Bu qərar dərmanların ucuzlaşmasına imkan yaradacaq

 

Tarif Şurası bu gün keçirilmiş iclasında bütün dərman vasitələrinin hazırkı vaxtadək təsdiq edilmiş topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qəbul edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyevin 15 avqust 2023-cü il tarixli Fərmanı ilə “Dərman vasitələri haqqında” Qanunda və bu Qanunun tətbiqi barədə Fərmanda dəyişiklik edilib. Bu dəyişikliklərlə dərman vasitələrinə əlçatanlığın təmin olunması, çeşid sayının, keyfiyyətə nəzarətin artırılması və daha aşağı qiymətə satılması məqsədilə tələblər müəyyənləşdirilib, bununla əlaqədar olaraq aidiyyəti qurumlara bir sıra məsələlərin yaxın zamanlarda həlli tapşırılıb.

Tarif Şurasının bugünkü qərarı məhz həmin dəyişiklikdən irəli gələrək qəbul edilib.

Qeyd edək ki, Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması və əczaçılıq sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir. Bu məqsədə nail olmaq üçün yeni istehsal müəssisələri yaradılır, qanunvericilik təkmilləşdirilir.

Tarif Şurasının qərarı ilə dərman vasitələrinin qiymətinin yuxarı həddinin təsdiq olunması əhaliyə dərmanların aşağı qiymətə alınmasına imkan verəcək.

İndiyədək dərman vasitələri üçün Tarif Şurası tərəfindən vahid qiymət tətbiq olunur, bütün apteklərdə dərman vasitələri həmin vahid qiymətə satılırdı.

Məsələn, Tarif Şurası hər hansı dərman vasitəsinin qiymətini 15 manat olaraq təsdiqləyirdisə, bu, vahid qiymət hesab olunurdu və həmin dərman bütün apteklərdə 15 manata satılmalı idi. Tarif Şurasının yeni qərarından sonra isə təsdiq olunmuş satış qiymətləri yuxarı hədd sayılır, yəni 15 manat həmin dərman vasitəsinin maksimal qiymətidir, apteklər həmin dərmanı 15 manatdan baha sata bilməz. Əksinə, Tarif Şurasının yeni qərarı apteklərin həmin dərman vasitəsini 15 manatdan aşağı satmasına imkan yaradır. Başqa sözlə, bu qərar apteklər arasında rəqabət mühitinin yaranmasına, dərman vasitələrinə əlçatanlığın yaxşılaşdırılmasına və əhalinin dərman vasitələrinin tənzimlənmiş qiymətlərdən aşağı qiymətə almasına imkan verəcək.

Qeyd etmək yerinə düşər ki, Prezidentinin 15 avqust 2023-cü il tarixli Fərmanı ilə əlaqədar olaraq aidiyyəti qurumlara bir sıra digər məsələlərin yaxın zamanlarda həlli də tapşırılıb.

Bunlardan biri dərman vasitələrinin qeydiyyatı ilə bağlıdır. Hazırda dərman vasitələrinin qeydiyyat prosesi üçün 9 aydan çox vaxt tələb olunur ki, bu da yeni dərman vasitəsinin bazara daxil olması üçün 1 ildən çox müddətin keçməsi deməkdir. Dövlət başçısının sözügedən Fərmanında isə maksimum 4 ay ərzində dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsi ilə bağlı tapşırıq müəyyənləşdirilib. Buraya həm standart qeydiyyat prosesinin müddətinin azaldılması, həm də xarici (beynəlxalq) qeydiyyatın tanınması aiddir. Beləliklə, Fərmana əsasən, dərmanların qeydiyyat müddətinin 1-4 ay olması təmin ediləcək.

Qeydiyyat prosesinin sadələşdirilməsi isə ölkəyə dərman idxalını stimullaşdıracaq və əhalinin dərman təchizatının yaxşılaşdırılmasına gətirib çıxaracaq.

Dəyişikliklərdə dərman vasitələrinin dövriyyəsinə nəzarətin gücləndirilməsi də əksini tapıb. Buraya, əsasən, bioloji fəallığa malik qida əlavələrinin dövriyyəsinə nəzarət, bu məhsulların aptek təşkilatlarında dərman vasitələrindən ayrı satılması və bunların dərman vasitəsi olmamasının daha aydın vurğulanması, qeydiyyatda olmayan dərman vasitələrinin reseptə yazılmasının qadağan olunması aiddir ki, bu da əhalinin yaxın gələcəkdə izafi xərclərini azaldacaq.

Dəyişikliklə bağlı digər vacib məqam elektron reseptlərin tətbiqidir. Fərmanda bir neçə ay ərzində elektron reseptlərin yazılmasına imkan verən sistemin tətbiqi barədə tapşırıq verilir. Elektron reseptlərin tətbiqi əhaliyə təyin olunan dərman vasitələrinə nəzarətin gücləndirilməsinə və bioloji fəallığa malik qida əlavələrinin reseptə yazılmasının qarşısının alınmasına müsbət təsir göstərəcək. Bununla yanaşı, reseptə dərman vasitəsinin adının deyil, təsiredici maddənin (beynəlxalq patentləşdirilməmiş ad) yazılması tələbi əhalinin müxtəlif ticarət adlarından lüzumsuz asılılığının azaldılmasına və daha uyğun qiymətə dərman vasitəsi seçmək imkanını artıracaq. Yəni, artıq konkret dərman yox, onun tərkibi yazılacaq, bu da xəstəyə eyni tərkibli çoxsaylı dərman arasında istəyinə və büdcəsinə uyğun olanı almaq imkanı verəcək.

Əlavə edək ki, son illər Azərbaycanda əczaçılıq sənayesinin inkişafı istiqamətində mühüm addımlar atılır, əczaçılıq məhsullarına tələbatın yerli istehsal hesabına ödənilməsi ilə idxaldan asılılığın azaldılması, istehsalın lokallaşdırılması məqsədilə yeni istehsal müəssisələri yaradılır, eləcə də qanunvericilik təkmilləşdirilir.

Ölkədə əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədi ilə dövlət başçısının Sərəncamı ilə Pirallahı Sənaye Parkı yaradılıb. Ümumi ərazisi 30 hektar olan Pirallahı Sənaye Parkında hazırda 6 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib ki, bunlardan da 2-si artıq fəaliyyət göstərir. Rezidentlər tərəfindən Sənaye Parkına 37 milyon manatadək investisiya yatırılıb, 130-dan çox daimi iş yeri yaradılıb. Bundan başqa, mövcud layihələr üzrə əlavə olaraq 30 milyon manata yaxın investisiyanın qoyulması, 250-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.