Türkiyə seçkisində parlayan azərbaycanlı: Sinan Oğan haqda maraqlı detallar

Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır. Prosesin necə olacağı ilə bağlı aylar öncəsindən müəyyən təxminlər irəli sürülsə də, 14 may səsverməsi namizədlərdən biri ilə bağlı bütün proqnozları alt-üst etdi.

“ATA İttifaqı”nın namizədi, Azərbaycan əsilli Sinan Oğan “seçkilərdə parlayan azərbaycanlı” kimi ölkə gündəmində də əsas müzakirə mövzusuna çevrilib. Hazırda seçkilərin ikinci turunda Sinan Oğanın dəstəyini kimə verəcəyi isə xüsusilə gözlənilir. Onun dəstəyi seçkilərin taleyində həlledici nüans kimi qiymətləndirilir.

Bəs Türkiyə siyasətinin bu parlayan ulduzu Sinan Oğan kimdir? Onu Azərbaycana nə bağlayır?

Globalinfo.az xəbər verir ki, Sinan Oğan 1969-cu il martın 14-də Türkiyənin İqdır şəhərində azərbaycanlı ailəsində anadan olub.
Marmara Universitetində İqtisadiyyat və İdarəetmə Elmləri fakültəsində ali təhsil alıb.

1992-ci ildə həmin universitetin magistratura pilləsini “Azərbaycanda İqtisadiyyat və Maliyyə Sektorunun Analizi” elmi işi ilə tamamlayıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində doktorantura dərəcəsi alıb. O, bir müddət Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dekan müavini olaraq çalışıb. 1991-ci ildə SSRİ-nin dağılmasından qısa müddət öncə Əbulfəz Elçibəylə görüşüb. Daha sonra Ə.Elçibəyin prezidentliyi dövründə onunla birgə fəaliyyət göstərib. 1992-2000-ci illər arası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan təmsilçisi olub.


Əbülfəz Elçibəy və Sinan Oğan birlikdə

S.Oğan 2011-ci ildə keçirilən seçkilərdə seçkidə Milliyyətçi Hərəkat Partiyasından (MHP) İqdır üzrə millət vəkili seçilib. O, 2015-ci ildə sözügedən partiyadan kənarlaşdırılıb. Eyni ildə partiyanı məhkəməyə verərək qalib gəlib və MHP-yə geri dönüb. Amma daha sonra yenidən xaric olunub. Türkiyə-Albaniya, Türkiyə-Niger Parlamentlərarası dostluq qrupunun üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Baş katibidir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan jurnalist Aygün Muradxanlı S.Oğanın hazırkı seçki prosesi və Türkiyə siyasi arenasındakı rolunu dəyərləndirib:

“Sinan Oğanın siyasi həyatı ilk gəncliyindən başlayıb, milliyyətçi cameənin təmsilçisi kimi Sovetlər Birliyi dağılandan sonra Azərbaycanla həm siyasi, həm elmi fəaliyyətlə sıx bağlı olub. Kökəncə azərbaycanlı olması da onun Türkiyə siyasiləri içərisində ölkəmizə bir köynək daha yaxın edib. Özü haqqında danışarkən “Elçibəyin yolundayam” ifadəsini tez-tez işlədir, baxmayaraq ki, Elçibəyi devirən komanda ilə sonradan sıx münasibətlər qurub. Bu dəfəki seçkidə qəfil namizəd olması da çoxları üçün gözlənilməz oldu. Qəfil ifadəsini də elə buna görə işlətdim. Amma dərindən baxdıqda bu, yetərincə gözlənilən bir məsələ idi. Çünki, Türkiyədə yeni bir seçici ağırlığı var ki, onlar əsasən sekulyar milliyyətçidirlər. 21 il iqtidarda olan Ədalət və İnkişaf Partiyasını (AKP) dəstəkləyən MHP, milliyyətçiliyə faşizm kimi baxan CHP-ni dəstəkləyən İYİ Partiya ilə heç cür uzlaşmayan bu kəsim lider arayışında idi və “ATA İttifaqı” bu kəsimə Sinan Oğanla xitab edə bildi”.

