“Natiq Mehdi Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsində təhsil alıb. Ölüm xəbərini eşidəndən özümə gələ bilmirəm”.
Bu sözləri Globalinfo.az-a Müsavat Məclisinin sədri, BDU-nun dosenti Nüşabə Sadıqlı Müsavat Partiyasının üzvü Natiq Mehdinin qətlə yetirilməsi haqda danışarkən bildirib.
O, qətlin təfərrüatını dəqiq bilmədiyini deyib:
“Təəssüf ki, bəzən ölkəmizdə otu itin, əti isə atın qarşısına qoyurlar. Təsəvvür edin, ali savadlı insan məktəbdə gözətçi çalışırdı, amma hansısa qatil, qoluyoğun idmançı direktor müavini kimi işləyir. İstintaq aparılır deyə, hələlik hadisənin başvermə səbəbi məlum deyil.
Nüşabə Sadıqlı
Natiq bəy 3 gün idi itkin düşmüşdü. Sonda məlum oldu ki, qətlə yetirilib. Deyilənə görə, hadisə gecə saat 12 radələrində baş verib. Qatil onu aparıb basdırıb da. Axtarış zamanı məlum olub ki, cinayəti direktor müavini törədib. Etdiyi əməli də saxlanıldıqdan sonra etiraf edib”.
N.Sadıqlı Natiq Mehdinin ailəli olduğunu qeyd edib:
“Evli idi, övladları da var. Natiq çox sakit insan idi. Belə bir adamın kiminləsə nə boyda konflikti ola bilər ki, bu cür qətlə yetirilsin? Özü də deyilənə görə, dəhşətli şiddət göstərilib, amma necə qətlə yetirildiyi məlum deyil. Bəzi insanlara quduzluğa qarşı iynə vurmaq lazımdır. Bir onu deyə bilərəm ki, Natiq bəy həm savadlı, həm də davadan uzaq adam idi. Allah rəhmət eləsin. Yəqin, yaxın günlərdə hadisənin səbəbi məlum olar”.
Qeyd edək ki, Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi məktəb direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri), fiziki idman müəllimi Elsevər İslamov tərəfindən qətlə yetirilib.
Zaira Akifqızı
Globalinfo.az