Dövlətin qəzetlərə ayırdığı pul hara gedir? – Müasir Azərbaycan mediasının “casper”i

Amerikalı milyarder İlon Maskın çap mediası ilə bağlı sözləri dünya gündəmində müzakirələrə səbəb olub. Mask deyib: “Qəzetlərdə dərc olunan xəbərlər tam anlamı ilə dünənin xəbərləridir”.

Məlumatlara görə, Azərbaycanda çıxan qəzetlərin tirajı üst-üstə 30 min deyil. Çap mediasının ictimai rəyə təsir imkanları da əsasən, zəif kimi dəyərləndirilir. Maskın sözügedən paylaşımı həmçinin Azərbaycanda da qəzetlərin fəaliyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Doğurdan da qəzet mərhələsi bitdimi? Azərbaycanda çıxan qəzetlərin tirajı və ictimai təsir imkanlarının da yüksək olmadığı bildirilir. Əgər belədirsə, bu sahəyə dövlət tərəfindən vəsaitin ayrılması nə dərəcədə arzuolunandır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan media eksperti Yadigar Məmmədli bildirib ki, qəzetçilikdə xəbər missiyası arxa plana keçirilib:

“Ümumiyyətlə bu yeni fikir deyil. Sadəcə İlon Mask indi səsləndirdiyi üçün daha çox müzakirə olunan məsələyə çevrilib. Həqiqətən də, qəzetdə axşam çapa verilən və bu gün nəşr olunan xəbərlər artıq köhnəlir, dünənin xəbərləridir. Lakin qəzetçilik yalnız bundan ibarət deyil. Artıq yeni media növləri – televiziya, radio, onlayn media, hətta sosial şəbəkələr yarandıqdan sonra təbii ki, qəzetin artıq ilk xəbər yayımlamaqla bağlı heç bir iddiası da yoxdur. Qəzetçilikdə xəbər missiyası arxa plana keçirilib. Məsələ odur ki, əsl qəzetçilikdə vəziyyət fərqlidir. Dünyada da belədir ki, qəzet dünən baş verən hadisələrin, xəbərin geniş izahını verir. 3-4 cümləlik xəbərdə yayımlanmayan, arxa planda, gizlin qalan məsələlər varsa, onlar araşdırılır və növbəti gün daha ətraflı yayımlayır. Hətta qəzetlərdə daha çox araşdırma yazılarına yer verilir”.


Yadigar Məmmədli

Ekspert qeyd edib ki, qəzet dünya mətbuatından fərqli olaraq Azərbaycanda lazımı şəkildə formalaşmadı:

“Məlumdur ki, burada imzası tanınan, yaxşı auditoriyası olan müəlliflər, köşə yazarları var. Xüsusilə köşə yazarları ən prestijli imzalardandırlar. Əgər hər hansı bir köşə yazarı bu və ya digər səbəbdən qəzetini dəyişsə belə, arxası ilə neçə min oxucu aparır. Dünyada bu təcrübə var, Rusiya, Türkiyə kimi ölkələrdə hələ də mövcuddur, lakin bizdə bu ənənə yoxdur. Ölkəmizdə nəyə görəsə qəzetçilik ümumiyyətlə əvvəldən düzgün formalaşa, inkişaf edə bilmədi. Qəzet dünyada mövcud olan prosesdən keçməli, bir holdinq olmalı idi. Məsələn, Türkiyə modelini götürək. Burada hər hansı qəzetin ölkə üzrə yayımlanan çox ciddi televiziya kanalına bağlılığı var. Həmçinin onun məxsus olduğu holdinqin daxilində yayım, çap işlərini həyata keçirən xüsusi qurum var. Yəni tam bir media qurumu kimi fəaliyyət göstərir. Qəzet sadəcə bir mətbəədə hazırlanıb, digərində çapdan çıxmaqdan, qurumla müqavilə bağlayıb yaymaqdan ibarət deyil. Bu çox primitiv formadır və dünya bu yolu çoxdan keçib. Təəssüf ki, Azərbaycanda bu məsələ bu gün də qalmaqdadır”.

Y.Məmmədli hazırda ən az oxunan media vasitəsinin qəzet olduğunu deyib:

“Bizdə bütün sözügedən dünya nümunələri formalaşmadığı üçün qəzetin səviyyəsi qalxmadı. Çünki imkanları zəifdir. Lakin dediyim kimi holdinq formatında bu media vasitəsi öz yerini qoruyur. Doğrudur, dünyada qəzetlərin tirajının azlması ilə bağlı bir trend var. Lakin ümumilikdə əhəmiyyət kəsb edən qəzetlər həm ABŞ, həm Avropa, həm də keçmiş postsovet ölkələrində oxunurlar. Əgər dövlət tərəfindən qəzetlərə pul ayrılmasaydı, onlar indiki günə gəlib çıxa bilməzdilər. Ona görə ki, ölkədə bu sahədə uyğun reklam şərtləri yoxdur. Bu dəstək qəzetlərin varlığını qorumasına görədir. Çünki bu media vasitəsi həm də dövrümüzün arxividir. Hər hansı bir dövr araşdırılanda mütləq o zaman çıxan qəzetlərə nəzər salınır. O baxımdan dövlətin çap mediasına dəstəyi təqdirəlayiqdir. Lakin o pullar necə xərclənir, bu artıq tamam başqa bir mövzudur. Bizdə ümumiyyətlə qəzetçilik sahəsində ciddi problemlər var”.

Globalinfo.az saytının təsisçisi Azər Ayxan deyib ki, indi ən yaxşı variant o olar ki, qəzetlər həftədə bir dəfə çıxsınlar:

Dövlət həftədə 5 dəfə çap olunan qəzetə ayda 15 min manat pul yardımı verir. Həmin redaksiyalar nə gəlir əl edirlər, nə cəmiyyətə fayda verirlər. Yararsız bir məşğuliyyətə çevrilib. Ən tirajlı qəzet 1500 nüsxə ilə çıxır. Onun da 80-85 faizi satılmadan geri qayıdır. Günə 200-300 nüsxə qəzet satdıra bilməyən redaksiyaya dövlət niyə ayda 15 min manat pul verir? Hesablayanda 1 nüsxə qəzet görün dövlətə neçəyə başa gəlir”.

 Azər Ayxan

Azər Ayxan deyib ki, həmin qəzetlərin rəhbərlərinin azacıq insafı olsa bundan imtina edərlər:

“Başqa vaxtı büdcə talançılığından danışırlar, tənqid edirlər, amma özlərinin əməli də büdcəni talamaqdır. Verilən maliyyə yardımının xərclənməsi təftiş olunarsa, ortaya çox ciddi yeyinti çıxacaq. Qəzetlər medianın inkişafının qarşısında bir səddir. Bu səddi aradan qaldırmağın zamanı çoxdan çatıb. Deyilər, qəzetlər gələcək üçün arxiv rolu oynayır. Tamam, olsun. Həftədə 1 dəfə çıxanda arxiv olmaqdan məhrum qalırlar?. Bunlar hamısı bəhanədir. Azərbaycan tamam yeni mərhələyə qədəm qoyub. Hər kəs bu mərhələyə uyğunlaşmağı bacarmalıdır”.

Ayşən Mustafa
Globalinfo.az