Putin yeni komanda ilə nə qazanacaq, nə itirəcək? – Diqqət yetirilən iki məqam

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimindən sonra Nazirlər Kabineti tam tərkibdə istefaya gedib. V.Putin yeni hökuməti qısa zamanda formalaşdırıb.

Diqqətçəkən məqamlardan biri də bəzi şəxsləri hökumətdə saxlayan V.Putinin Sergey Şoyqunu müdafiə naziri postundan göndərib, yerinə Andrey Belousovu gətirməsidir.

Putin yeni komanda ilə nə qazanacaq, nə itirəcək?

Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, Putin özünə sadiq komanda yaradıb:

“Putinə yeni hökumətdə sadiq, onun tapşırıqlarını yerinə yetirəcək müxalif olmayan şəxslər lazımdır. Diqqətçəkən digər bir məqam isə şübhəsiz mövcud Rusiya-Ukrayna müharibəsidir.

Putin yeni hökumətin üzvlərini müharibədəki itkilər, ordudakı özbaşınalıqlar, habelə iqtisadi geriləməni nəzərə alaraq təyin edib. Misal üçün, Sergey Şoyqunu müdafiə naziri postundan göndərib, yerinə Andrey Belousovu gətirmək sırf bu məqsədlə idi.

Turab Rzayev

Bu günə qədər Rusiya Təhlükəsizlik Şurası daha çox söz sahibi idisə, bundan sonra Putin orada özü birbaşa nəzarət edəcək. Çünki Şoyqu Patruşev kimi ola bilməz. Putin xüsusilə iqtisadi geriləmənin aradan qalxmasını istəyir. Yeni hökumətin əsas missiyası bu olacaq”.

Politoloq Elxan Şahinoğlu isə deyib ki, Putin Şoyqunu istefaya göndərməyə ehtiyat edirdi:

“Çünki bu halda Kreml sahibinin müharibənin gedişatından narazı qaldığı büruzə veriləcəkdi. Prezident seçkisindən sonra hökumətdə yerdəyişmələr üçün münbit zəmin formalaşdı.

Putin 65 yaşlı iqtisadçı Andrey Belousovu iki səbəbdən müdafiə naziri təyin edib.

Birincisi, Putin ordudakı korrupsiyadan narazıdır, hərbiyə və müdafiə sənayesinə ayrılan pulların bir qismi generalların varlanmasına xidmət edir. Putin Belousovdan orduda korrupsiya hallarını ortadan qaldırmağı tələb edəcək.

İkincisi, Belousov ordunun təchizatını modernləşdirməlidir.

Elxan Şahinoğlu

Andrey Belousovun müdafiə naziri təyin edilməsi göstərir ki, Putinə bu vəzifədə peşəkar hərbçi lazım deyil. Kreml sahibinə ordunun maliyyəsinə və təchizatına nəzarət edən texniki müdafiə naziri lazımdır. Müharibəyə Baş Qərargah rəisi və onun müavinləri başçılıq edirlər və onlar birbaşa Putinə hesabat verirlər.

Kreml sahibinin Nikolay Patruşevi Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsindən uzaqlaşdırmasının da mənası var. Patruşev bu vəzifədə ikən yerli və xarici ekspertlər Putinin onu varis kimi seçəcəyini ehtimal edirdilər. Putin bu ehtimalların üstündən xətt çəkdi.

Putin Şoyqunu yanında saxlamaq istəyir. Ancaq Şoyqu müharibə gedişatında Putinin etimadını doğrultmayıb. Müharibə qısa müddətdə Rusiyanın xeyrinə bitsəydi, Şoyqunun Putinin varisi olacağı ehtimalı artacaqdı”.

Turan Rzayev
Globalinfo.az