Bakı Şəhər Halqasının keçmiş şöbə rəisi məhkəmə qarşısında

2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Çingiz Mehdiyev ifadəsi zamanı həyat yoldaşının ona qarşı əsassız ittihamlar irəli sürdüyünü deyib: “Amerikada banklarda işləmişəm. İşlədiyim müddətdə heç zaman pozuntulara yol verməmişəm. Maliyyə sektorundan ayrılandan sonra avtomobil idmanı sahəsinə keçdim. Pilot akademiyasının yaradılması barədə layihəm vardı. Bu layihə ilə bağlı o zamankı gənclər və idman naziri Azad Rəhimovla görüşdüm. Nazir layihəni bəyəndi. Daha sonra dedi ki, bu layihənin büdcəsini hazırla. Lahiyə pilotların hazırlanması, akademiyanın tikilməsi, müəllimlərin hazırlanması və başqa məqamları əhatə edirdi.

Sonra Azad Rəhimov mənə dedi ki, indi ölkə üzrə daha vacib layihələr var, mütəxəssis olduğum üçün məni 2015-ci ildə “Formula-1″-də işə götürdülər. İşə götürüləndə vəzifəm əməliyyatlar şöbəsinin rəisi idi. 2016-cı ildən isə vəzifəmin adı dəyişdi, idman əməliyyatları üzrə menecer oldum.

Avtomobil idmanında təcrübəm olduğu üçün mənə super lisenziya verdilər. Bu lisenziya əsasında da Formula-1 keçirmək olardı. Bu şəxsə verilən lisenziya idi. Yarışın keçirilməsi üçün xüsusi məhsullar alınmalı idi. Bu məhsullar da Azərbaycanda istehsal olunmurdu. Bu məqsədlə direktor Arif Rəhimov və satınalmalar üzrə direktor Zaur Məlikaslanovla birgə xaricə getdik, həmkarlarımızla görüşdük. Geri qayldandan sonra məhsulların satın alınması üçün 90 milyon manat vəsait ayrıldı. Bəzi məhsulların alınmasında çətinliklər yaranmışdı. Bu iş üzrə Azərbaycanda ixtisaslaşmış şirkət və ya ekspert yox idi. Ona görə də bu problemi həll edilməsi mənə tapşırıldı. Qiymətlərlə bağlı Cenevrədəki ofislə danışdım. Mənə əlaqələr verdilər. Qiymətlərlə bağlı konsultanların qiyməti saat başı hesablanır. Danışdığım şirkətdə qiymət ucuz idi. İki ay ərzində ümumi 350 min dollar edirdi.

Malların tədarükü ilə bağlı görüşlər keçirdik. Zaur Məlikaslanov xüsusi mallar haqqında anlayışı olmadığını dedi. Mənə deyildi ki, təcili minimal qiymətlərə həll etməliyəm. Mən də Dayton şirkətini təklif etdim. Mallar sifariş verildi və Dayton şirkətinə pul ödənildi.

Mənə maraqlıdır ki, prokurorluğun mütəxəssisləri 389 min manat yeyintini necə hesablayıblar? Mənə bu maraqlıdır. 9 il əvvəl olan yarışa alınmış malların dəyəri necə hesablanıb”.

Növbəti məhkəmə prosesində təqsirləndirilən Çingiz Mehdiyev məhkəmənin suallarınl cavablandıracaq.

Proses iyunun 3-də davam etdiriləcək.

İttihama görə, Çingiz Mehdiyev özünə etibar edilmiş külli miqdarda vəsaiti talamaq niyyəti ilə ofşor zonada – Seyşel adalarında cinayətdən xəbərsiz anasının adına yaratdığı şirkəti Formula 1 yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb. İstintaqla o, ümumilikdə 397 min 852 min manat dövlət vəsaitini mənimsədiyi üzə çıxıb.

Bundan başqa, Çingiz Mehdiyev ona etibar edilmiş vəsaiti hissə-hissə olmaqla 2020-ci ilin fevral-noyabr ayları arasında olan müddət ərzində qardaşı Zaur Mehdiyevin ABŞ-ın “Bank of America” bankında olan hesabına köçürməklə öz qulluq mövqeyindən istifadə etməklə 1 milyon 436 min 735 manat təşkil edən məbləği köçürməklə leqallaşdırıb .

Qeyd edək ki, Çingiz Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü ( vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Həmçinin 1 milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.

Xatırladaq ki, istintaq dövründə Ç.Mehdiyev mənimsədiyi məbləğin 100 min manatını dövlət büdcəsinə geri ödəyib.