NATO-dan bir ilk: Rusiya və Çində təşviş başladı

“İkinci Dünya müharibəsindən sonra iki blok formalaşmışdı, Qərb ölkələri və Türkiyə NATO-da toplandılar, SSRİ və onun təsiri altındakı Şərqi Avropa dövlətləri Varşava Müqaviləsi Təşkilatını yaratdılar. SSRİ-nin dağılması ilə Varşava Müqaviləsi Təşkilatı dağıldı və bu təşkilatın keçmiş üzvlərinin əksəriyyəti NATO-ya üzv qəbul edildilər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiya rəsmiləri 1991-2000-ci illər arasında NATO-ya ehtiyac olmadığını deyirdilər:

“Kremlin məntiqi sadə idi: “SSRİ yoxdursa və “soyuq müharibə” bitibsə, NATO-ya da ehtiyac olmamalıdır”. NATO ölkələri fərqli düşünürdülər. Rusiyanın 2008-ci ildə Gürcüstana, 2014-cü və 2022-ci ildə Ukraynaya hərbi müdaxilələri NATO-nun davamlılığının vacibliyini bir daha təsdiq etdi. Uzun onilliklər neytral siyasətə üstünlük verən Finlandiya və İsveç belə Şimali Atlantika Blokuna üzvlüyə qərar verdilər.

Elxan Şahinoğlu

Beləliklə, NATO Avropanın tamamında möhkəmlənib, növbəti hədəf Ukraynanın təşkilata üzvlüyünü təmin etməkdir. Bu, çətin olacaq, çünki Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi davam edir. Müharibə bitməyənə qədər Ukraynanın Şimali Atlantika Blokuna üzvlüyü problematikdir. Ancaq müharibə bitdikdən sonra Ukraynanın NATO-ya üzvlüyü aktuallaşacaq və bu məsələ müsbət həll ediləcək”.

Politoloq deyib ki, NATO-nun təhlükəsizlik maraqları Avropanın hüdudlarını aşıb:

“Suriya və Liviyadakı müharibələr göstərdi ki, NATO ölkələri Avrasiya bölgəsindəki təhlükəsizlik məsələlərinə də diqqət ayırmaq məcburiyyətindədirlər. NATO Əfqanıstandakı əməliyyatlarda da iştirak edirdi. NATO-nun fəaliyyət dairəsini genişləndirməsi Rusiya və Çini narahat edir.

NATO uzaq Yaponiyada ofis açmaq qərarı verib. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin NATO-nun Yaponiyada ofis açmaq niyyətinin və şərqə doğru irəliləməsinin regionda sabitliyi pozacağını deyib. Onun sözlərinə görə, Asiya “geosiyasi döyüşlərə səhnə olmamalıdır”. NATO Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya kimi təhlükəsizlik tərəfdaşları ilə danışıqları asanlaşdırmaq üçün Yaponiyada ilk əlaqə ofisini açmağı planlaşdırıb. Yaponiyada NATO ofisinin açılması Çin və Rusiyanın bölgədə artan hərbi gücü ilə əlaqəlidir. Rusiya və Çin həm quruda, həm də okean və dənizlərdə birgə hərbi təlimlərin sayını artırıblar. Bu fəallığa NATO seyrçi qalmaq istəmir”.

Turan Rzayev
Globalinfo.az