Zəngəzur dəhlizi ilə bağlı sensasion gəlişmə: Ermənistan və İran yola gəlir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvan sammiti gözlənildiyi kimi keçdi. Liderlər toplaşdı və İrəvan Bakı əleyhinə KTMT-dən planlaşdırdığı dəstəyi ala bilmədi. Əslində, sammitin bu tərzdə keçəcəyi onun keçirilmə tarixinin elan edildiyi oktyabr ayından bəlli idi. Bununla belə, dəyişən heç nə olmadı.

Maraqlı məqam odur ki, Rusiya Prezidenti Vladimir Putin KTMT sammitinə heç də əliboş gəlməmişdi. Ən azında Putinin görüşə qədər olan müddət ərzində apardığı telefon trafiki də məhz bunu anlamağa kömək edir. Ən azından İrəvana gəlməzdən öncə Putin Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışmışdı ki, bu da Ermənistanda əsas müzakirə mövzusunun məhz Bakı ilə münasibətlər olacağını deməyə əsas verirdi. İrəvan hava limanına eniş edən Putinin ilk işi məhz Paşinyanı öz avtomobilinə dəvət etmək oldu. Burada isə tərəflərin sövdələşmə apardığı hətta Putinin ona Bakıdan gətirdiyi mesajı verdiyini təxmin etmək olar.

Moskvada da yaxşı başa düşürlər ki, sülh danışıqları ətrafında yaranan situasiya getdikcə Rusiya üçün qəlizləşir. Xüsusilə ABŞ-dan verilən son pozitiv siqnallar fonunda Kreml artıq prosesdə liderliyi əlinə almaq təşəbbüslərinin uğursuzluğa düçar olduğunu görür. Buna görə də Moskva aktiv addımlar atmaqla müəyyən mənada tələsir. Kremldə nə İrəvan, nə də Bakının onun müəyyən etdiyi platformada sülh sazişinə imza atmayacağını yaxşı dərk edirlər. Doğrudur, Paşinyan Rusiya variantına dəstək versə də, Ermənistan liderinin dedikləri ilə davranışları əslində bir-birinə ziddiyyət təşkil edir. Bu baxımdan Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun da İrəvandakı görüşdən sonra “bizim üçün sülh sazişinin nə zaman yox, ümumiyyətlə yekunda imzalanması önəmlidir” bəyanatı Kremldə artıq sülh sazişindən sonrakı dönəmə hazırlıqların başladığını deməyə əsas verir. Yəni Moskva sülh sazişi yerinə özü üçün hazırda prioritet təşkil edən məsələni həll etməyə çalışır ki, burada da ilk pillədə Cənubi Qafqaz, daha dəqiq desək isə Zəngəzur dəhlizi dayanır. Putinin son iki həftədə Əliyevə iki dəfə, Ərdoğana isə bir dəfə etdiyi zəng də bunu ehtimalların reallığını artırır.

Görünən odur ki, İrəvana yollanan Rusiya liderinin gündəmində əsas yeri məhz bu məsələ tutub. Buna sübut isə Putinin həm KTMT-dəki çıxışı, həm də Paşinyanla ikitərəfli görüşdə verdiyi bəyanatlar ola bilər. Üstəlik, KTMT-dəki çıxışı zamanı Rusiya lideri tərəflərin prinsipial məsələlərdə kompromisə hazır olduğunu deyir ki, bu da Bakı ilə İrəvan arasında bir çox məsələlərdə razılığın olduğunu ehtimal etməyə imkan verir. Əgər Bakıdan keçən ay baş nazirin müavini Şahin Mustafayevin simasında dəhlizlə bağlı verilən izahatı da buraya əlavə edərsək, o zaman Bakı və İrəvanın yavaş-yavaş 9 noyabr bəyanatının son bəndinin icrası ilə bağlı razılaşdığını təxmin etmək olar. Paşinyanla görüşü zamanı Kreml rəhbərinin xüsusilə kommunikasiyaların açılmasının üzərinə vurğu etdiyi müşahidə edilir ki, bu da onun İrəvana xüsusi missiya ilə getdiyini deməyə əsas verir.

Əslində Zəngəzurun İrəvanda əsas mövzu olduğunu həmçinin Putinin heyətinə Aleksey Overçukun da daxil edilməsi sübut edə bilər. Nəzərə alsaq ki, Overçuk hakimiyyətdə iqtisadi qanada kuratorluq edir, o zaman onun KTMT iclasına qatılması müəyyən suallar yaradır. Halbuki Overçukun yerinə İrəvana baş nazirin digər müavini Denis Manturov getməli idi ki, bunu da görünür, Moskvada istəməyiblər. Üstəlik, bu fonda İrandan da Zəngəzurla bağlı pozitiv siqnallar gəlir.  Abdullahiyanın mətbuata verdiyi açıqlamalar son bir neçə gündə Tehran-Bakı, eləcə də Tehran-Moskva arasında gerçəkləşdirilən diplomatik təmasların mahiyyətini dərk etməyə imkan yaradır. Görünən odur ki, İran da 9 noyabr bəyanatına uyğun şəkildə dəhlizin açılmasına razılaşmağa hazırlaşır.

