Böyük son başlayır: Paşinyan kilsəyə hücum əmri verdi

Erməni Apostol Kilsəsi ilə Paşinyan administrasiyası arasında gərginlik pik həddə çatıb.

Globalinfo.az xəbər verir ki, Paşinyan administrasiyasının Rusiyaya simpatiya bəsləyən şəxslərin böyük qismini hakim dairələrdən uzaqlaşdırması, eləcə də Rusiyaya qarşı antitəbliğatı açıq müstəviyə keçirməsi Erməni Apostol Kilsəsinin katalikosu II Qaregində narazılığı artırıb.

Digər tərəfdən II Qaregin hökumətin İstanbul konvensiyasına xoş münasibət bəsləməsi, eləcə də dinin təsirinin ictimaiyyət üzərində azaltmağa çalışılmasına da kəskin etiraz etməyə başlayıb. Məhz buna görədir ki, keçən ay Paşinyanın Rusiyanı hədəf alan çıxışlarından sonra bəyanat yayan II Qaregin rəsmən İrəvanın elan etdiyi xəttə qarşı çıxıb. Üstəlik, Qaregin bəyanatında Qarabağın Ermənistan tərəfindən müdafiə olunması gərəkdiyini bildirməklə yanaşı, ondan imtinanın uğurlu nəticə verməyəcəyini də deyib. Bununla Paşinyanın Qarabağdan imtina kursuna mane olmağa çalışan II Qaregin digər tərəfdən də kilsənin nüfuzunu ictimaiyyəti hakimiyyətlə üz-üzə qoymağa sərf edərək, Moskvanın mövqelərinin zəifləməsinə mane olmağa çalışıb.

II Qareginlə hakimiyyətə gəldiyi gündən ulduzu barışmayan Paşinyan isə Erməni Apostol Kilsəsinin həmləsinə bu gün cavab verib. Belə ki, arxiyepiskop Navasard Kçoyan Ermənistan Baş Prokurorluğunun Qanunsuz Əldə Edilmiş Əmlakın Müsadirəsi İdarəsinə dəvət edilib. Baş Prokurorluq niyə arxiyepiskopun idarəyə çağırıldığını rəsmi şəkildə açıqlamayıb. Maraqlı məqam bu idarəyə indiyə qədər heç bir dini xadimin dəvət edilməməsi olub. Görünür, Kçoyan sayəsində Paşinyan Erməni Apostol Kilsəsini də özünün nəzarəti altına alması prosesini başladıb.

Qeyd edək ki, 2018-ci ildə hakimiyyətə gəldikdən sonra Paşinyanla II Qaregin arasında münasibətlər gərgin olub. Paşinyan müxtəlif vasitələrlə II Qaregini katalikosluqdan uzaqlaşdırmağa və onun yerinə Böyük Kilikiya Evinin katalikosu I Aramı gətirməyə cəhd edib. Bütün cəhdlərinə baxmayaraq, II Qaregini vəzifəsindən uzaqlaşdırmaq mümkün olmayıb, amma əvəzində onun rəsmi tədbirlərə buraxılışı maksimal şəkildə azaldılıb.

Aqşin
Globalinfo.az