İran-İsrail qarşıdurması ABŞ-a milyardlar qazandırır – Gizli sövdələşmənin detalları

İranın İsrailə qarşı başlatdığı “Qisas” əməliyyatı gözlənildiyi kimi olmadı. Bir neçə saat davam edən və daha çox PUA hücumları ilə kifayətlənən əməliyyatlar hazırda dayandırılıb.

Maraqlıdır, İranın İsrailə hücumu niyə bu qədər qeyri-ciddi qarşılandı? Ən əsası, Tehran niyə bu hücumu belə qeyri-peşəkar və qeyri-ciddi təşkil etdi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, İranın İsrailə hücumunun “qisas şousu” olduğu aydın görünürdü:

“Kütləvi dronun buraxılması da hədəflərin vurulmasından daha çox görüntü yaratmağa hesablanmışdı. İranın İsrailə ciddi zərər vura biləcək silahları var, amma bundan istifadə etmədilər. Bəllidir ki, bu hücum öncədən ABŞ-la razılaşdırılıb. Əks təqdirdə, İran İsrailə hücum etməyin beynəlxalq səviyyədə müdaxilə ilə üzləşməsinə gətirib çıxacağını anlayır.

İsrailin hücumları qarşısında İranın cavab verməsi zərurəti yetişmişdi. Cavabın gecikməsi təkcə İran ictimai rəyində yox, Tehran rejiminin yaratdığı və təsirində saxladığı “müqavimət oxu”na daxil olan proksi qüvvələr arasında da imic zədələnməsinə səbəb olurdu. Bu baxımdan, Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ bazalarına razılaşdırılmış formada raket zərbələri endirdikləri kimi, indi də razılaşdırılmış şəkildə İsrailə hücum təşkil olundu. İran bununla da imicini xilas etdi, lakin təkcə qazanan Tehran deyil.

Bu qarşıdurma ilk növbədə ABŞ-a sərf edir. Bundan istifadə edərək, Yaxın Şərqdə hərbi mövcudluğunu artırır, eyni zamanda, dünyada neftin qiymətinin artmasından qazanır. İran-İsrail qarşıdurması nəticəsində ABŞ-ın xammal neftinin qiyməti 90 dollara yaxınlaşıb. İsrail isə bu hücumdan İran təhlükəsinin ciddiliyini nümayiş etdirmək baxımından yararlanır”.

Turan Rzayev
Globalinfo.az