“Doğru zamanın yetişməsini gözləyib, düşmənə sarsıdıcı zərbə endirməyə hazır olmalıyıq” – Vaqif Hüseyn

 

Politoloq Vaqif Hüseynin Globalinfo.az-a müsahibəsini təqdim edirik:

– Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinlə bağlı qərarı nədən xəbər verir?

– Kim nə deyir desin, Haaqa Məhkəməsinin qərarı Rusiya üçün ciddi problemdir. İkinci Dünya müharibəsindən sonra dövlətlərarası münasibətlərin beynəlxalq hüquqi normalara əsaslanması Rusiyanın özünün iştirakı ilə ərsəyə gəlib. O vaxt SSRİ, ABŞ, Böyük Britaniya və digər güclər İkinci Dünya müharibəsi başa çatdıqdan sonra onun fəlakətli nəticələrini aradan qaldırmaq məqsədi ilə, həm də bir daha belə qlobal qırğınla müşayiət olunan müharibənin qarşısını almaq üçün bir təhlükəsizlik sistemi qurdular. Bunun da nəticəsində Birləşmiş Millətlər Təşkilatı (BMT) kimi bir universal təşkilat təsis edildi. BMT-nin də nəzdində beynəlxalq hüququn tətbiqini əsaslandıran institutlar yaradıldı. Bunlardan biri də Haaqa Məhkəməsidir. Burada Haaqada yerləşən digər məhkəmə – BMT Beynəlxalq Məhkəməsi ilə qarışdırılmamalıdır. Beynəlxalq Məhkəmə BMT-nin əsas 6 orqanından biridir. Bildiyim qədər həmin məhkəmənin hakimlərindən biri də Rusiyanın nümayəndəsidir.

Beynəlxalq Cinayət Məhkəməsi isə (o da Haaqada yerləşir) 1998-ci ildə Romada beynəlxalq konfransda təsis olunan beynəlxalq orqandır. Nizamnamənin qüvvəyə minməsi üçün əsas şərt onun ən azı 60 dövlət tərəfindən ratifikasiya edilməsi idi. Bu maneə 2002-ci il aprelin 11-də aşılıb. Saziş (Roma statutu) 2002-ci il iyulun 1-dən qüvvəyə minib.

Rusiya Beynəlxalq Cinayət Məhkəməsi haqqında əsasnaməni 2000-ci il sentyabrın 13-də imzalasa da, 2016-cı ilə qədər ratifikasiya etməyib. 2016-cı il noyabrın 16-da prezident Vladimir Putin Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun iştirakçısı olmamaq niyyəti haqqında fərman imzalayıb. Lakin bu o demək deyil ki, beynəlxalq cinayətlərdə şübhəli bilinən şəxslər onun məsuliyyətindən yaxa qurtara bilərlər. Çünki Beynəlxalaq Cinayət Məhkəməsi 137 dövlət tərəfindən qəbul olunan, 123 dövlət tərəfindən ratifikasiya edilən beynəlxalq hüququn legitim orqanıdır. Ona görə də bu beynəlxalq məhkəmənin qərarından da Rusiya rəhbərlərinin yayınması heç cür mümkün deyil.

– Qərarın icrasını necə təsəvvür edirsiniz?

– Putinə qarşı irəli sürülən ittihamlar çox spesifikdir. Rusiya prezidenti hələlik tam olaraq müharibə cinayətlərində ittiham olunmur. Orada əsas diqqət yönəldilən məsələ Ukraynadan 16 min uşağın zorla Rusiyaya aparılması və orada ruslaşdırılmasıdır. Ərazi işğal edəndə təkcə təbii resurslarından istifadə etmirsən. İnsan resurslarını da ələ keçirirsən. Nəzərə alsaq ki, Rusiya ilə Ukrayna qohum xalqlardır, əhalisi qocalmaqda olan Rusiya Ukraynadan oğurladığı uşaqlar hesabına əhalisini gəncləşdirmək siyasəti yürüdür. Bu, həm də genosid cinayəti kimi qarşılanır. Bir xalqdan bu qədər uşaq oğurlamağın başqa adı ola bilməz. Bunlar çox ciddi ittihamlardır.

Beynəlxalq Cinayət Məhkəməsi Ukraynadakı müharibə cinayətləri kontekstində iki nəfərin – Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin və Rusiya Federasiyası Prezident Aparatı yanında Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib. Bu maddələr artırılacaqmı, hələ bilinmir. Rusiyanın dövlət nümayəndələrinin isterik reaksiyası onu göstərir ki, hər nə qədər qərarı kağız parçası adlandırsalar da bu, məsələnin ciddiliyini azaltmır. Bir daha təkrar edirəm, bu, Rusiya üçün ciddi başağrısına çevriləcək.

– Haaqa Məhkəməsinin bu qərarı yalnız ABŞ-ın iradəsidir, yoxsa kollektiv Qərbin ortaq qərarıdır?

