O qadın Qafqazda Britaniya kralı kimidir – İstefa verib müxalifətə qoşulmalıdır

“Çərşənbə günü gürcü millət vəkilləri ictimaiyyətin getdikcə artan etirazlarına baxmayaraq, Qərb tərəfindən maliyyələşdirilən vətəndaş cəmiyyəti qruplarını “xarici agentlər” kimi qələmə verməyə şərait yaradacaq mübahisəli  qanun layihəsini ikinci oxunuşda təsdiq etdilər. Parlament üzvləri hökumətin təklif etdiyi qanunu 83 lehinə, 23 əleyhinə olmaqla  dəstəklədilər. Minlərlə vətəndaşın parlamentin binası qarşısında qanunun qəbul edilməsinə etiraz etmələrinə baxmayaraq, qanunun yaxın həftələrdə qəbul edilməsi istiqamətində yeni addım atıldı”.

Bu sözləri Globalinfo.az-a politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, qanun qəbul edildiyi təqdirdə Gürcüstanın xarici siyasət kursu tamamilə dəyişəcək:

“Ondan sonra Tbilisinin Avropa İttifaqına inteqrasiyasından ümumiyyətlə danışmaq mümkün olmayacaq. Çünki artıq bu blokun rəhbərləri Gürcüstan hökumətinə Aİ ilə ən azından namizədlik istiqamətində danışıqların dayandırılacağı barədə xəbərdarlıq ediblər.

Bəs Gürcüstan Prezidenti Salome Zurabişvili? Onun qəbul ediləcək qanunla bağlı mövqeyi necədir? Axı Gürcüstanda Avropaya inteqrasiya tərəfdarlarının ən başda gedən nümayəndəsi elə odur!

Zurabişvili prezident kimi hakimiyyətə başladığı gündən indiki hakimiyyətə müxalifətdədir, lakin səlahiyyətləri yoxdur. O, Britaniya kralı ilə eyni, hətta daha az səlahiyyətlərə malikdir. Amma çox gözəl başa düşür ki, hakimiyyətin siyasətini dəstəkləsə, böyük reputasiya itkisi ilə üzləşəcək. Məhz buna görə də sifətini qorumaq üçün “xarici agentlər haqqında qanun” ortaya çıxan gündən qəbul edilməsinə qarşı çıxdı. Hətta son hadisələr fonunda parlament təsdiq etsə belə, qanuna “veto” qoyacağını bəyan etdi”.

Ekspert deyib ki, Gürcüstan prezidentinin parlamentin qəbul etdiyi qanuna veto qoyması heç nəyi dəyişməyəcək:

“Parlamentarilər növbəti iclaslarda çoxluqla bu maneəni aşacaqlar. Deməli, “xarici agentlər haqqında qanun”unun qəbul edilməsinə mane olacaq məsələlər aradan qalxmış olur. Belə olan halda Zurabişvili öz sifətini sona qədər qoruya biləcəkmi, yəni sonadək Avropaya olan münasibətini müdafiə edəcəkmi?

Təbii ki, bu qanunun qəbul edilməsi prezident kimi onun imicinə vurulan növbəti, bəlkə də sonuncu zərbə ola bilər. Ona görə sonuncu ki, normal ölkələrdə, Gürcüstan özünü belələrdən hesab edir, prezident hakimiyyətlə yola getmədikdə ya parlament buraxılır, ya da prezident istefa edir. Zurabişvilinin parlamenti buraxmaq səlahiyyətləri əlindən çoxdan alınıb. İstefaya getmək isə hüququdur. İndiki şərtlər daxilində səlahiyyətsiz prezident kimi qalmaqdansa, istefa verərək müxalifətə qoşulmaq Salome xanım üçün daha faydalı olardı”.

Turan Rzayev
Globalinfo.az