Nazirlərin Vaşinqton danışıqları başlayır: ABŞ bu dəfə sülhə daha çox ümidlidir

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu gün Vaşinqtonda 3 gün davam edəcək görüşü başlayır. ABŞ rəsmiləri pozitiv proqnozlar verirlər. Onlar sülhün yaxın olduğunu və görüşdən müsbət nəticələr gözlədiklərini deyirlər.

Həmçinin Ermənistan rəsmiləri də bu görüşdən ümidli olduqlarını bildirilər.

Bəs Azərbaycan bu görüşdən nə gözləyir? Nə kimi müsbət irəliləyişlərə nail oluna bilər?

Mövzunu Globalinfo.az-a şərh edən Milli Məclisin deputatı Elman Nəsirov mayın əvvəlində keçirilən görüşü bu dəfəki ilə müqayisə edib:

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması üçün proseslər intensiv olaraq davam edir. Artıq Brüsseldə, Vaşinqtonda, Moskvada və Soçidə görüşlər keçirilib.

Müxtəlif platformalar iki ölkə arasında münasibətlərin normallaşmasına töhfə vermək istəyir. Yaxın üç gündə isə xarici işlər nazirləri arasında Vaşinqtonda növbəti görüş baş tutacaq. May ayının əvvəllərində keçirilən görüşə də nikbin yanaşılır, çox müsbət proqnozlar səsləndirilirdi. Təəssüf ki, formal baxımdan hər şey qaydasında olsa da, hər hansı ciddi nəticə əldə edilmədi”.

Elman Nəsirov

Deputat bildirib ki, proses çərçivəsində bəzi həllini gözləyən məsələlər var:

“İndi nəzərlər yenidən Vaşinqtondadır, tərəflər ABŞ Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə növbəti dəfə görüşürlər.

Yenə də proqnozlar müsbət və ümidvericidir. Yəqin ki, bu danışıqlarda da vacib məsələlər ətraflı şəkildə müzakirə ediləcək. İlk növbədə iki ölkə arasında nəqliyyat və kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin işə salınması, sərhədlərin delimitasiya və demarkasiyası ətrafında müzakirələr aparılacaq. Eyni zamanda iki xalq arasında etimad mühitinin formalaşması, Azərbaycan hökuməti ilə Qarabağda yaşayan erməni icması arasında birbaşa təmaslar, vətəndaşlıq məsələləri də danışılacaq.

Rəsmi Bakının bütün bu proseslərdə konkret prinsipial mövqeyi var. Prezident İlham Əliyev də bu prinsipləri dəfələrlə səsləndirib.

Artıq Ermənistan rəhbərliyi də Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir. Qarabağda ermənilərin hüquq və təhlükəsizliyi ilə bağlı həllini gözləyən bəzi məsələlər var ki, Azərbaycan Prezidenti bunun üçün ən yüksək səviyyədə təminat verir. Hesab edirəm ki, Vaşinqton görüşündə iki dövlət arasında proseslərin normallaşmasına dair razılaşmaların əldə edilməsi istisna olunmur. Təki bu razılaşmalar əməli addımlarla müşayiət edilsin”.

Ayşən Mustafa
Globalinfo.az