Diplomatiyada “persona non qrata” ənənəsinin tarixi – Bakı və Paris niyə bir-biri üçün arzuolunmaza çevrildi?

Azərbaycan xüsusi xidmət orqanlarının keçirdiyi sonuncu əməliyyatlar nəticəsində Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini icra edən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Bu şəxslərin birbaşa Fransa Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) ilə əlaqədə olması, Fransa səfirliyindən koordinasiya edilməsi faktı da ortaya çıxıb. Məhz bundan sonra Fransa səfirliyinin iki əməkdaşı “persona non grata” elan edildi.

Ardınca rəsmi Paris heç bir əsası olmadan Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşı ilə bağlı bənzər addımı atıb.

Bu proses öz növbəsində “persona non grata”, yəni “arzuolunmaz şəxs” anlayışının nə olduğu, nə üçün tətbiq edildiyi kimi məsələləri gündəmə gətirib.

Globalinfo.az bildirir ki, latınca “personae non gratae” — “arzuolunmaz şəxs” kimi tərcümə edilir. Ölkələr arasında yaranan böhranlarda diplomatiyada tez-tez istifadə edilən bir termindir.

1961-ci ildə qüvvəyə minmiş və beynəlxalq münasibətlərdə tənzimləmələri nəzərdə tutan Vyana Konvensiyasının 9-cu maddəsinə və 1963-cü ildə qüvvəyə minmiş Vyana Konvensiyasının 23-cü maddəsinə əsasən, bir dövlət öz ərazisində olan xarici missiyanın nümayəndəsini “arzuolunmaz şəxs” adlandıra bilər.
Bununla belə, “persona non grata” elan edilən xarici missiya rəsmisi diplomatik statusunu saxlamaq hüququna malikdir. Həmin şəxs fəaliyyət göstərdiyi ölkədən ayrılaraq öz vətəninə geri qayıdır. Əgər həmin şəxs müəyyən müddət ərzində ölkəni tərk etməkdən imtina edərsə, müvafiq ölkə bu vəzifəli şəxsin diplomatik statusunu tanımamaq hüququna malikdir.

Diplomatiyada “persona non-qrata” elanetmə çox nadir hallarda istifadə olunur.

Praktikada bu təcrübəni həyata keçirən ölkə qarşı tərəfin də qisas və qarşılıqlılıq prinsipinə uyğun olaraq eyni qərarı verəcəyini nəzərə almalıdır.

Bu proses xarici missiyanın əməkdaşının işlədiyi ölkədə qeyri-adekvat davranışı, milli təhlükəsizlik üçün təhlükəli əməli və ya törətdiyi xüsusilə ağır cinayətlə əsaslandırıla bilər.

Azərbaycanda 2006-cı ildə ən qalmaqallı “persona non-qrata” olayı baş verib. ABŞ-ın ovaxtkı səfiri Rino Harniş səlahiyyət müddətinin bitməsinə xeyli qalmış tələm-tələsik Bakını tərk etdi. Azərbaycan XİN onu “arzuolunmaz şəxs” elan etmədi, amma faktiki olaraq ölkədən qovuldu. Məlumata görə, buna səbəb 2005-ci ildə keçirilən parlament seçkilərində səlahiyyətini aşaraq siyasi proseslərə müdaxilə etməsi olub. Bu il İranın Bakıdakı səfirliyinin bir neçə əməkdaşı “persona non qrata” elan olunaraq, ölkəni tərk etdilər.

Son belə qalmaqal hazırda Fransa ilə Azərbaycan arasında yaşanır.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Globalinfo.az-a açıqlamasında qeyd edib ki, Fransa casus şəbəkələri Azərbaycanla yanaşı bir çox ölkələrdə ifşa olunub:

Çingiz Qənizadə

“Azərbaycanın təhlükəsizlik qüvvələri o şəbəkənin Fransa səfirliyində olan əməkdaşları ilə bağlı kifayət qədər tutarlı faktlara əsaslandıqlarına görə Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq həmin iki nümayəndə haqqında faktları təqdim etmiş və arzuolunmaz şəxs kimi 48 saat ərzində ölkədən çıxarılması tapşırılıb. Bundan dərhal sonra rəsmi Paris heç bir əsas olmadan cavab kimi Azərbaycanın iki diplomatik nümayəndəsini arzuolunmaz şəxs elan edərək ölkədən çıxartdı. Bu, 1961-ci il Vyana konvensiyasının norma və tələblərinə ziddir. Fransa ölkəmizə qarşı qərəzli yanaşma nümayiş etdirir”.

Onun fikrincə, İran da Fransa kimi Azərbaycana qarşı mövqedədir:

“Səfirliyimizə olan terror aktının planlı şəkildə həyata keçirilməsi, səbəbkarların bu əməlinin cəzasız qalması da deyilənləri əsaslandırır. Tehrandakı səfirliyimiz bağlandıqdan sonra İran guya bu istiqamətdə müsbət addımlar atdığını göstərməyə çalışır. Amma İran Xarici İşlər Nazirliyinin saytında Azərbaycanla bağlı olduqca qərəzli, düşmən mövqe əks etdirən yazılar yerləşdirilir. Bu yanaşmalara rəsmi Bakı təbii ki, adekvat addım atmalıdır”.

Safura Bənnayeva
Globalinfo.az