Paşinyan hökumətində ziddiyyət: Qriqoryan üsyan bayrağı qaldırıb

Ermənistan Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) qaytarılması və sülh sazişinin imzalanması məsələsində “sürüşkən” mövqeyinə qayıdıb. Paşinyan ötən ay Tavuşa səfəri zamanı “kəndləri qaytarmasaq, müharibə olacaq” və “delimitasiyanı Tavuşdan başlaya bilərik” desə də onun müavini, delimitasiya üzrə komissiyanın sədri Mger Qriqoryan dünən parlamentin qapalı iclasında bundan imtina edib.

Qriqoryan bildirib ki, delimitasiyanın Tavuşdan başlanması ilə bağlı yekun qərar yoxdur: “Həmin bölgədə delimitasiyaya başlamaq qərarı fundamental məsələlər üzrə konsensus əldə ediləcəyi təqdirdə verilə bilər. Bunlar təhlükəsizlik, sosial-məişət və hüquqi məsələlərdir”.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, Baş nazir Nikol Paşinyanın açıqlamaları ilə onun hökumətinin üzvlərinin fikirləri arasında fərqliliklərin nəzərə çarpması yeni deyil:

“Belə fərqliliklər bir qayda olaraq, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı çıxış, açıqlama və bəyanatlarda özünü daha çox büruzə verir. Bu qəbildən olan ziddiyyətli fikirlərin bir neçə səbəbi ola bilər. Birinci səbəb rəsmi İrəvanın müstəqil mövqeyə sahib olmaması, xaricdən ötürülən istiqamətlər üzrə hərəkət etməsi ilə bağlı ola bilər.

Məsələn, Nikol Paşinyan ona Qərbdən ötürülən təlimatlara uyğun olaraq, Azərbaycan kəndlərinin azad edilməsinin zəruriliyindən danışır və bundan sonra başqa qütbün və ya regional oyunçunun, tutaq ki, İranın təzyiqi ilə qarşılaşır. Bundan sonra Mger Qriqoryanın vasitəsilə əvvəlki mövqeyindən imtina edir.

İkinci səbəb, daxili ictimai rəyin öyrənilməsi ilə bağlı ola bilər. Bu halda da Paşinyan ictimai rəyə bir mesaj ötürür, amma etirazların ciddi şəkil aldığını müşahidə etdikdən sonra, məsələn, Ararat Mirzoyanın vasitəsilə təzyiqi aşağı salmağa çalışır”.

Politoloqun fikrincə, Nikol Paşinyanın Azərbaycan kəndlərinin qaytarılması ilə bağlı fikirlərinin ikinci hissəsinə diqqət yetirmək lazımdır:

“Yəni önəmli olan və beynəlxalq rəyə ötürülən mesaj kəndlərin qaytarılmasından daha çox, müharibə ehtimalı ilə bağlıdır. Bununla rəsmi İrəvan silahlanmaya haqq qazandırmaq istəyir. Məsələn, Paşinyanın “müharibə olacaq” iddiasından sonra ABŞ-ın Ermənistandakı səfirinin bu ölkənin mediasına müsahibəsində hərbi əməkdaşlığa xüsusi diqqət çəkməsini təsadüfi hesab etmirəm.

Mger Qriqoryan

Qriqoryanın iddialarından isə bəlli olur ki, Ermənistan Qazax rayonunun 4 kəndi ilə bağlı məsələni alver predmetinə çevirmək istəyir. Mger Qriqoryan təhlükəsizlik, sosial-məişət və hüquqi məsələlərdən danışır. Çox güman ki, bu, Ermənistan tərəfinin kəndlərin azad edilməsi nəticəsində üzərimizə qoymaq istədiyi öhdəliklərdir. “Təhlükəsizlik” deyəndə Qriqoryan ola bilsin ki, kəndlər qaytarıldıqdan sonra sərhəd xəttinin ətrafındakı neytral ərazini nəzərdə tutur. Sosial-məişət məsələləri ilə bağlı iddialara gəldikdə isə, əslində bunun Azərbaycana heç bir aidiyyəti yoxdur.

Azərbaycan əraziləri qanunsuz olaraq məskunlaşdırılıb və yaxud istismar edilib. Mümkündür ki, Ermənistan bununla Qərbli tərəfdaşlarına mesaj ötürməyə çalışır ki, həmin ərazilərdən köçürüləcək şəxslərin başqa ərazilərdə yerləşdirilməsi üçün yardıma ehtiyacı var. Belə bir mesajın Azərbaycana ötürülməsini istisna edirəm. Bununla yanaşı, məlum olduğu kimi Azərbaycanın hazırda işğal altında olan ərazilərindən kommunikasiya xətləri keçir. Ola bilsin ki, təhlükəsizlik və hüquqi məsələlər barədə Qriqoryanın iddiaları həm də bu istiqaməti əhatə edir.

Bütün hallarda bu, Ermənistanın problemləridir. Çünki söhbət qanunsuz olaraq qəsb edilmiş ərazilərdən gedir və bu ərazilərlə bağlı bütün məsuliyyət və öhdəliklər Ermənistanın üzərinə düşür. İndiki halda Ermənistan rəsmilərinin dəyişkən mülahizələri hər zaman olduğu kimi yenə də prosesin uzadılmasına xidmət edir”.

Turan Rzayev
Globalinfo.az