Sual yaradan məsələ isə İrəvanın Moskvanın Zəngəzur dəhlizi təklifinə hansı reaksiya verməsidir. Paşinyanın həm dünənki çıxışları, həm də davranışları onu deməyə əsas verir ki, İrəvan da bu məsələni özü üçün böyük rıçaq kimi görür. Buna görə də Putinlə danışıqlara qatılan Paşinyanın masada edəcəyi güzəşt qarşılığında nə isə istədiyini ehtimal etmək olar.

Oyun başlayır: Bakı Kremli seçim qarşısında qoyur

İrəvan sammitini həm də Paşinyana verilən son şans olaraq dəyərləndirmək mümkündür. Regionda baş verən son proseslər, eləcə də Azərbaycanla Ermənistan arasındakı danışıqlarda qeydə alınan son dəyişikliklər Moskvada narahatlığı bir qədər də artırır. Bu da Moskvanı indiki şəraitdə Ermənistanla bağlı planlarının icrasını bir qədər də sürətləndirməyə həvəsləndirir. Üstəlik, Ermənistanın KTMT sədrliyindən getməsi də Putinin imkanlarını artırır ki, bundan Moskva istifadə etmək niyyətindədir. Moskvanın sentyabr ayından etibarən bu planının icrasına başladığını görmək olar. Təsadüfi deyil ki, İrəvana gəlməzdən öncə Rusiya tərəfi özünün apardığı oyunu bir qədər də intensivləşdirib. Buna sübut isə məhz qondarma rejimin Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyanın Paşinyanla bağlı verdiyi son açıqlama ola bilər. Belə ki, Soçi görüşündən sonra Qarabağda demilitarizasiya zonasının yaradılması və bunun sayəsində Qarabağdakı separatçıların hərbi qüvvələrinin sayının azaldılması ilə bağlı Xankəndidən təklif aldığını bildirən Paşinyana belə bir təklifin göndərilmədiyini bildirən Balasanyan bununla erməni baş naziri çətin vəziyyətə salmış olur. Üstəlik, Moskva Paşinyana qarşı bu həmləni həm də Tunisdə Fransa lideri ilə görüşdən qayıtdıqdan sonra Kremlə qarşı təbliğatı gücləndirdiyinə görə edir ki, bu da başa düşüləndir. Gələcəkdə Rusiya təsir agentləri vasitəsilə “Paşinyan Qarabağı satır” tezisinin təbliğatını ən pik həddə çatdıra bilər və bu işdə məxsusi rolu Balasanyanın son açıqlaması oynayacaq. Ermənistan cəmiyyətinin konservativ olduğunu və ənənəvi ideologiyanın hələ də ictimai rəydə hökmran olduğu nəzərə alınarsa, Moskvanın bu metoddan istifadə ilə uğur qazanma imkanları çox yüksəkdir.

Lakin indiki halda həm də onun planlarına əsas təhdidin məhz Bakıdan gəldiyini bilir. Bakıda isə nəinki İrəvanın son addımlarından, eləcə də Rusiyanın Qarabağdakı fəaliyyətindən razı deyillər. Üstəlik, Vardanyanın Moskva tərəfindən məhz Xankəndidə vəzifəyə gətirilməsini Azərbaycan özünə qarşı uzunmüddətli perspektivdə təhdid bilir və ona görə də yaranmış fürsətdən maksimum yararlanmaq istəyir. Digər tərəfdən, Bakı Ukrayna konflikti bitənə qədər məhz Qarabağla bağlı məsələni həll etməyə çalışır ki, Rusiyanın diqqətinin tam olaraq onun üzərinə fokuslanmasına imkan verməsin. Kremldə də Azərbaycanın planını yaxşı dərk edirlər və Bakının ilk fürsətdə yeni antiterror əməliyyatı həyata keçirə biləcəyini başa düşürlər. Bu isə istənilən halda Moskvanın Ermənistanla bağlı planını zərbə altına qoymaq deməkdir. Çünki Qarabağda baş tutacaq hər hansı döyüş vəziyyəti Vardanyanın və onun hamisi olan Rusiyanın dayaqlarını zəiflətməklə bərabər, Paşinyana mühüm fürsətlər açacaq. Ona görə də Moskva indiki situasiyada maksimal şəkildə Azərbaycanın könlünü almağa cəhd edir. İki ölkə liderinin noyabrda iki dəfə telefon əlaqəsi yaratması həm də bunu təxmin etməyə imkan verir. Ən maraqlı məqam isə məhz bu proseslər fonunda Araik Arutyunyanın Qarabağda yanvar üçün nəzərdə tutulan referendumu təxirə salmaqla bağlı qondarma parlamentə müraciət etməsidir. Belə həmlə Bakının qəzəbini soyutmaqla yanaşı, həm də Vardanyanın müvəqqəti olaraq real gücə çevrilməsinə mane olmağa hədəflənib. Paşinyana isə bu həmlə hələlik sərf etməklə bərabər vaxt da qazandırır.

