Azərbaycan xalqını nə gözləyir? – İqtidar və müxalifət baxışı

Beynəlxalq aləmdə, daxili və xarici siyasi arenada Azərbaycan üçün çox ciddi siyasi dəyişikliklər baş verdi. Yeni şərtlər və şərait yarandı. Artıq bütün sistemin yenilənməyə doğru getdiyi, hətta iqtidar və müxalifətdə baxış, vitrin dəyişikliyinə ciddi ehtiyac olduğu bildirilir.

Bu gün baş verən tarixi hadisələrin Azərbaycanı kökündən dəyişəcəyi qeyd olunur. Referendumun keçirilə biləcəyi, köklü məhkəmə islahatlarının olacağı, media ilə bağlı yeni qərarların verilə biləcəyi, Milli Məclisə erkən seçkilərin keçiriləcəyi müzakirə olunur.

Bəs yeni dövrün şərtlərinə uyğun olaraq həyata keçiriləcək dəyişikliklər hansı sahələri əhatə etməlidir?

Milli Məclisin deputatı Elman Nəsirov Globalinfo.az-a açıqlamasında bundan sonrakı mərhələdə Azərbaycanı gözləyən məqamları nəzərə çatdırıb:

Elman Nəsirov

“Bu bir həqiqətdir ki, son 20 il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyub. Artıq “işğal olunmuş ərazilərimiz” ifadəsi yoxdur. “Dağlıq Qarabağ” yoxdur, Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonları var. Bu tarixi zəfər, bütün ərazilərimiz üzərində suverenliyimiz tam və qəti təmin edilməsi yeni geosiyasi reallıqlar yaradıb. Eyni zamanda bu proses ölkədaxili vəziyyətə də təsir edəcək. Hesab edirəm ki, artıq bu kontekstdə iqtidar-müxalifət münasibətlərində də köklü dəyişikliklər baş verməlidir. Mənə elə gəlir ki, ümumiyyətlə radikal müxalifət Azərbaycan siyasi səhnəsindən getməlidir. Hər bir demokratik dövlətdə müxalifət var. Bu təbiidir, iqtidar varsa, onun tənqidçiləri də olmalıdır. Ancaq müxaliflik dövlətçiliyə qarşı olmamalıdır. Bu, xəyanətdir. İqtidara, onun atdığı addımlara qarşı müxalif olmaq olar, tənqid etmək olar. Bununla yanaşı iqtidarın bəyənilən addımlarını da təqdir etmək lazımdır”.

Deputat bildirib ki, müxaliflik yaxşı olana pis demək mənasında qəbul edilməməlidir:

“Ona görə də, necə ki, Qarabağdakı separatçı “rejim” özünü buraxmış elan etdi, radikal müxalifət də siyasi səhnədən getməlidir. Onlar özlərində güc tapıb bu addımı atmalıdırlar. Çünki onların bundan sonra deyəcəkləri heç nə qalmayıb. Azərbaycan Prezidenti torpaqlarımız üzərində tam suverenliyimizi bərpa etdi, Xankəndidə bayrağımız dalğalanır. Düşünürəm ki, ümumiyyətlə postsovet məkanında belə bir tarixi addımı atan ikinci bir lider yoxdur. Əgər radikal müxalifət konstruktiv müxalifətə transformasiya etsə, bu onlar üçün çox faydalı olar. Onlar sadəcə tənqid etməklə kifayətlənməməli, özünün konkret təhlillərini verməlidir. Konstruktiv müxalifət də məhz budur. Hesab edirəm ki, yeni şərait, baş verən dəyişikliklər müxalifətin də sıralarına təsirsiz ötüşməyəcək”.

E.Nəsirov ölkədaxili bir çox məsələlərdə köklü dəyişikliklərin olacağını qeyd edib:

“Bu gün Əli Kərimli Xankəndi, Xocalı, Xocavənddə bayrağımızı qaldırmasında Azərbaycan Prezidentinin bir dəfə də olsun misilsiz xidmətlərinin adını belə çəkməyib. Eyni zamanda rus sülhməramlılarının ərazidən çıxarılması məsələsini gündəmə gətirir. Bu, onsuz da hazırda aktualdır. Onların 2025-ci ilə kimi mandatı var, istisna deyil ki, yeni reallıqda bu mandat daha erkən başa çatsın. Yeni tarixi reallıq ölkəmizdə islahatların dərinləşməsi məsələsinə yeni baxış tələb edəcək. Hesab edirəm ki, 2018-ci ilin aprel ayından Prezident İlham Əliyevin başladığı dərinləşdirilmiş və hərtərəfli islahatlar kursu indi daha da irəli gedəcək. Bütün sferalarda, siyasi, iqtisadi sahələrdə, məhkəmə sistemində daha ciddi islahatların həyata keçirilməsi istisna deyil. Bu fonda ölkəmizdə referendumun da keçirilməsi müzakirə edilir. Onun konkret vaxtı bilinməsə də, bu bir ictimai sifarişə çevrilib. Müəyyən sahələrdə yeni reallığa uyğun olaraq referendumun keçirilməsi məsələsi aktuallaşa bilər. Bu gün fəxarət hissi ilə qeyd edə bilərik ki, Müzəffər Azərbaycan Prezidenti, yenilməz ordumuz və dəmir yumruğa çevrilmiş xalqımız bu gün sinonimləşmiş sözlər kimi çıxış edir”.

