Martın 11-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyev vəzifəsindən azad edildi. Onun yerinə sədr müavini Azər Məmmədov təyin olunub.
Növbədənkənar prezident seçkisindən sonra Prezident İlham Əliyevin məmur heyətində ciddi dəyişiklik edəcəyi haqqında məlumatlar mövcuddur. Bu periodda prosesə ədliyyə naziri, Dini Komitə sədri ilə start verildi, “Azəriqaz”ın direktoru ilə davam edir.
“Azəriqaz” ən çox tənqid edilən, işindən narazı qalınan qurumlardandır. Əsasən də əhaliyə satılan təbii qazın tərkibi tez-tez ictimai müzakirəyə çıxarılır. Mətbuatda da bu mövzu vaxtaşırı dartışılır. İctimaiyyət narahatdır ki, “Azəriqaz”ın əhali qrupuna satdığı təbii qazın tərkibinə müxtəlif maddələr qatılır. Və bu maddələr insanların qazdan zəhərlənməsinə səbəb olur. Bu fikri ekspertlərin şərhi də gücləndirir. Əksər mütəxəssislər bildirir ki, əvvəllər qazdan zəhərlənmə heç 1 faiz təşkil etməyib. Amma son illər bu statistika artan xətt üzrə gedir.
“Azəriqaz” İstehsalat Birliyinin eks şöbə rəisi Nüsrət Qasımov ötən ay Globalinfo.az-a açıqlamasında bu məsələ haqda olduqca maraqlı faktlar demişdi. O, evlərə qaz adı ilə təhlükəli və zərərli maddə ötürüldüyünü, bunun ölümlərə, partlayışlara, başqa bədbəxt hadisələrə səbəb olduğunu bildirmişdi.
Sözügedən sahədə ciddi maxinasiyaların oldu barədə də tez-tez iddialar eşidilir. Söhbət milyonluq maxinasiyalardan, böyük məbləğlərdə korrupsiyadan gedir. Ümid edilir ki, yeni rəhbərlik bu məsələlərdə araşdırmalara başlayacaq və maxinasiya, korrupsiya ocaqları tezliklə söndürüləcək. Bu baş verərsə, silsilə həbslərin olacağı istisna edilmir. Belə nümunələr son illər çox olub. Xalqın cibinə girən, dövlətin vəsaitini talayan xeyli sayda məmur haqda cinayət işi açılıb, bəziləri həbs edilib.
“Azəriqaz” İB-də rəhbər dəyişikliyi bu sahədə hansı müsbət dönüşlər yaradacaq? Qazın tərkibindən tutmuş başqa məsələlərə qədər hansı yeniliklərə şahid olacağıq?
Globalinfo.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanda 2016-cı ildən bu günə qədər müxtəlif sahələrdə intensiv kadr dəyişikliyi edilir:
“Bu proses çərçivəsində komitə rəhbərlərinin, nazir müavinlərinin, nazirlərin, hətta baş nazirin belə dəyişdiyinin şahidi olduq. Kadr islahatları son zamanlar təəccüb doğurmur. Amma təəssüf ki, həmin sahələrdə dəyişiklik olmur.
Natiq Cəfərli
Hesab edirəm problem təkcə kadrlar ilə bağlı deyil. Özlüyündə yeni kadrların olması pozitiv addımdır, amma bu yetərli deyil. Çünki problem idarəetmə sistemindədir. Yəni idarəetmə sisteminin dəyişməsi lazımdır.
Nazirlər Kabinetinin funksiyaları dəqiqləşdirilməli, məsuliyyət səlahiyyətləri net şəkildə qeyd edilməlidir. Bundan başqa qurumların özləri də fəaliyyətini müəyyən etməli, vətəndaş qarşısında məsuliyyətini dərk etməlidir. Xüsusilə bütün bunlar qanunlarda açıq şəkildə göstərilməlidir.
Misal üçün, “Azəriqaz” ilə bağlı yaxşı bir örnək vermək olar. Smart kartlarda qaz limiti keçiləndə, ya da sayğaclarda borc olanda qazın verilişinin dayandığının şahidi oluruq. Lakin az qala hər gün Bakının ayrı-ayrı rayonlarında, regionlarda qaz nəqlinin texniki problemlər, təmir-bərpa kimi səbəblərdən kəsildiyini də eşidirik.
Təbii ki, bu normal haldır. Lakin “Azəriqaz” bu zaman vətəndaşa güzəşt etmir. Yəni təmir zamanı keçən müddətin qaz kompensasiyasını etmir. Borc olanda isə dərhal qaz verilişini dayandırır.
Hesab edirəm bununla bağlı qanunvericilikdə dəyişikliyə ehtiyac var. Bu məsələ öz həllini tapsa, yeni təyin edilən kadrlar da işi daha yaxşı görəcək”.
Turan Rzayev
Globalinfo.az