Bakıdakı casus şəbəkəsi hərəkətə keçib – kod adı “Zəngəzur”

Proseslər çox sürətlənib. Çatdırıb təhlil etmək olmur. Cümləni bitirib, nöqtəni qoyursan, onda baxırsan ki, yeni siyasi mənzərə canlanıb. Hər gün bir yeni situasiya ilə qarşılaşırıq. Sürpriz olaylar artıq sürpriz olmaqdan çıxır, adiləşir.

Düşmən isə dəyişmir – olduğu mahiyyətdə, dayandığı yerdə qalır. Düşmən dedikdə yalnız ermənilər başa düşülməməlidir. Almaniya, Fransa, eləcə də Kanada hazırda ermənidən çox erməniliklə məşğuldurlar.

Onların bu rəftarı bütün dövrlərdə özünü göstərib. Fəqət Azərbaycanın qələbəsindən sonra riyakarlıqları pik həddə çatıb.

Almaniya mediasında ölkəmiz əleyhinə qərəzli və həqiqətdən uzaq yazılar dərc edilir. Rəsmi Bakı işğalçılıqda ittiham olunur.

Fransa Ermənistana təkcə siyasi yox, həm də hərbi dəstək verir.

Kanadanın xarici işlər naziri Melani Jolinin bəyanat verərək bölgədəki vəziyyəti humanitar böhran adlandırıb. Azərbaycan XİN onun bu yersiz bəyanatına kəskin cavab verib.

Great Britain Country Information ⋅ Natucate

Maraqlıdır ki, bunların fonunda Böyük Britaniya Azərbaycanla bağlı ədalətli mövqe sərgiləyir. Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə adlandırmayıb.

Britaniyanın Azərbaycanla bağlı mövqeyini ermənilər də müxtəlif aspektlərdən şərh edirlər. Londonun mövqeyi yalnız ölkəmizin karbohidrogen zənginliyi ilə bağlı deyil. Bu amil var, amma hər şey heç də bunun üzərində qurulmayıb. Məsələ daha stratejidir, dərindir. Əslində ABŞ-ın Azərbaycana münasibətində də dəhşətli neqativlik və qərəz sezilmir. Taktiki manevrlər, gündəlik siyasi proseslərə adekvat rəftarlar qaçılmazdır.

İstər ABŞ, istər Böyük Britaniya Cənubi Qafqaza və Mərkəzi Asiya bölgəsinə gələcək kateqoriyasından yanaşırlar. Bu yanaşmada Rusiya və İran amili nəzərə alınır, Çin faktoru əsla gözardı edilmir. Bu iki nəhəng dövlətin – ABŞ və Britaniyanın yeni geopolitik konfiqurasiyasında Azərbaycana olduqca önəmli yerdə dayanır. Türk dövlətlərinin inteqrasiyasının, Türk dünyasının gələcək inkişafının Azərbaycan üzərindən təşkili və böyüdülməsi planlarının olduğu açıq görünür. Sadəcə tabloya emosiya ilə yox, məntiqlə baxmaq lazımdır.

Belə müəzzam proseslərin getdiyi vaxtda, Azərbaycanın sözün hər mənasında böyüdüyü bu tarixi günlərdə sapı özümüzdən olan baltaların milli xəyanət yolu tutmaları insanı dəhşətə gətirir.

Dövlətimiz, Ordumuz erməni separatçılarını susdurdu. Bakıdakı separatçılar isə dayanmırlar. Başlarına yığdıqları zombi dəstəsinin aşağı siyasi zövqünə, qüsurlu dünyagörüşünə uyğun çıxışlar etməklə baş qatırlar.

Bütün arqumentləri əllərindən çıxıb.

