GOP29 Təşkilat Komitəsinin tərkibi niyə dəyişdirildi? – Tanınmış qadınların siyahıya salınmasının səbəbləri

Xəbər verdiyimiz kimi, COP29 Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda diqqətçəkən əsas məsələ siyahıda Təşkilat Komitəsi üzvləri arasında qadınların sayının çox olmasıdır.

İndiyə kimi belə tədbirlərdə, Təşkilat Komitələrində bu sayda qadın təmsil olunmurdu. Bu ondan xəbər verir ki Azərbaycan dövləti qadınların ictimai-siyasi proseslerdə rollarının artırılmasına çalışır. Əslində, bu, Prezident İlham Əliyevin bir neçə il öncə bəyan etdiyi siyasi xətlə üst-üstə düşür.

Globalinfo.az saytının təsisçisi Azər Ayxan deyib ki, COP29 Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilməsi haqda Prezident İlham Əliyevin Sərəncam imzalaması olduqca müsbət haldır:

“Bu siyahıda Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri olan qadınların adlarını görmək çox xoşdur. Prezident qadınların ölkə həyatında rollarının artırılmasını hər zaman dəstəkləyib və bu istiqamətdə ciddi addımlar atılır. Belə görünür, gender bərabərliyi ilə bağlı tendensiya artan istiqamətdə gedəcək”.

Azər Ayxan

Azər Ayxan qeyd edib ki, qadınların ölkənin ictimai-siyasi həyatında rol almalarında Birinci vitse-prezident Mehriban Əliyevanın da ciddi rolu var:

“Mehriban Əliyevanın ictimai və siyasi fəaliyyəti Azərbaycanda qadınlar üçün hər zaman örnək və motivasiya mənbəyi olub. Mehriban Əliyeva son 20 ildə dünyaya nümunə olacaq birinci ledi obrazı yaratdı, bunu institutlaşdırdı. Paraleldə Heydər Əliyev Fonduna çox uğurla rəhbərlik edir. 2017-ci ilin fevral ayından isə ölkənin ikinci rəsmi şəxsi vəzifəsini – Birinci vitse-prezident postunu uğurla həyata keçririr”.

Mehriban Əliyeva

A.Ayxanın sözlərinə görə, hazırda Azərbaycanda xeyli yüksək vəzifələrdə qadınlar təmsil olunurlar:

“Sahibə Qafarovanın Milli Məclisin sədri vəzifəsinə gətirilməsi də bu siyasətin ən bariz nümunələrindəndir. Hazırda xeyli sayda nazir müavini, deputat, icra hakimiyyəti başçısı müavini, komitə sədri, publik hüquqi şəxs rəhbəri qadınlar var. Diplomatik sahədə də xanımların rolunu görürük. Bu sırada Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın adını qürurla çəkə bilərik. COP29 Təşkilat Komitəsinin tərkibinə xeyli sayda qadının salınması bütövlükdə Azərbaycan qadınlarına olan etimadın göstəricisidir”.

Azər Ayxan bir məsələyə də diqqət çəkib:

“Mən həm də QHT sədriyəm. Prezidentinin müvafiq Sərəncamı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Təşkilat Komitəsində təmsil olunması qürurvericidir. Bu, həm də vətəndaş cəmiyyəti institutuna, QHT sektoruna olan böyük inam və etimadın göstəricidir. İnanırıq ki, hörmətli Aygün Əliyeva vətəndaş cəmiyyəti institutunu Təşkilat Komitəsində layiqincə təmsil edəcək. Prezident bununla o mesajı verir ki, Azərbaycanın inkişafında və beynəlxalq aləmdə daha da yaxından tanınmasında vətəndaş cəmiyyətinin fəaliyyətinə ehtiyac duyur və bu instituta, onun təmsilçilərinə güvənir”.

QHT Agentliyinin Müşahidə Şurasının üzvü, Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova deyib ki, əslində, COP29-un əvvəlki tərkibi elan olunanda beynəlxalq təşkilatlar və bəzi qərəzli mətbuat orqanları dərhal buna reaksiya vermişdilər.

O bildirib ki, Azərbaycanda bu qədər pozitiv dəyişikliklər, uğurlar baş verdi, lakin buna heç bir beynəlxalq mətbuat reaksiya vermədi, amma kiçik bir texniki iş olsa dərhal reaksiya verirlər:

Günel Səfərova

“Düzü, uzun müddət Azərbaycanda gender bərabərliyi ilə yanaşı bərabər imkanların da yaradılması ilə mübarizə aparan bir insan kimi, xanımların komitəyə üzv olmaları məni yalnız sevindirir. Bu, çox yaxşı haldır. Ona görə yaxşı haldır ki, bu, yalnız formal xarakterdə gender bərabərliyinin təmini deyil. Əgər tərkibə baxsaq, görərik ki, cəmiyyətdə hörmət edilən, kifayət qədər işgüzar və öz sahəsində çox yaxşı işlərə imza atan xanımlar o qrupa əlavə olunublar. Məni sevindirən hallardan biri də, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin həmin qrupda yer almasıdır. Çünki özüm oranın Müşahidə Şurasının üzvəyəm. Bunun vətəndaş cəmiyyəti sektoruna verilən qiymət olduğunu deyə bilərəm”.

G.Səfərova deyib ki, Qarabağı azad edən zaman Azərbaycan ərazilərinin vandalcasına talanmasının, ermənilər tərəfindən ekologiyamıza ziyan vurulmasının şahidi olduğumuz üçün bu baxımdan Azərbaycanda COP29-un keçirilməsi olduqca əhəmiyyətlidir:

“Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi vacib məsəldir. Təxmini yüz minlərlə xarici turist, digər ölkələrin nümayəndələri Azərbaycana gələcək. Belə bir böyük masştabda tədbirin ölkəmizdə keçirilməsi həm siyasi, həm ictimai əhəmiyyətlidir. Üstəlik Azərbaycan iqtisadiyyatına qazanc verəcək. Belə gözəl prosesin tərkibində sözsüz ki, qadınların iştirak etməsi bizi sevindirir. Dünən bu xəbəri alan kimi, bununla bağlı paylaşım edərək ölkə başçısına təşəkkür etdim. Fikir verin, orada konkret olaraq işgüzar, bu sahəyə tövfə verən xanımlar təmsil olunur. Azərbaycanda keyfiyyətli iş görən xanımlarımız çoxdur. Sözsüz ki, bizdə beynəlxalq tədbirlərin hər birində Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın birbaşa iştirakı olub. Biz bilirik ki, Birinci vitse-prezident bu məsələlərə həssas yanaşır, hər şeyin yüksək səviyyədə təşkil olunmasına çalışır. Xanımların komitəyə üzv seçilməsi həm bizə qarşı qərəzli münasibət bəsləyən beynəlxalq qurumlara, həm təşkilatlara bir cavab, həm də daxilə yaxşı mesajdır ki, biz bərabər hüquqlarla yanaşı, bərabər imkanlarla da təmin olunacağıq”.

Təşkilat Komitəsində təmsil olunan xanımların adlarını təqdim edirik:

Aygün Əliyeva – Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru

Səbinə Əliyeva – Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)

Sevinc Fətəliyeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

İlhamə Qədimova – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Bahar Muradova – Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Zəkiyyə Mustafayeva – Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini

Firuzə Sultanzadə – “EkoSfera” Sosial Ekoloji Mərkəzi İdarə Heyətinin sədri

Umayra Tağıyeva – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Mariana Vasileva – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini.

Səadət Yusifova – Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini”.

Zaira Akifqızı
Globalinfo.az