
“Gürcüstan parlamenti 14 mayda xarici agentlər haqqında “Rusiya” qanunu kimi damğalanmış “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü və yekun oxunuşda qəbul etdi.
Hakim “Gürcü arzusu” partiyasının 84 deputatı və onun nəzarəti altında olan parlament üzvləri qanunun qəbul edilməsinin lehinə səs verib. Parlamentin müxalifətə aid 30 üzvü qanuna qarşı çıxıb”.
Bu sözləri Globalinfo.az-a politoloq Əlimusa İbrahimov deyib.
Onun sözlərinə görə, səsvermədən sonra qanun layihəsi imzalamaq üçün prezidentə təqdim olunacaq:
“Dövlət başçısı Salome Zurabişvili artıq sənədə veto qoyacağını bəyan edib. Amma prezidentin bu vetosu qanunun həyata vəsiqə almasına mane ola bilməyəcək. Çünki hakim partiya vetonu ləğv etmək niyyətindədir və buna yetərincə imkanı var. Belə ki, prezidentin vetosundan sonra qanun iki həftə ərzində yenidən parlamentə qaytarılacaq.

Əlimusa İbrahimov
Parlament qanunu yenidən müzakirəyə çıxararaq sadəcə bir səs çoxluğu ilə qəbul edə bilər. Bundan sonra isə Konstitusiya Məhkəməsində qanuna baxılaraq təsdiq olunacaq. Beləliklə, başıbəlalı qanun qüvvəyə minəcək. Bütün hüquqi prosedurları keçmək üçün iki-üç ay vaxt tələb olunur. Beləliklə, oktyabrda baş tutacaq parlament seçkiləri ərəfəsində “Gürcü arzusu” partiyasının əlində müxalifətə qarşı istifadə etmək və onun seçki prosesi zamanı fəaliyyətini ciddi şəkildə məhdudlaşdıra biləcək ciddi mexanizm olacaq”.
Politoloq deyib ki, parlamentdə səsvermə çoxsaylı etirazçıların “Rusiya qanununa yox!”, “Qullar” şüarları səsləndirdiyi fonunda keçirilib:
“Gürcüstanın Tbilisi, Kutaisi və digər şəhərlərində etiraz aksiyaları bir aya yaxındır ki, davam edir. Bəs xarici agentlər haqqında qanun nəyi nəzərdə tutur?
“Xarici təsirin şəffaflığı haqqında” qanun adı altında parlamentdə müzakirəyə çıxarılaraq təsdiq edilən layihənin müəllifi və təşəbbüskarı “Gürcü arzusu” fraksiyasıdır. Qanunda “şəffaflığın təmin edilməsi məqsədi ilə” gəlirlərinin 20%-dən çoxu xarici ölkələrdəki fondlardan ayrılan hüquqi və fiziki şəxslərin, media subyektlərinin xarici dövlətin maraqlarını güdən təşkilat kimi qeydiyyata alınması nəzərdə tutulur.”
Layihəyə əsasən, “xarici dövlətin maraqlarını təbliğ edən təşkilat” hesab edilən hər bir şəxs eyniadlı məlumat bazasında dövlət reyestrində qeydiyyatdan keçməlidir. Fiziki və hüquqi şəxslər qeydiyyat zamanı alınan vəsaiti və onun istifadə olunduğu istiqamətləri əks etdirməli olacaqlar. Eyni zamanda, təşkilatlardan hər il maliyyə bəyannaməsi doldurmaq tələb olunacaq ki, burada da vəsaitin nəzərdə tutulan məqsədlərə sərf olunduğu təsdiq olunmalıdır”.

Ə.İbrahimovun sözlərinə görə, qanun layihəsi Gürcüstanın Ədliyyə Nazirliyinə istənilən vaxt QHT-lərə nəzarət və monitorinq həyata keçirmək səlahiyyəti verir:
“Həmin layihəyə əsasən, monitorinqin başlanması üçün Ədliyyə Nazirliyinin müvafiq səlahiyyətli şəxsinin qərarı və nazirliyin verilmiş müvafiq yazılı müraciət əsas olacaq.
Xarici dövlətin maraqlarını güdən təşkilat kimi qeydiyyatdan yayınmağa və ya bəyannamə doldurmamağa görə təşkilatı 25 min lari (10 min dollara qədər) cərimə gözləyir.
Beləliklə, bu qanun xaricdən maliyyələşdirilən fiziki və hüquqi şəxslərə dövlət tərəfindən tam nəzarət olunmasına gətirib çıxaracaq ki, bu da istənilən zaman onların siyasi fəaliyyətlərinin məhdudlaşdırılması ilə nəticələnəcək. Qanunun tətbiqinə başlanılması oktyabr seçkilərinə hazırlıq zamanı müxalifət qüvvələrini ciddi maliyyə resurslarından məhrum edilməsinə səbəb olacaq. Bu da “Gürcü arzusu” fraksiyasının yenidən qalib gələrək iqtidarda qalmasını təmin edəcək.
Gürcüstan Prezidenti Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsinin qarşısını ala bilməməsi onun Gürcüstanın siyasi həyatında ciddi rol oynamadığını bir daha sübut edəcək. Qanun təsdiqlənərsə, onun istefa verib, müxalifətə qoşulmaqdan başqa yolu qalmayacaq. Bəlkə bu vasitə ilə Fransanın yetirməsi olan Zurabişvili xaricdəki ağalarına daha çox fayda verə bilər”.
Turan Rzayev
Globalinfo.az