Sülhməramlılar Ermənistana zəmanət verib? – “Sərhəd məntəqəsi qalacaq!”

Rusiya sülhməramlılarının komandanlığı Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında quraşdırılan nəzarət keçid məntəqəsi ilə bağlı Bakı ilə danışıqlar apardığını açıqlayıb. Ermənistan iddia edir ki, Rusiya belə bir məntəqənin qurulamayacağı ilə bağlı onlara zəmanət verib.

Bəs bu danışıqlar sərhəd nəzarət-buraxılış məntəqəsinin fəaliyyətinə necə təsir göstərə bilər?

Mövzunu Globalinfo.az-a şərh edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev danışıqların heç nəyi dəyişdirməyəcəyini, sadəcə müəyyən razılaşmanın mümkün olduğunu qeyd edib:

“Azərbaycanın bu məsələdə mövqeyi qətidir, burada hər hansı dəyişiklik ola bilməz. Sadəcə olaraq nəzarət-buraxılış məntəqəsinin rejimi, keçidlərin tənzimlənməsilə bağlı müəyyən razılaşma əldə oluna bilər. Amma məntəqənin qurulması və keçidə qərarın verilməsi bizim tam haqqımızdır. Öz ərazimizdə istənilən yerdə sərhəd nəzarət-buraxılış məntəqəsi quraşdıra bilərik. Vətəndaşlıq sənədinin verilməsi və gömrük yoxlanışının həyata keçirilməsi hər bir ölkənin haqqıdır. Beynəlxalq hüquq da buna tam olaraq imkan verir. Ermənilər və onların dəstəkçiləri 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda belə bir şeyin nəzərdə tutulmadığını qeyd edirlər. Azərbaycan Qarabağ erməniləri ilə Ermənistan arasında rabitə yaradılmasına qəti şəkildə mane olmur. Yəni sözügedən məntəqənin qurulması vətəndaşların hərəkətini qadağan etmir. Yalnız Azərbaycan tətbiq etdiyi nəzarət mexanizminə uyğun olaraq gediş-gəliş təmin edilə bilər. Laçın yolunun hərbi məqsədlərlə istifadə olunması bizi bu addımı atmağa vadar etdi”.

F.Şəfiyev hər şeyin qanunvericiliyə uyğun olduğunu, geri addım atılmayacağını bildirib:

“Üçtərəfli bəyanat Azərbaycan Respublikasının Konstitusiyasından üstün ola bilməz. Bizim ərazimizdə ən yüksək qanunvericilik mənbəyi konstitusiyamızdır. Bu bəyanat özü də müvəqqətidir, 2025-ci ildə başa çatacaq. Beynəlxalq hüquqda pasportun verilməsi, gömrük məntəqələrinin yaradılması konkret şəkildə nəzərdə tutulub. Məsələn, Avropa Birliyi və ölkələrin qarşılıqlı razılaşma əsasında gömrük məntəqəsinin qurulmaması ilə bağlı razılığa gəlməsi kimi hallar mövcuddur. Buna Almaniya və Çexiya arasındakı razılaşmanı nümunə göstərə bilərik. Bu razılıq sadəcə Ermənistanla əldə oluna bilərdi və bəyanatın 9-cu bəndinə əsasən İrəvanın bu öhdəliyi vardı. Amma bunu icra etmirlər.

Bəli, əvvəl Laçın yolunda və Zəngəzur dəhlizində bu məntəqənin qurulmaması ilə bağlı təklif vardı. Amma Ermənistanın addımları buna imkan vermədi. Ona görə də Laçın yolundakı hazırkı vəziyyətlə bağlı hər hansı ciddi dəyişikliyin olacağını düşünmürəm”.

Ayşən Mustafa
Globalinfo.az