Son günlər Zəngəzur mövzusunu çörək ağacına çeviriblər. Əli Kərimli vaxtaşırı Sevinc Osmanqızının və Qənimət Zahidin proqramlarında “çevir tatı, vur tatı” janrında siyasi qaraçılıqla məşğul olmaqdan o yana keçə bilmir. Yeni “arqument” tapıb. Deyir, İlham Əliyev 2021-ci ilin filan ayında bəyanatında bildirib ki, Ermənistan Zəngəzur dəhlizinə razılıq verməsə, onu zor gücünə açacaq. Belə əcəb edib deyib. Həmin vaxt ritorika bunu tələb edirdi. Ardınca da İlham Əliyevin Füzulidə sakinlərlə sonuncu görüşündə Zəngəzurla bağlı dediklərini tirajlayır. Prezident həmin görüşdə söyləyib ki, Zəngəzura qayıdacağıq, amma müharibə ilə deyil, dinc şəkildə. Hazırkı siyasi vəziyyət bunu tələb edir, fikrini bu şəkildə ifadə edib.

Azərbaycan ərazi bütövlüyün tam təmin edib, qalib gəlib, separatizmi bitirib, Qarabağ azad edilib. İndi durub deməyəcəyik ki, asarıq, kəsərik. İlham Əliyev savaş ritorikasını, nifrət dilini tədricən sülh mesajları ilə əvəzləyir. Doğru olan da budur. Prezident iyulda Şuşada beynəlxalq mediaya müsahibəsində demişdi ki, Cənubi Qafqaza sülh gəlməlidir. “Biz bu qara səhifəni bağlamağa çalışırıq” – İlham Əliyev söyləyib. Regionda prosesləri Azərbaycan dövləti və onun başında dayanan şəxs aparır. Nəyi, harda və nə vaxt deməyi, etməyi yaxşı bilir. Çünki vəziyyəti dərindən bilən, informasiyası ən çox və səhih olan odur.

Bizim “Bakinski separatçılar” isə dirəşiblər ki, niyə o vaxt belə deyirdi, indi sözünü dəyişib. Təfəkkürə baxın, yanaşmaya fikir verin. Bu adamlar 30 ildir eyni tezisləri söyləyib durular. Bir santimetr qabağa gedə bilməmələrinin səbəbi budur ki, 20-30 ildə baş verənlər bunlara təsir etmədi, fəaliyyətlərində dəyişiklik görmədik. Yazırıq, deyirik ki, 15 oktyabrdan – Xankəndiyə Azərbaycan bayrağı asıldıqdan sonra tamam yeni dövr başlayıb. Bu dövrə uyğun addımlar atılır, siyasət qurulur. Əli Kərimli və zombi dəstəsi isə keçmişdə ilişib qalıb.

Bu həm də ölkəyə qarşı xəyanət mövqeyidir. İlham Əliyevdən ermənilərin qisasını almaq cəhdidir. Bu siyasət tör-töküntülərinin, toksik tullantıların Azərbaycan əleyhinə fəaliyyəti dayanmır. Əksinə, günbəgün daha da artar.

Almaniya mediası, Fransa siyasətçiləri Azərbaycanı işğalçılıqda suçlayır. Eyni tezisləri Sevinc Osmanqızı, Qənimət Zahid, Əli Kərimli, Tofiq Yaqublu, Cəmil Həsənli və s. təkrar edir. Nə vaxta kimi? Vaxt bitir. Vaxtla bərabər bunlar da bitir. Uzatma dəqiqələri olmayacaq.

Zəngəzur dəhlizinin açılması Ankara-Bakı ittifaqına nə vəd edir?

Azərbaycan qələbənin miqyasını böyütdükcə, Qərbin burdakı casus şəbəkəsi daha da fəallaşır. Son sığınacaqları Zəngəzur dəhlizidir. Ordan Vətənə atəş açırlar.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico” nəşrinə müsahibəsində Zəngəzurla bağlı önəmli məqamlara toxunub.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın Zəngəzuru ələ keçirmək kimi planı yoxdur:

“Tərəflər Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gələ bilmədikdən sonra, layihə bizim üçün cəlbediciliyini itirib. Biz bunu İranla yerinə yetirə bilərik”.

H.Hacıyev xatırladıb ki, oktyabrın əvvəlində Tehranla razılaşma çərçivəsində Azərbaycan qonşu ölkədən keçən yeni yol xəttinin təməlini qoydu.

Hikmət Hacıyevin açıqlaması bu casus şəbəkəsinin atəş nöqtəsinə “Bayraqdar” zərbəsi effekti verdi.

Azər Ayxan
Globalinfo.az