Vaşinqtonun ssenarisi: Müharibə dayanır, Mahmud Abbasla danışıqlar başlayır və…

Globalinfo.az politoloq Kənan Rövşənoğlunun müsahibəsini təqdim edir:

– Kənan bəy, İsrail ilə HƏMAS arasında müharibə davam edir. Tərəflərin bir müddətdir elan etdiyi atəşkəs də bitdi. Atəşkəs razılaşması niyə uzadılmadı?

– Atəşkəs uzadılmadı və 7 gündən sonra İsrail ordusu hərbi əməliyyatları bərpa etdi. Hazırda Qəzzanın şimalı ilə yanaşı mərkəz hissəsində də İsrail ordusu zolağa daxil olub. Eyni zamanda İsrail ordusu zolağın bütün hissəsini, o cümlədən cənubunu mütəmadi olaraq bombalayır. Ölü sayı 16 min nəfəri keçib. Güman ki, burda məqsəd həm də əhalinin zolağı tərk etməsinə nail olmaqdır.

– İsrailə qarşı beynəlxalq təzyiqin artması, HƏMAS-ın məğlub olmaması Təl-Əvivi döyüş taktikasını dəyişməyə vadar etdi. Belə ki, İsrail Qəzza zolağında bütün tunelləri dəniz suyu ilə doldurmaq planını nəzərdən keçirir. Artıq bu istiqamətdə əraziyə böyük nasoslar yığılır. Sizcə, bu plan uğurlu olacaq?

– Tunellərə su buraxılması fikri yeni deyil. Bu plan ilk gündən ortaya atılıb. Hətta bir neçə dəfə buna cəhd olunub. Ancaq Qəzzada HƏMAS-ın bildirdiyinə görə 500 kilometrə qədər tunel var və bunların hamısının bir şəbəkə olması inandırıcı deyil. Yəni su buraxılsa belə, onun bütün tunelləri sıradan çıxaracağı real sayılmır. İllərdir tunel qazanlar yəqin ki, bu ehtimalı da nəzərə alıb.

– Kənan bəy, İsrail rəsmiləri son açıqlamalarında bildirib ki, keçirilən əməliyyatlar yekunlaşandan və HƏMAS tam məğlub ediləndən sonra Qəzzanın nəzarəti Fələstinə veriləcək…

Kənan Rövşənoğlu

– Qəzzanın idarəsinin Fələstin administrasiyasına verilməsi ideyası Vaşinqtona məxsusdur. Ancaq belə görünür ki, bu məsələdə də ABŞ və İsrail hakimiyyəti arasında fikir ayrılığı var.

Ümumiyyətlə Qəzzanın tam olaraq ələ keçirilməsi özü sual altındadır. Bu, qeyd olunan planlardır, amma bunun baş tutması üçün əvvəlcə İsrailin Qəzzaya nəzarəti ələ keçriməsi, HƏMAS və digər silahlı qrupları tərk-silah etməsi lazımdır.

– İsrail-HƏMAS müharibəsinin başlamasından bir müddət sonra rəsmi Təl-Əvivə Qərbdən təzyiqlər edilir. Söhbət İsrailin Fələstin müstəqilliyini tanımasından gedir. Hətta İspaniya və Belçika rəsmiləri kifayət qədər ciddi açıqlamalar da verdi. Qərbin iki dövlət modelini yenidən gündəmə gətirməsinin səbəbi nədir?

– Qərb illərdir bu sözləri deyir. Amma real olaraq bir şey yoxdur. Güman ki, daha çox hərbi əməliyyatların dayanması üçün edilən təzyiqdir. Çünki Qərbin əlində uzun illər belə bir imkan olub ki, Mahmud Abbas administrasiyasını dövlət olaraq tanısın. Amma bunu etməyib. Hətta BMT-də belə tamhüquqlu üzv olaraq qəbul edilməyib. Hazırda müharibə getdiyi bir zamanda danışıqlar mümkün deyil. Ancaq dinc dövrdə Fələstin administrasiyası ilə İsrail arasında danışıqlar olub.

Vaşinqton çalışır ki, müharibə dayansın, İsraillə Mahmud Abbas administrasiyası arasında danışıqlar baş tutsun, Fələstin dövləti yaradılsın. Amma bunun üçün hələlik hər hansı real şərait və ciddi cəhd yoxdur. Ən azı müharibənin bitməsini gözləmək lazımdır.

Söhbətləşdi Turan Rzayev
Globalinfo.az