Paşinyan üçün son mərhələ

Putinin İrəvana səfərindən öncə Ermənistan paytaxtında təşkil edilən mitinqlər də göstərir ki, Paşinyan Rusiyanın ona qarşı hazırladığı plana səssiz qalmaq niyyətində deyil. Hakimiyyətdə qalmaq Paşinyan üçün indiki dövrdə əsas prioritetdir. Əks təqdirdə Nikol bütün bəlaların səbəbkarı kimi təqdim ediləcək ki, bu da onun kariyerasının bitməsi anlamına gələcək. Məhz bu amil Paşinyanı ikili oynamağa vadar edir. Üstəlik bu refleksi sayəsində Ermənistan baş naziri müharibə bitdikdən dərhal sonra ictimaiyyət daxilində Rusiyaya qarşı cəbhə formalaşdıra bilib ki, indiki dönəmdə də bunun bəhrəsini görür.

İrəvanda da artıq yeni yaranan geosiyasi reallığı yaxşı başa düşürlər. Ermənistan Moskvanın yanında yer alsa da Ukrayna bataqlığına onunla birgə yuvarlanmaq istəmir. Ona görə də ictimaiyyətdə parçalanmanı gücləndirən Paşinyan həm də bunun vasitəsilə illərdir cəmiyyətdə hökmran olan ideoloji dayaqları da sarsıdır. Bu isə ona güclü mərkəzi hakimiyyət yaratmaqla bərabər illərdir mövcud olan ənənəvi xarici təsirləri də nisbətən neytrallaşdırmağa imkan verir. Məhz bu baxımdan KTMT-nin son sammiti erməni liderə böyük dividentlər gətirə bilər. Ən azından Paşinyan gələcəkdə Rusiyanın Ermənistanı müdafiə etmədiyinə dair tutarlı əsaslar əldə etmiş olur ki, bu da erməni cəmiyyətində ona tərəfdar saxlamaq imkanı yaradır. Dolayısı yolla bu həm də Paşinyanın Brüssel variantındakı sülh sazişini imzalaması imkanlarını artırmaqla bərabər, İrəvanın KTMT-dən uzaqlaşması üçün tutarlı əsaslar yaradır. Bununla belə İrəvanın qısa zamanda belə addım atacağı inandırıcı görünmür.

Digər tərəfdən əgər İrəvanda Putinə qarşı baş tutan mitinqlərin təşkilatçılarına nəzər yetirsək, onların dolayısı yolla mövcud iqtidarla bağlı olduğunu görmək mümkündür. Onların bir çoxu hakimiyyətin süni olaraq təşkil etdiyi parlamentdən kənar siyasi qüvvələrlə məşvərət qrupuna daxildirlər ki, bu da Putinə qarşı mitinqlərin əmrinin haradan verildiyini anlamağa kömək edir. Paşinyan isə belə həmlə etməklə Moskvaya həm gövdə göstərir, həm də onun istəkləri nəzərə alınmayacağı təqdirdə nələrin ola biləcəyini nümayiş etdirir. Bu fonda erməni lider Xankəndini də yaddan çıxarmır və əsas zərbənin buradan gələcəyini bilir. Ona görə də Paşinyan Xankəndidə xüsusilə güc strukturlarına nəzarəti saxlamağa çalışaraq, buraya separatçılar daxilində parçalanmanı sürətləndirəcək daha təcrübəli şəxslər təyin etməyi planlaşdırır. Belə dəyişikliyin yaxın zamanlarda baş tutacağı ehtimalı isə böyükdür.

Hər bir halda Putinin İrəvan səfəri Cənubi Qafqazdakı prosesləri özünün pik həddinə çatdırır. Bu səfərdən sonra baş tutacaq dəyişikliklər regionun ümumi taleyini müəyyənləşdirəcək.

İlkin Həsənov
Xüsusi olaraq Globalinfo.az üçün