“Evlərə zəhərli maddə ötürülür…” – “Azəriqaz”ın keçmiş idarə rəisindən ŞOK

“Son zamanlar qazsızmadan ölən və zəhərlənənlərin sayı durmadan artır. Bu isə həm əhali, həm də”Azəriqaz” tərəfindən olan məsuliyyətsizliyin nəticəsidir”.

Bu sözləri Globalinfo.az-a Azad İstehlakçılar Birliyinin kommunal təsərrüfat üzrə mütəxəssisi, “Azəriqaz” İstehsalat Birliyinin eks şöbə rəisi Nüsrət Qasımov deyib.

O bildirib ki, bunun bir adı var – səriştəsizlik və demokratiyanı anarxiyaya döndərmək:

“40 ildir tüstü bacaları təmizlənmir. Buna görə konkret məsuliyyət daşıyan adamı tapa bilmirəm. MTK və “Azəriqaz” məsuliyyət daşımadığını deyir, Fövqəladə Hallar Nazirliyi (FHN) məsələni öz üzərindən atır, Yanğından Mühafizə İdarəsi də həmçinin… Yaxşı, bu yazıq camaat nə etməlidir? Mövcud qanunlarda yazılıb ki, tüstü bacaları, ventilyasiya kanalları hər kvartalda bir dəfə və ya ildə iki dəfə təmizlənməlidir. Bunu etmirlər deyə, daxili uçma əmələ gəlmiş olur. Necə ola bilər ki, “Azəriqaz” məsuliyyət daşımasın? Zəhəri ötürürlər insanların evinə, axırda da deyirlər “bizlik deyil”. Qida Təhlükəsizliyi Agentliyi marketlərdə, iaşə obyektlərində qida məhsullarına nəzarət etdiyi kimi, “Azəriqaz”da evlərə nəzarət etməlidir”.

N.Qasımov deyib ki, mənasız işlərlə məşğul olmaqdansa, təhlükəsizliyi təmin etmək lazımdır:

“Yoxlama aparmaqdan, təhlükənin qarşısını almaq əvəzinə “Azəriqaz”ın başbilənləri çıxıb deyirlər ki, “su qızdırıcı cihaz hamamdan çıxarılıb mətbəxə yerləşdirilməlidir”. Onu etmək üçün 1500-2000 manatından keçməlisən! Hansı qanunda yazılıb ki, “kolonka” mətbəxdə olmalıdır? Üzr istəyirəm, deməli, hamamda olan zaman anidən suyun temperaturunu dəyişmək lazım olarsa, adam sabunlu halda hamamdan çıxıb, mətbəxə getməlidir?! Sən insanların evinə zəhərli maddə ötür, axırda da çıx de ki, “kolonka hamamda olmasın”.

Nüsrət Qasımov illər öncə dəm qazından zəhərlənmənin, boğulmanın olmadığını xatırladıb:

“90 ildir Azərbaycan camaatı təbii qazdan istifadə edir. Necə ola bilər ki, əvvəllər zəhərlənmə olmurdu, indi hər gün zəhərlənmə baş verir? Sən bunu araşdır, təhlükəsizliyi təmin et, kimin “kolonka”nı harada quraşdırmasına qarışma. Siz niyə xalqı dövlətçiliyimizə qarşı qaldırmağa çalışırsınız?! Danışanda da deyirlər, “vəzifə istəyir deyə danışır”. 80-dən yuxarı yaşım var, vəzifə mənim nəyimə gərəkdir?! Təmənnasız şəkildə maarifləndirmə işi aparıram. Mən işə 45 manat maaşla başlamışdım və onun az olduğundan şikayətlənmirdim. Amma bir gündə 60, ayda 1800 mənzildə yoxlama aparırdıq, bizdən sonra da ustalar gedib təkrar yoxlayırdılar ki, birdən səhlənkarlıq edərik. İnanın, usta getdikdən sonra da mühəndis gedib həmin mənzilləri yoxlayardı. Bu gün isə heç bir evdə yoxlama işləri aparılmır. İndikilər 1000-1500 manat maaş alırlar, heç bilən də yoxdur ki, onun bacarığı, lisenziyası var, yoxsa yox. Yerindən qalxan özünü “göylə” aparır. Hər kəs öz işinin ustası olmalıdır”.

Müsahibimiz deyib ki, evlərə verilən qazlar zəhərlidir:

“Qaz çıxdıqdan sonra təmizlənməsi üçün emal zavoduna getməlidir, təmizləndikdən sonra mənzillərə verilməlidir. Diqqət edin, bir gün qaz mavi alovla, bir gün isə qırmızı alovla yanır. Həmin qırmızı alov da qazın təmiz olmadığını göstərir. Hələ qarşıda bizi daha pis günlər gözləyir. Yanğınlar, partlayışlar, boğulmalar, zəhərlənmələr hələ çox əmələ gələcək”.

Zaira Akifqızı
Globalinfo.az