Ermənilərin gözləntisi: Kılıçdaroğlu hakimiyyətə gələcək, sonra isə… – Politoloq

Mayın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra Ermənistanla sərhəddə vəziyyət yenidən gərginləşib. Son günlərdə cəbhə xəttində və sərhəddə tərəflər arasında lokal toqquşmalar sıx-sıx yaşanır. Azərbaycan həm diplomatiya masasında, həm də cəbhədə mübarizə aparır. Sülh prosesi ilə bağlı müzakirələrin genişləndirildiyi, Vaşinqton, Brüssel görüşlərindən sonra, Moskvada da müzakirənin gözlənildiyi bir müddətdə paralel olaraq toqquşamaların yaşanması proseslərin inkişafını sual altına alır.

Bəs sərhəd toqquşmaları niyə səngimir?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Ramiyə Məmmədova üçtərəfli görüşün nəticəsini dəyərləndirib:

“Əvvəllər də proseslə bağlı görüşlər keçirilib. Ötən gün Brüsseldə keçirilən üçtərəfli görüşün indiki zamanda digər görüşlərdən çox da böyük bir fərqi yoxdur. Burada problem odur ki, Ermənistan məsələni tamam həll etmək niyyətində deyil. Dünənki görüşdən sonra Ermənistanın Azərbaycanın 86,6 min kvadrat kilometr, Azərbaycanın isə Ermənistanın 29,7 min kvadrat kilometr ərazisini tanıması ilə bağlı məlumatlar yayıldı. Amma Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin açıqlamalarında konkret razılaşmanın əldə edilmədiyini görürük. Görüş 4 saat çəksə də, əvvəlkilərdən fərqli bir nəticə əldə olunmadı. Ermənistanın bu prosesdə böyük gözləntiləri var. İrəvan hesab edir ki, ona beynəlxalq aləmdən dəstək gələcək və proses onun xeyrinə həllini tapacaq.
Ermənistan Fransa, ABŞ, Avropa dövlətlərinin ciddi dəstək verəcəyinə inanır və buna arxalanmağa çalışır. Rusiyanı isə çox da nəzərə almır, çünki bu dövlət hazırda bölgədədir və ikili standart sərgiləyir. Biz sülhməramlıların separatçılara şərait yaratdığını dediyimiz kimi, ermənilər də Rusiyanın Qarabağda Azərbaycanla ortaq çalışdığını iddia edirlər”.

Ramiyə Məmmədova

Politoloq hazırkı vəziyyətdə sərhəddə təxribatların davam edə biləcəyini söyləyib:

“Hazırda Ermənistanda Türkiyədəki seçkiləri yaxından izləyirlər. Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olmasına baxmayaraq, ermənilər Kamal Kılıçdaroğlunun hakimiyyətə gələrək Bakıya qarşı fərqli mövqe sərgiləcəyinə ümüd edirlər. İrəvan Rəcəb Tayyib Ərdoğanın prezidentlikdən getməsinin onlara müəyyən üstünlük gətirə biləcəyinə inanır.

Ermənistan artıq Rusiyaya çox da güvənmir. ABŞ-a, Avropaya sığınmağa çalışır. Lakin hər dəfə danışıqlar ərəfəsində, ya da sonra sərhəddə təxribatlar baş verir. Bir neçə gün öncə Nikol Paşinyan Rusiyaya səfər etdi və iki gün sonra sərhəddə toqquşma oldu. Bu, birmənalı olaraq Ermənistanın sülh niyyətində olmamasının göstəricisidir. İrəvan hələ də Qarabağdakı separatçılara dəstək verir. Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulmasından ciddi şəkildə narahatdır və aradan götürülməsinə çalışır. Ermənistanın yaxın gələcəkdə sülh müqaviləsinə imza atacağını gözləmirəm. Cəbhədə təxribatlar davam edə, münasibətlər daha da gərginləşə bilər. İrəvan bu oyunları ilə Azərbaycan xalqının səbrini də tükədəcək ki, bu, heç də onun xeyrinə deyil. Separatçıların ərazidən təmizlənməsində Ermənistanla yanaşı, Rusiya faktoru da var”.

R.Məmmədova ümumilikdə Avropada həyata keçirilən görüşlərə də toxunub:

“Sülh prosesi ilə bağlı Brüssel müzakirəsi də daxil, Avropada həyata keçirilən görüşlərin iki ölkə arasında problemlərin həllində real rola malik olmadığı görünür. Məqsəd Rusiya ilə gərginliyi artırmaq, onu bölgədən uzaqlaşdırmaq ola bilər. Avropa Birliyi rəsmiləri Rusiya-Ukrayna müharibəsinə münasibətində bu döyüşlərin Rusiya zəifləyənə kimi davam etdiriləcəyini etiraf etmişdilər. Başqa ölkələrin taleyi onlar üçün əhəmiyyətli deyil. Azərbaycan və Ermənistan arasındakı gərginliyin aradan qaldırılmasında iştirak etməyə can atmalarının səbəbi də Rusiyanın regiondan çıxarılmasıdır”.

Qeyd edək ki, mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçirilib. Ş.Mişel tərəflər arasında daha 3 görüşün keçiriləcəyini söyləyib.

Ayşən Mustafa
Globalinfo.az