilabından bəri ən ağır günlərini yaşadığını qeyd edib:

“Dövlət büdcəsi qarşıda duran vəzifələri yerinə yetirmək iqtidarında deyil. Neft və qaz sənayesi iflas həddinə çatıb. Milli valyuta olan rial bir dollarla müqayisədə 401 000 (dörd yüz bir min) həddinə qədər aşağı düşüb. İnflyasiyanın səviyyəsi 50 faizi keçib. Zəruri ərzaq mallarının qiyməti son günlər iki dəfədən artıq artıb.

İranın aparıcı dövlətlərlə nüvə proqramı sahəsində apardığı danışıqlar da nəticəsiz qalıb. Nümayişçilərə tutduğu divan və Rusiyaya satdığı silahlar müqabilində sanksiyaların sayı və əhatəsi hər keçən gün artırılır”.

Ə.İbrahimov hesab edir ki, İranın əvvəlki qarşıdurmalarda olduğu kimi bu dəfə də vəziyyətdən çıxa biləcəyi mümkün deyil:

“Molla rejimi uçuruma lap yaxınlaşır. Vəziyyətin bu qədər dramatik olmasına baxmayaraq, hökumət nə insanlara qarşı repressiyalardan əl çəkir, nə də iqtisadi vəziyyəti qaydaya salmaq üçün addımlar atır. Çünki öz imkanlarını daha yaxşı bilən hökumət atdığı addımların nəticəsiz qalacağına əmindir. İranda hazırda ciddi struktur dəyişikliklərinə ehtiyac var ki, bu dəyişikliklər də rejimin zəifləməsi ilə nəticələnəcək.

Rejim sanki reallıq hissini itirib və qəddarlıqla istədiyinə nail olmağı düşünür”.

Gülnar Səlimova
Globalinfo.az