Müharibənin ən faciəvi hadisələrindən biri bu idi – İlham Əliyev

“Ötən ilin may ayında mən 30 ildən sonra oraya qayıdan Laçın şəhərinin ilk sakinlərinə evlərinin açarlarını təqdim etdim. Hazırda isə növbəti sakinlər oraya qayıdırlar və doğma yurdlarına geri qayıtmaq arzusunda olan məcburi köçkünlərin faiz nisbəti gözlədiyimizdən də artıqdır. Hətta oranı heç vaxt görməyən gənc nəsil belə orada olmaqdan həzz alır. Bu, Azərbaycan xalqının öz köklərinə həqiqətən də nə qədər bağlı olduğunu nümayiş etdirir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

“Laçın 1992-ci ilin mayında – Şuşanın işğalından 10 gün sonra işğal edilmişdir. Bu, Birinci Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biri idi, çünki bunun nəticəsində Ermənistan ilə Azərbaycanın Qarabağ bölgəsi arasında quru əlaqəsi yarandı və bu, Ermənistandan bizim torpaqlara çox böyük həcmdə silahların daşınmasına, çoxsaylı hərbi personalın daxil olmasına imkan yaratdı.

Laçının azad edilməsi də bizim güclü siyasi iradəmizin göstəricisi idi. Laçının böyük hissəsi siyasi vasitələrlə azad edilib. İkinci Qarabağ müharibəsi zamanı biz Laçın rayonunun cənub hissəsini azad etdik və bunun özü də mühüm hərbi qələbə idi. Lakin rayonun əksər hissəsi, o cümlədən Laçın şəhəri siyasi vasitələrlə azad edilib. Beləliklə, mən işğal edilmiş ərazilərin hərbi-siyasi yolla azad olunduğunu deyəndə Laçın bunun bariz nümunəsidir”, – Dövlət başçısı bildirib.