Üç böyük gücün əhatəsindəki Azərbaycan – Nələr yaşana bilər?

Hazırda Azərbaycanın qonşu Rusiya ilə münasibətləri inkişaf xətti üzrə irəliləyir. İranla da münasibətlərdə gərginliyin əvvəlkinə nisbətən azalması müşahidə olunur. Vaxtaşırı İran rəsmilərinin Azərbaycana ünvanlanan isti mesajlarına, açıqlamalarına rast gəlirik.

Eyni zamanda Çinlə də siyasi, iqtisadi və ticari sahədə əməkdaşlıq, münasibətlərin inkişafı müşahidə olunur. Bu ölkə ilə böyük layihələrin həyata keçirilməsinə start verilib. Lakin paralel olaraq Qərblə münasibətlərdə müəyyən problemlər nəzərə çarpır.

Bəs rəsmi Bakı Qərblə – onun ayrı-ayrı institutları və ölkələri ilə (AŞPA, Aİ, Fransa) münasibətləri normallaşdırmaq üçün hansı addımları atmalıdır? Bakı Rusiya, İran, Çinlə münasibətlərin yüksək həddə çatdırılması fonunda Qərblə hansı münasibətlər sistemi quracaq?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Sultan Zahidov bildirib ki, hazırda Qərblə münasibətlərdə müəyyən problemlər nəzərə çarpır:

“Sözsüz ki, burada səbəbkar Azərbaycan deyil, bəzi Qərb ölkələrinin yürütdüyü qərəzli siyasətdir. Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri də bütün dövlətlərlə beynəlxalq hüququn bərabərtərəflilik prinsipləri əsasında münasibətlər qurmaqdır. Sadəcə Qərbin bəzi ölkələrin, o cümlədən, Fransanın Cənubi Qafqazda yürütdüyü deskruktiv siyasəti Azərbaycanın gözlənilən reaksiyaları ilə üzləşdi. Fransa Ermənistan kartından istifadə edərək Cənubi Qafqazda, eyni zamanda Mərkəzi Asiya regionunda özünün geosiyasi və geoiqtisadi ambisiyalarını həyata keçirmək istəyir. Azərbaycan da haqlı şəkildə bu prosesə mane olmağa çalışır”.


Sultan Zahidov

Politoloq qeyd edib ki, hazırda dünya geosiyasətində böyük qüvvələr balansında dəyişikliklər baş verməkdədir:

“Bir tərəfdə Rusiya-Çin-İran, digər tərəfdə Qərb çox ciddi konfrontasiya ilə üz-üzədir. Bu vəziyyətin Üçüncü Dünya müharibəsinə gətirib çıxaracağı bir çox ekspertlər tərəfindən qeyd edilib. Bütün baş verənlərin fonunda Bakı üçün ən uyğun siyasət hər iki tərəflə balanslı münasibət saxlamaqdır. Bu gün Azərbaycan ABŞ, Böyük Britaniya, Avropa Birliyinin bir çox ölkələri ilə normal qarşılıqlı münasibətlərə malikdir. ABŞ-la yaranan bir sıra problemlər də müəyyən qədər öz həllini tapıb. Fransa istisna olmaqla Qərbin bir çox ölkələri ilə siyasi, iqtisadi, ticari münasibətlərə malikik”.

S.Zahidov deyib ki, Bakı hər nə qədər Tehran və Moskva ilə münasibətləri inkişaf etdirsə də, diqqətli olmalıdır:

“Çin xarici siyasətində heç zaman hansısa ölkənin daxili işlərinə qarışmayıb. Pekinin bir çox ölkələrlə normal münasibətləri var. Azərbaycanın son dövrlərdə İran və Rusiya ilə münasibətlərində yaxınlaşma müşahidə olunur. Lakin bu, Tehran və Moskvanın Bakının maraqlarına xidmət etdiyi mənasına gəlmir. Hazırda geosiyasi vəziyyət Rusiya və İranın Azərbaycanın mövqeyini dəstəkləməyi tələb edir. Sirr deyil ki, müstəqillik əldə edildiyi gündən bu yana Azərbaycana qarşı ən böyük təhdid göstərənlər də məhz bu iki ölkə olub. Unutmamalıyıq ki, Ermənistana da ən böyük dəstəyi onlar edib. Azərbaycan mövcud geosiyasi dəyişikliklərdən maksimum şəkildə faydalanmalıdır. Bakı Tehran və Moskvanı regional güc olaraq nəzərdən keçirir və onlarla münasibətləri inkişaf etdirməkdə maraqlıdır”.

Ayşən Mustafa
Globalinfo.az