Xəbər verdiyimiz kimi, Slovakiyanın 59 yaşlı baş naziri Robert Fitso hökumətin iclasından sonra Bratislavanın şimal-şərqindəki Handlovda güllələnib.
Globalinfo.az xəbər verir ki, Slovakiyanın baş nazirinə qarşı sui-qəsd cəhdinin yeni təfərrüatları üzə çıxıb.
Bildirilir ki, baş nazir qarın və qol nahiyəsindən güllə yarası alıb.
71 yaşlı qatil qaçmaq istəyərkən polis tərəfindən tutulub.
Şahidlərdən biri Slovakiyanın “Dennik” xəbər saytına açıqlamasında baş nazirin əraziyə toplaşan insanları salamlamaq üçün binadan çıxdığını deyib. Bundan sonra bir neçə dəfə atəş açılıb və Robert Fitso yaralanıb.
“The Herald” qəzetinin yazdığına görə, baş naziri qarşılamaq üçün gözləyən şahidlərdən biri hadisəni belə təsvir edib: “Mən onun əlini sıxmaq istəyirdim ki, atəş səsləri eşidildi. Atışma başlamazdan əvvəl izdiham içindən kimsə “Robert, bura gəl” deyə qışqırdı”.
Rumıniyanın “Digi24” xəbər kanalının məlumatına görə, Fitso ən azı iki güllə yarası alıb.
Hücumdan sonra Slovakiyanın prezidenti və Robert Fitsonun müttəfiqi Peter Pelleqrini bildirib ki, baş nazirə sui-qəsd Slovakiya demokratiyası üçün ciddi təhlükə yaradır:
“Başqa siyasi baxışlara nifrətin nəyə gətirib çıxardığı göz önündədir. Biz hər şeydə razılaşmaq məcburiyyətində deyilik. Lakin fikir ayrılığımızı demokratik və hüquqi yolla ifadə etməyin bir çox yolu var”, – prezident vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az