Giqantların toqquşması: Putin “savaşı dayandıraq” dedi, o yayındı

“Böyük dövlətlər arasında mübarizə özünü “Böyük iyirmilər”in (G20) Dehlidə keçirilən onlayn sammitində göstərdi. Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Baqçi bildirmişdi ki, Dehli G20-nin onlayn sammitinə mümkün qədər çox liderin iştirakı üçün dəvətlər göndərib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə ABŞ Prezidenti Co Bayden və Çin lideri Si Szinpin onlayn sammitində iştirak etmədilər:

“Szinpinin iştirakdan yayınması Çinlə Hindistan arasında sərhəd məsələsinin həll olunmaması ilə bağlıdır. İki ölkə arasındakı münasibətlərdə sualların sayı azalmayıb. ABŞ Prezidenti Co Bayden isə Dehlidəki onlayn sammitdə iştirak etməsə də, Vaşinqton Hindistanla strateji əlaqələrə xüsusi əhəmiyyət verir. ABŞ Hindistana müxtəlif növ silah tədarükünü artırıb.

Rusiya Prezidenti Vladimir Putin isə onlayn sammitə qatılaraq müxtəlif məsələlərlə bağlı fikirlərini bildirdi. Halbuki Putin Dehlidə sentyabrda keçirilən sammitə qatılmamamışdı. Putin onlayn sammitdə hətta onu da bildirdi ki, müharibələrin əleyhinədir, Ukrayna ilə danışıqların başlanılmasının tərəfdarıdır. Ancaq danışıqların başlaması üçün Rusiya ordusu Ukrayna ərazisini tərk etməlidir. Putin buna hazır deyil.

Elxan Şahinoğlu

Narendra Modi qısa zaman kəsiyində Dehlidə iki sammit keçirməklə beynəlxalq aləmdəki problemlərin həllində irəliləyişə ümid edirdi. Problemlər həll olunmasa da, fikir mübadiləsi davam edir. Ən mürəkkəb problemlərdən biri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin davamıdır. Ancaq Dehlidəki sammitlərin yekun bəyanatlarında bu müharibəyə toxunulmadı. Bu ona görə baş vermədi ki, bəyannaməyə Rusiya-Ukrayna müharibəsi ilə bağlı bəndin salınması liderlər arasında ciddi ixtilafa səbəb olacaqdı və bu halda yekun sənəd qəbul edilməyəcəkdi. Narendra Modi isə sammitin bu şəkildə yekunlaşmasını istəmirdi.

Hindistanın sədrliyi ilə 12-13 oktyabr tarixlərində Mərakeşdə “Böyük iyirmilər”in maliyyə nazirlərinin və Mərkəzi Bank rəhbərlərinin görüşü də keçirilib. Liderlər beynəlxalq aləmdəki müharibə və gərginlikləri müzakirə etsələr də, dünya iqtisadiyyatını da unutmur, inflyasiya ilə mübarizənin vacibliyini nəzərə alırlar. İqtisadi sabitlik böyük dövlətlər üçün vacibdir. Təsadüfi deyil ki, Narendra Modi onlayn sammitdə çıxışında regional münaqişələr və Qəzzada müharibənin dayandırılması ilə yanaşı, dünya iqtisadiyyatının problemləri barədə də fikirlərini bildirib.

Gələn ildən “Böyük iyirmilər”ə Braziliya sədrlik edəcək. Braziliya də Hindistan kimi siyasi və iqtisadi çəkisini artırmağa çalışır”.

Turan Rzayev
Globalinfo.az