Bu dövlət türk ölkələrini təsirinə salır – Kremlin “arxa bağçası” tutulur

Rusiyanın başının Ukrayna müharibəsinə qarışması fonunda böyük güclər Kremlin “arxa bağçası” hesab edilən regionlara nüfuz edərək, onu buralardan çıxarmağa, nüfuzunu qırmağa çalışır. ABŞ və Qərb son zamanlar Cənubi Qafqazda Ermənistan-Azərbaycan arasında sülhə nail olmağa çalışaraq, əslində, həm də Rusiyanı bu regiondan çıxarmağa cəhd edirlər.

Rusiyanın “arxa bağçası” hesab edilən digər bir regiona – Mərkəzi Asiyaya göz dikən başqa bir güc də var. Söhbət Çindən gedir.

Mayın 18-19-da Çinin Sian şəhərində Çin-Mərkəzi Asiya sammiti keçirildi. Çin rəhbəri Si Szinpin qədim İpək Yolunun başlanğıc nöqtəsi olan şəhərdə Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan liderlərini qəbul etdi.

Maraqlıdır, rəsmi Pekin Moskvanı arxadan vurmağa hazılaşır? Çin sürətlə Mərkəzi Asiya ölkələrinə yaxınlaşaraq onları Kremlin orbitindən çıxarıb, öz təsir dairəsinə salmaq istəyir? Rusiya və ABŞ-ın buna reaksiyası necə olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan MAAM Türküstan Araşdırmalar Departamentinin eksperti Kamran Sultanlı deyib ki, bu görüş Türküstan regionu uğrunda gedən rəqabətin növbəti nişanəsidir:

“Əlbəttə ki, nə Rusiya nə də ABŞ Çinin Mərkəzi Asiya ölkələrini sürətlə öz təsir dairəsinə alması ilə barışmayacaq. Təsadüfi deyil ki, buna qədər Rusiya və ABŞ tərəfinin də Mərkəzi Asiya beşliyi ilə görüşü baş tutub.

Ümumiyyətlə region hazırda 4 böyük güc mərkəzi Aİ, ABŞ, Rusiya və Çin arasında əsas nüfuz mübarizəsinin getdiyi bölgədir. Ümumiyyətlə Rusiya və Çin regionun əsas iki qonşusu, ABŞ və Aİ isə Avrasiyada daimi maraqları olan və qlobal hegemonluq baxımından əhəmiyyətli hesab etdikləri bölgədə nüfuzlarını artırmağa maraqlıdırlar. Eyni zamanda biz ingilis-sakson siyasətinin “Heartland” strategiyasına əsasən deyə bilərik ki, ABŞ-ın Ukraynadan sonra əsas marağında olan bölgə məhz bu region olacaq.

ABŞ hesab edir ki, Rusiya və Çin arasında müttəfiqlik struktural olaraq mümkün deyil, çünki bu iki güc teluokratik(quru gücü) imperiyalardır və onlar üçün quruda genişlənmə strateji əhəmiyyətə malikdir, bu baxımdan ABŞ Rusiyanı Qara dəniz və Baltikdə Şərqə doğru, Çini isə Cənubi Çin dənizində Qərbə doğru sıxışdırmaqla bu iki gücün Mərkəzi Asiyada toqquşmasına səbəb olmağa çalışır. Çünki əgər Rusiya Qərbdə Şərqə doğru sıxışdıralarsa, Çin isə Cənubi-Çin dənizində Qərbə doğru sıxışdırılarsa hər iki ölkə Avropa, Orta, Şərq və digər bölgələrə çıxmaq üçün Orta Asiyaya daha çox ehtiyac duyacaq. Xüsusilə Rusiya üçün burada Hind okeanına çıxış üçün Cənubi Qafqaz və Orta Asiyanın əhəmiyyəti daha çox artmış olur”.

Ekspertin sözlərinə görə, Rusiya Ukraynaya müdaxilə etdikdən sonra Mərkəzi Asiyaya təsir gücü də zəifləyib:

“Amma bunu da unutmaq olmaz ki, Rusiyanın bu regionda 200 illik imperial təsiri, rus etnosunun bölgədə kompaktlığı, Rusiyanın hərbi mövcudluğu və dərin iqtisadi əlaqələri var. Buna görə hələlik bu regionda Rusiyanı bitirmək çox tezdir. Amma Rusiya artıq bu regionda yeganə güc sahibi deyil. ABŞ və Aİ Cənubi Qafqaza müdaxilələr həyata keçirir və deyə bilərik ki, bu bölgədə nüfuzunu genişləndirə bilib, böyük ehtimal növbəti hədəf Mərkəzi Asiya olacaq.

Çin üçün bu bölgənin təhlükəsizliyi əhəmiyyətlidir. Çünki bu həm Çinin “bir kəmər bir yol” qlobal nəqliyyat lahiyəsinin əsas halqasıdır, eyni zamanda Çinin Avropaya tədarükündə yeni önəmli istiqamətdir. Bu baxımdan Çin və Qərb bu bölgənin təhlükəsizliyində maraqlıdır”.

Turan Rzayev
Globalinfo.az