Söyüş müxalifəti təşviş içində: DTX-nin xarici ölkələrdə şöbələrinin yaradılması nəyə hesablanıb?

DTX-nin xarici ölkələrdə şöbələrinin yaradılması ilə bağlı Prezident İlham Əliyev dekabrın 28-də Sərəncam imzalayıb. Bu bəzi dairələr tərəfindən başqa cür təqdim edilir. Guya DTX-nin xaricdə şöbələrinin yaradılması dövlət əleyhinə müxtəlif ölkələrdə iş aparan şəxslərə qarşı yönələcək. Avropadakı söyüş müxalifəti bunu özlərinə təhdid hesab edir.

Maraqlıdır, DTX-nin xarici ölkələrdə şöbələrinin yaradılması hansı məqsədə xidmət edəcək: hədəf söyüş müxalifətidir, yoxsa erməni lobbisinə qarşı dövlətimizin daha effektiv siyasət yürütməsinə hesablanmış addımlardandır?

Ümumiyyətlə, Xarici Kəşfiyyat İdarəsi var ikən, DTX-nin xaricdə şöbələri niyə yaradılır?

Mövzunu Globalinfo.az-a şərh edən Milli Məclisin deputatı Arzu Nağıyev deyib ki, DTX-nin xarici ölkələrdə və ya səfirliklər nəzdində nümayəndəliklərinin yaradılması cənab Prezidentin sərəncamı ilə həyata keçirilir:

“Prinsip etibarilə bu gün müxtəlif xüsusi xidmət orqanlarının səfirliklərdə nümayəndəlikləri var və bundan sonra da olacaq.

Təbii ki, bu addım kiminsə xoşuna gəlməyə bilər. Bəzi Azərbaycan əleyhinə çıxış edən şəxslər bu qərarın onlara yönəldiyinə dair şərhlər verirlər. Bu şəxslər elə düşünür ki, onlar dövlət əleyhinə fəaliyyət göstərdikləri, heç bir fakta söykənməyən açıqlamalar verdikləri üçün belə bir qərar verilib.

Əslində isə real mənzərə tamam fərqlidir. Belə ki, dövlətin qarşısında daha qlobal məsələlər durur. Misal üçün, terrorla mübarizə, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və s. Bütün bunların qarşısını almaq üçün onlarla mübarizə aparan qurumların xarici ölkələrdə təmsilçilərinin olması lazımdır. Məsələn, DİN nümayəndəlikləri birbaşa səfirliklər ilə çalışır.

Hesab edirəm, DTX da dövlət və dövlətçilik istiqamətində öz vəzifəsini şərəflə yerinə yetirəcək”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da hesab edir ki, DTX-nin xarici ölkələrdə şöbələrinin yaradılması şöyüş müxalifətinə qarşı atılan addım deyil:

“Burada söhbət erməni lobbisinin fəaliyyətinin izlənməsi və Azərbaycan əleyhinə hansı işlərin görüldüyünü müəyyən etməkdən gedir. Avropada yaşayan və daha çox söyüş müxalifəti kimi tanınan şəxslərin həbsindən, ya da zərərsizləşdirilməsindən söhbət belə gedə bilməz.

Bu, bilavasitə dövlətin mənafeyinin qorunması üçün atlan addımdır. Onu da deyim ki, biz bu məsələdə heç də ilk deyilik. Bütün ölkələr bunu edirlər. Dünya praktikasına nəzər yetirdikdə ABŞ, İsrail kimi ölkələrin də bənzər təcrübədən istifadə etdiyini görə bilərik”.

Turan Rzayev
Globalinfo.az