Ermənistanın “yeni Köçəryan”ı aktivləşdi – Paşinyanın əsas rəqibi indi odur

Globalinfo.az politoloq Oqtay Qasımovla müsahibəsini təqdim edir:

– Ermənistanda kilsə və hakimiyyət qarşıdurması açıq müstəviyə keçir. Burada əsas motiv Qarabağ məsələsidir. Ermənilərin katolikosu II Qaregin artıq məhv olmuş “artsax” iddiasından əl çəkmir. Bu mənada o, həm də Ermənistanın sabiq prezidenti Robert Köçəryanı xatırladır. Maraqlıdır, kilsə ilə Paşinyan arasındakı qarşıdurmada Azərbaycan necə mövqe tutur?

– Ermənistan Baş naziri Nikol Paşinyanla erməni kilsəsi arasındakı münasibətlər 44 günlük Vətən müharibəsindən sonra gərginləşməyə başlayıb. 2021-ci ilin əvvəllərində Nikol Paşinyanın Zəngəzura səfəri zamanı Qarakilsədə (Sisian) keşiş onunla salamlaşmaqdan imtina edərək, kilsəni tərk etməsini istəmişdi. Yəni həmin vaxtdan Paşinyanla erməni kilsəsi arasındakı gərginlik açıq müstəviyə keçib. Səsləndirilən fikirlər Ermənistan hakimiyyətinin apardığı siyasətə heç də uyğun gəlmir. Bu səbəbdən Nikol Paşinyan ermənilərin katolikosu II Qareginin il sonu çıxışının İctimai Televiziyada verilməsinin qarşısını aldı. Lakin o, yenidən revanşist fikirlər səsləndirib, Qarabağ məsələsinin bitmədiyini qeyd edib və erməniləri silahlanmağa çağırıb. Bu da hökumət və kilsə arasındakı uçurumu daha da dərinləşdirib. Kilsə dünya erməniliyi ilə münasibətləri qorumaqdadır. Dünya erməniliyi, diaspor və kilsə siyasi hakimiyyətə zidd mövqe tuturlar. Azərbaycan isə bölgədə sülhün tərəfindədir. 44 günlük savaşdan sonra qalib gələn ölkəmiz sülh prosesini həyata keçirmək üçün 5 baza prinsipindən ibarət təklif irəli sürüb.

– Bu konfliktdə kilsənin məğlub olması Azərbaycana sərf edir?

– Kilsə və siyasi hakimiyyət arasındakı mübarizədə Nikol Paşinyanın üstün gəlməsi və onun siyasi xəttinin həyata keçməsi bölgə üçün daha uyğun variantdır. Erməni kilsəsi erməni faşizminin əsas ideoloji mərkəzi rolunu oynayır. Katalikos Qareginin son açıqlamalarında bu, bir daha öz əksini tapır.

– Kilsə amili zəifləsə, Ermənistanda siyasi hakimiyyət güclənər: bu, balansı poza bilərmi?

– Kilsə amilinin erməni cəmiyyətində zəifləməsi real görünmür. Siyasi hakimiyyət daha güclü olarsa, o zaman öz siyasi xəttini həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, kilsə tarix boyu erməni xalqını birləşdirən əsas mərkəz rolunu oynayıb. Faktiki olaraq dövlət funksiyalarını da üzərinə götürüb. Sadəcə zaman-zaman siyasi hakimiyyətlə kilsə arasındakı münasibətlərdə eniş və yüksəlişlər olub. Erməni cəmiyyəti kilsəyə nə qədər bağlı olsa da, onun real düşünən kəsimi hazırda savaşın olmasında maraqlı deyil. Qonşularla normal münasibətlərdə tərəfdar kimi çıxış edir.

Safura Bənnayeva
Globalinfo.az