Serjiklə Robert Bakıya belə gətirilə bilər – Kritik ssenari

Erməni jurnalist Natali Aleksanyan Globalinfo.az-a müsahibəsində qeyd edib ki, son 30 ildə erməni və Azərbaycan xalqlarının başına gətirilən bütün bəlaların əsas günahkarları Robert Köçəryan və Serj Sərkisyandır.

“Bütün Qarabağ hekayəsinin başladığı “miatsum” hərəkatının təşəbbüskarları və xaç ataları məhz bu şəxslərdir. Onlar dövlət cinayətkarlarıdır, Ermənistanın cinayət məcəlləsinin bütün mümkün maddələrini pozublar və pozmaqda davam edirlər” – Aleksanyan bildirib.

Jurnalistin bu sözləri yenidən bir mövzunu aktuallaşdırır: Ermənistan baş naziri Nikol Paşinyan Serj Sərkisyan və Robert Köçəryanı həbs edib, Azərbaycana təhvil verə bilərmi? Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev belə bir tələblə çıxış etsə, o, buna necə cavab verəcək?

Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, Azərbaycan Rusiya oliqarxlarından olan Ruben Vardanyanı həbs edərək Köçəryan və Sərkisyanın həbsini Ermənistanın öhdəsinə buraxdı:

“Əslində rəsmi Bakı bu məsələdə çox ağıllı gediş etdi. Belə ki, bir qisim terrorçu bu gün Bakıda saxlanılır. Digər qisminə isə İrəvanda cinayət işləri açılıb. Araşdırma gedir.

Hesab edirəm, bu gün Serj Sərkisyan və Robert Köçəryanın Ermənistanda həbs edilməsi mümkündür. Prosesin bu günə qədər reallaşmamasının səbəbi isə sırf Qərbdən gələn etirazlar ilə bağlıdır. Azərbaycan Ermənistanla sülh prosesini daha prioritet saydığı üçün gərginliyə səbəb olacaq addımlar atmır. Yəni bu iki şəxsin Ermənistandan istənilməməsinin səbəbi məhz sülh prosesi ilə bağlıdır”.

Q.Aslanlı deyib ki, Azərbaycan bu gün olmasa da gələcəkdə belə bir tələb irəli sürə bilər:

“Lakin bu iki şəxsin Ermənistanın keçmiş rəhbərləri olması da prosesi çətinə salır. Yəni bu məsələ gələcəkdə həllini tapa bilər. Bu gün isə daha prioritet məsələ sülh prosesidir”.

Turan Rzayev
Globalinfo.az