Vaşinqton görüşü haqda mühüm gəlişmə – Deputat Ermənistanla bağlı vacib detalları açdı

İyunun 27-i ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü keçiriləcək.

Ayın əvvəlində keçirilməsi nəzərdə tutulan, amma müxtəlif səbəblərə görə iki dəfə təxirə salınan görüşün baş tutması maraqla gözlənilir. Bəzi ekspertlər bu müzakirənin bir neçə gün davam edəcəyi, müəyyən nəticələrin əldə oluna biləcəyini söyləyirlər. Hətta Ermənistan rəsmiləri də XİN başçılarının görüşünə ümidlə baxdıqlarını bildirirlər.

Bəs iki ölkə arasındakı şərti sərhəddə və Qarabağda son baş verən hadisələrdən sonra bu görüşdən gözlənti nələrdir? Sülh üçün həlledici olacaq hər hansı irəliləyişə nail oluna bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən siyasi elmlər doktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu ümumi danışıqlar prosesində Ermənistanın mövqeyinin dəyişdiyini bildirib:

“Postmüharibə dövründə aparılan danışıqlara və nəticələrə diqqət etsək, görərik ki, mümkün sülhlə bağlı ən ciddi irəliləyişlərdən biri Vaşinqtonda əldə olundu. Ona görə də Dövlət Departamentinin dəvəti ilə növbəti görüşün keçirilməsi yeni nəticələrə ümid yaradır. Amma postmüharibə dövründə aparılan ümumi danışıqlara nəzər saldıqda Ermənistanın mövqeyinin daha çox danışıqları imitasiya etməyə doğru dəyişdiyini görürük. Yəni bu gün Ermənistan diplomatiyası ənənəvi ampluasına bürünüb. Ənənəvi amplua dedikdə Sərkisyan-Köçəryan diplomatiyasını nəzərdə tuturam. Çünki onlar da uzun müddət torpaqlarımızın azad olunması ilə bağlı danışıqları bir növ imitasiya etdilər. Ona görə də, Vaşinqtondakı görüşün nəticələri daha çox Ermənistanın necə davranacağından asılıdır. Çünki bu ölkənin diplomatiyası öncədən planlaşdırılan deyil.

Bütün bunları nəzərə alaraq, Vaşinqton görüşündə əldə olunan nəticələrə şərti yanaşmalıyıq. Əgər doğurdan da Ermənistan nəhayət sülhlə bağlı yekun qərara gəlibsə, o zaman Vaşinqtonda nəticəyə nail olunacaq. Əks təqdirdə nəticəsiz görüş olacaq”.

Deputat Ermənistanın həqiqətən sülh istədiyini yalnız bir halda anlamağın mümkün olduğunu deyib:

“Düşünürəm ki, hazırda Ermənistanın sülh üçün qətiyyətli addım atacağı mərhələ hələ başlamayıb. Bunun ilk göstəricisi hələ də Qarabağda, Azərbaycan ərazisində 10 mindən çox erməni terrorçunun qalmasıdır. Onların bölgədən çıxarılmaması, İrəvanın sülhlə bağlı qəti mövqeyinin olmadığı mənasına gəlir. Bu kimi qeyri-müəyyənliklər olduğu üçün Vaşinqtonda ciddi nəticələrin əldə olunacağı ilə bağlı fikir söyləmək çətindir”.

Ayşən Mustafa
Globalinfo.az