İsa Qəmbər qayıtdı, Arif Hacılı Müsavatdan gedir?

Müsavat Partiyasının başqanı olmaq üçün 10 il sonra yenidən namizədliyini irəli sürən İsa Qəmbərin sədr seçilməsi müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə bu seçkidən sonra partiyanın sabiq sədri Arif Hacılını siyasətdən uzaqlaşacağı bildirilib. 

Globalinfo.az-a danışan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının dediklərinə görə, Arif Hacılı Qurultaya Hazırlıq Üzrə Təşkilat Komissiyasının yığıncağı və bugünkü çıxışında siyasətə davam edəcəyini bildirib.

G.Aslanlı deyib ki, siyasətdə qalmaq və ya getmək A.Hacılının seçimidir:

“Bizim nizamnaməmizə əsasən, keçmiş başqanlar partiyanın məclis üzvü olurlar. Arif bəy də artıq partiyanın məclis üzvüdür. Partiyada vəzifə tutub-tutmayacağı öz istəyindən asılıdır. Əgər istəyərsə, Müsavat Partiyasında onun üçün kifayət qədər tutmağa vəzifələr var. Bunu isə zaman göstərmiş olacaq. Hazırda qurultay hələ davam edir. Məclisin nəticələri elan olunduqdan sonra hər şey dəqiq bilinəcək”.

G.Aslanlı namizədliyini geri götürən iki şəxsin – Osman Kazımov və Natiq Mehdiyevin son anda fikirlərindən daşınmaları haqda danışıb:

“Onların namizədliyini geri götürmələrinin əsas səbəbi İsa Qəmbərin gəlişi oldu. İkisi də dedilər ki, İsa bəyin namizədliyini irəli sürəcəyini düşünməyiblər. Yəni hörmət əlaməti olaraq və eyni zamanda Müsavat Partiyası üzvlərinin fikirlərinin hansı yöndə olduğunu dərk edərək bu addımı atıblar”.

Zaira Akifqızı

Globalinfo.az