AĞ Partiya başqanı Tural Abbaslı mövzu ilə bağlı Globalinfo.az-a açıqlamasında sözügedən dəyişikliyin 3 il əvvəldən gözlənildiyini deyib:

Tural Abbaslı

“Biz əslində, 44 günlük Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycanda münasibətlər sisteminin, proseslərə yanaşmanın dəyişəcəyini düşünürdük. Lakin obyektiv, yaxud subyektiv səbəblərdən bu məsələ uzandı. Biz də haradasa qəbul etdik ki, hələ Xankəndi, Xocalı, Xocavəndlə bağlı məsələlər var. Rusiya başda olmaqla ABŞ və Avropanın müəyyən təzyiqləri müşahidə olunurdu. Belə bir vəziyyətdə islahatlar dediyimiz proses ləng gedə bilər. Bu başadüşülən idi və biz də anlayışla qarşıladıq. Şükürlər olsun, Xankəndidə bayrağımız dalğalanır. Təbii ki, yeni hədəflərimiz olmalıdır. Zəngəzur, Basarkeçər, Göyçə mahalı kimi tarixi torpaqlarımızı unutmaq olmaz.

Düşünürəm ki, bir mərhələ tamamlandığı üçün, münasibətlər sistemində də yeni dövrə qədəm qoyulmalıdır. Siyasi sahədə, mediaya, məhkəmə sisteminə, ümumiyyətlə dövlət-vətəndaş, müxalifət-iqtidar münasibətlərinə yeni qalib və ərazi bütövlüyünü təmin etmiş dövlət prizmasından yanaşmağa ehtiyac var. Yeni yaranmış vəziyyətdə proseslərə daha geniş baxmaq, demokratik və şəffaf olmaq lazımdır. Çünki biz 2020-ci ildən bu günə kimi Azərbaycanın üzərinə demokratiya, şəffaflıq, söz azadlığı kimi məsələlərlə daha çox gəlindiyini gördük”.

T.Abbaslı iqtidardan gözləntiləri nəzərə çatdırıb:

“Ümidvaram ki, iqtidar artıq yeni dönəmin başlandığını qəbul edəcək. Bu dönəmdə dövlət vətəndaşlarının qarşısına yeni simada çıxmalıdır. Burada təbii olaraq parlament islahatları başda gəlməlidir. Milli Məclisin tərkibi artırılmalı, proporsional seçki sistemi mütləq bərpa olunmalıdır. Çünki çoxpartiyalı sistemin yaşaması və uğur qazanması üçün proporsional seçki sistemi qaçılmazıdır. Eyni zamanda seçkilərin keçirilməsində demokratiklik, şəffaflıq, ədalətlilik prinsiplərinin önə çəkilməlidir. Parlamentin işində siyasətlə məşğul olan insanların təmsilçiliyi təmin edilməlidir. Təsadüfi insanlar namizəd verilməməlidir. Məhkəmə sahəsində islahatlar qaçılmazdır. Əminəm ki, Azərbaycan əhalisinin 80-85 faizi məhkəmə instansiyasına inanmır. Hakimlərin sayı çoxaldılmalı, təyinatları daha şəffaf həyata keçirilməlidir”.

O, media ilə bağlı müzakirələrdən söz açaraq bildirib ki, ümumilikdə bir çox sahəyə yanaşma dəyişməlidir:

“Mediadanın sərbəstlik pəncərəsi daha çox açılmalıdır. Maliyyələşməsinə, reklam bazarına çıxışına yenidən nəzər salınmalıdır. Bütövlükdə vətəndaş və dövlət münasibətləri sivil dövlətlərdəki kimi qurulmalıdır. Yəni bir çox sahələrə yanaşma fəlsəfəsi dəyişməlidir. Köhnə prinsiplər artıq yerini müasir dünyanın tələblərinə uyğun yeniliklərə buraxmalıdır”.

Ayşən Mustafa
Globalinfo.az