Qarabağda vəziyyət dəyişir: “Bakı ABŞ və Rusiyanı buna məcbur qoydu”

ABŞ Dövlət katibi Entoni Blinken regiondakı mövcud vəziyyətlə bağlı bəyanat yayıb. O, Vaşinqtonun Qarabağa humanitar yardım üçün hər iki yolun eyni vaxtda açılması çağırışını təkrarlayıb.

Bəyanatda bildirilir ki, ABŞ iki ölkənin liderlərini gərginliyi artıran və ya bu məqsəddən yayındıran hər hansı addım atmamağa çağırıb. ABŞ-ın Laçın yolu ilə bağlı əvvəlki mövqeyi və son bəyanat arasındakı fərq diqqətdən qaçmayıb.

Bəs rəsmi Bakı Vaşinqtonun yanaşmasından nə dərəcədə məmnundur? ABŞ prosesin gedişatını hansı şəkildə istiqamətləndirmək istəyir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı Blinkenin bəyanatı ilə Rusiyanın son həmləsinə diqqət çəkib:

“Vaşinqtonun yanaşması əvvəl daha fərqli idi, xüsusilə Laçın yolundan maneəsiz keçiddən bəhs edilirdi. Lakin sonra rəsmi Bakının sərgilədiyi prinsipial mövqe qarşısında geri çəkildilər. Rusiya da Bakının şərtləri ilə razılaşdı, anladı ki, Ağdam-Xankəndi yolu açılmadığı müddətdə Laçın yolunun açılmasına nail ola bilməyəcək. Bu, ABŞ-ın da mövqeyinə təsir edir. Vaşinqton başa düşür ki, Azərbaycanın tələblərinə uyğun çıxış etməyəcəyi təqdirdə bizim üçün əsas qapı Rusiya olacaq. ABŞ Dövlət katibinin son açıqlaması rəsmi Bakının mövqeyini dəstəkləyir. Azərbaycanın konkret gündəliyi var, Ağdam-Xankəndi yolu açıldıqda, Laçın yolu da açılacaq və burada müvafiq gömrük qaydaları tətbiq ediləcək. Digər ölkələr nə qədər bununla bağlı narazılıq səsləndirsələr də, məsələyə çox da qarışa bilməzlər, çünki beynəlxalq hüquq var. Nəticədə proses Azərbaycanın dediyi şəkildə irəliləyəcək”.

A.Nərminalı bildirib ki, mövcud şərait Rusiya və digər gücləri Bakının mövqeyindən çıxış etməyə məcbur qoydu:

“Vaşinqtonun bəyanatı daha çox mövcud vəziyyətə uyğun bir yanaşmadır, bu vəziyyəti də rəsmi Bakı formalaşdırıb. Həm ABŞ, həm Rusiya, həm də Fransa Laçın yolu məsələsindən faktiki olaraq bölgəyə təsir üçün istifadə edirlər. Bu prosesdə Fransa Laçın yolunun birtərəfli qaydada açılması tələbi ilə çıxış edir. Rusiya isə Fransanı uzaqlaşdırmaq, üçüncü ölkələrin məsələyə müdaxiləsinin qarşısını almaq məqsədilə Azərbaycanın mövqeyindən çıxış etdi. Çünki Laçın yolu bağlı qaldıqca, kənar qüvvələrin prosesə müdaxiləsinə zəmin yaranır. İndiki halda yeganə çıxış yolu Bakının şərtlərinə uyğun hərəkət etməkdir ki, Moskva buna məcbur oldu. Beləliklə bölgədə maraqları olan digər qüvvələr də məsələyə yanaşmalarını dəyişməyə məcbur oldular.

Təbii ki, burada Fransanın mövqeyi heç bir həlledici əhəmiyyət daşımır, çünki praktiki olaraq müdaxilə imkanları yoxdur. Lakin Rusiyadan sonra ABŞ-ın da bu mövqedən çıxış etməsi bizim maraqlarımıza uyğundur. Ağdam-Xankəndi yolundan sonra, Laçın yolu da açılacağı halda mütləq şəkildə gömrük postunun qurulması qaçılmaz olacaq. Beləliklə, Laçın yolu zamanla arxa plana keçəcək, erməni əhalinin təminatı üçün sərfəli olmayacaq”.

Ayşən Mustafa
Globalinfo.az