A.Muradxanlı S.Oğanın siyasi fəaliyyətində Ümit Özdağın vacib rol oynadığını bildirib:

“ATA İttifaqı”nda Zəfər Partiyasının rolunu xüsusi qiymətləndirmək gərəkdir. Partiya başqanı Ümit Özdağ siyasətə elmi yanaşan, ardıcıllığı ilə diqqət çəkən, prinsipial bir şəxsiyyətdir. Onun uzun illərdir rəhbərlik etdiyi XXI Yüz il Araşdırmalar Mərkəzi Türkiyə ictimai-siyasi həyatının ən dərin analizi ilə məşğuldur. Ümit Özdağ illərdir XXI əsrdə təkcə Türkiyədə deyil, bütün Turan coğrafiyasında milliyyətçilik dalğasının siyasətdə ana xəttə çevriləcəyi fikrini müdafiə edir və zaman onu haqlı çıxarmaqdadır. Sinan Oğanın önə çıxmasında, onun seçki prosesindəki performansında Ümit Özdağın ciddi qatqısı var. Bu elmli yanaşma, doğru xitab Sinan Oğanın 2,5 milyon səs almasına gətirdi. Bundan sonra hörmətli Oğanın eyforiyaya qapılmadan bu siyasi dividenti çox ustalıqla istifadə etməsi gərəkdir. Çünki bu 2,5 milyon onun dəyişməz elektoratı deyil. Olsaydı, özü ayrı partiya qurardı. Onun real imkanlarını 2-3 faizdə dəyərləndirən analitiklər 2 dəfə artıq səs toplamağını heyrətlə qarşılayırlar. İlk dəfə seçkiyə qatılan bir şəxs üçün bu, gerçəkdən də çox gözəl nəticədir. Görünür ikinci turla bağlı eyforiyasının qaynağı da budur”.

RESEPT- Aygün Muradxanlı yazır

Aygün Muradxanlı

Jurnalist qeyd edib ki, S.Oğan hazırkı proseslərdə irəli sürdüyü mövqeyi davam etdirərsə, əsas namizədlərin ona ehtiyacı qalmayacaq:

“Sinan Oğanın irəli sürdüyü 6 şərti heç bir lider qəbul etməz. Ordu, təhlükəsizlik, daxili işlər, təhsil nazirliyinin ona verilməsi şərti son dərəcə iddialı və yersizdir. Terrorla mübarizə aparan bir ölkədə təhlükəsizlik güclərinin siyasi hakimiyyət təcrübəsi olmayan düşərgəyə verilməsini heç vətəndaş da qəbul etməz. Bu cür davam etsə, nə Ərdoğan, nə də Kılıçdaroğlu Oğanın qapısını təkrar döyməyəcək.
Seçkiyə gəlməyən 11 faiz – 6 milyondan çox seçici deməkdir. Bunun üzərinə 6-7 yüz min sevgisindən, simpatiyasından bülleteni korlamış dəyişməz elektoratı gəlsək, namizədlərin heç birinin Oğana ehtiyacı qalmır. YSK-nın, partiyaların verdiyi açıqlamalarda seçicilərin “yaşa reis”, “sonuna kadar reis”, “bahar geliyor” yazaraq korladıqları bülleten sayının 700 minə yaxın olduğu deyilir. Oğanın fantastik tələblərinə görə onu dinləməyəcək şəxsləri də bunun üzərinə gələndə çox ciddi rəqəm alınır. Oğan bu gerçəkliyi nəzərə almasa, siyasi birikimi tam formalaşmamış əriyəcək. Amma reallığı dəqiq hesablaya bilsə, hakimiyyətdə milliyyətçilik qanadını yetərincə gücləndirərək, 5 ildən sonrakı növbəti seçkiyə daha güclü əllə gedə biləcək”.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri ilə bağlı ikinci tur mayın 28-də keçiriləcək.

Ayşən Mustafa
Globalinfo.az