– Təbii ki kollektiv Qərbin qərarıdır. ABŞ Qərb dünyasının lideridir. Kollektiv Qərbin qərarı deyərkən beynəlxalq hüquq institutlarının Qərbdə nüfuzu çox böyükdür. Elm, tərəqqi ilə yanaşı güc də Qərbin tərəfindədir. Beynəlxalq hüquq təəssüf ki, hələ də hüququn gücə yox, gücün hüquqa çox böyük təsir elədiyi sahədir. Rusiya bu qərarı gələcəkdə görməzdən gələ bilməyəcək.

– Putinin bu şəkildə sıxışdırılması onun hansı formada təpki verməsinə səbəb olacaq? Məsələn, taktiki nüvə silahında istifadə etməsi mümkündürmü? Yaxud terror təşkilatlarına, lap elə İrana nüvə silahı verə (sata) bilərmi? Hansı ki, bunlar Qərb üçün qorxulu röya hesab edilir.

– Putinin bu qərara görə nüvə silahına əl atacağı inandırıcı görünmür. Amma dünyada heç nəyi istisna etmək olmaz. Bir şeyi nəzərə almaq lazımdır: bu qərarda ittiham olunan Rusiya dövləti deyil, konkret şəxsdir. Tutaq ki sabah müttəhimlər kürsüsündə Putin dayana bilər, dövlət yox. Bu çox ciddi meyardır. Sabah Putin vəzifədən kənarlaşdırılarsa onun bu məsələlərdə şəxsi əməlləri araşdırılacaq. Ona görə də özünün hakimiyyətini qorumaq və gələcəkdə müttəhimlər kürsüsündə oturmamaq üçün belə bir addım ata bilərmi? Bu indiki dövrdə aktual görünməsə də hər halda nəzərə alınası məsələdir.

– Martın 20-də Rusiya XİN rəhbəri Sergey Lavrovun Qarabağ, Azərbaycan-Ermənistan münasibətlərinə dair ziddiyyətli (əslində isə ənənəvi) bəyanatı olub. Hazırda onun bu bəyanatı ciddi müzakirə olunur. Rusiya rəhbərliyinin belə mövqe tutması gözlənilən sülh sazişinə necə təsir edə bilər? Azərbaycanın Lavrovun bu mövqeyinə reaksiyası qaneedicidirmi? 

– Qarabağ məsələsində Rusiya tək deyil. Ukrayna məsələsində olduğu ki “bir Rusiya – bütün Qərb” anlayışı yoxdur. Bölgədə olan bir dövlət, yəni Rusiya Ermənistana ciddi kömək edir. Və Avropadan bir dövlət – Fransa – Ermənistana müttəfiq rolundadır. Yəni Qarabağ məsələsində Rusiya, İran, Fransa “üç muşketyor” rolunu oynayır. Onların əsas məqsəd münaqişənin daimi olaraq qalmasıdır. Burda əsas məsələ sülh deyil. Əsas məsələ erməni amilinin 19-cü əsrdən bu ana Türkiyəyə, Türk dünyasına və bölgəyə təsir edə bilmək üçün vasitə, alət olaraq qalmasıdır. Ermənistanın müstəqil dövlət kimi Türkiyə və Azərbaycanla normal münasibət qurması Rusiyanın, İranın, Fransanın marağında deyil. Belə olarsa, erməni amili beynəlxalq faktor kimi gündəmdən çıxır. Lavrov burada təkcə Rusiyanın deyil, İranın, Fransanın da sözçülüyünü edir. Azərbaycanın bunlara qarşı verə biləcəyi ən böyük cavab isə sərt iradəsidir.  Yalnız belə olduqda onların bütün hesabları pozulur.

 

– Çinin rəhbəri Si Szinpinin Rusiyaya səfəri hazırda dünya mediasında ən çox müzakirə olunan mövzudur. Bu səfər dünya siyasətinə nə kimi təsir edə bilər? Çoxları iddia edir ki, Çin Qərblə münasibətləri zədələməmək üçün Rusiya ilə münasibətlərdə məsafəli davranacaq. Bu, bir çox amillərlə əsaslandırılırdı. Bunlardan biri Tayvan məsələsidir. Digər mülahizə bu idi ki, Çin ABŞ-la onsuz da gərgin münasibətdədir. Pekin Rusiyaya görə münasibətləri daha da gərginləşdirib, əsas hədəfdən yayınmaq istəməz. Bir başqa arqument də var idi: Çinin əsas bazarı ABŞ, eləcə də Avropa ölkələridir. Sabah sanksiya tətbiq olunsa, Çin bundan böyük zərər görər. Bütün bu və başqa rəylərə, hesablamalara baxmayaraq Çin prezidenti Rusiyaya səfər etdi. Bu səfər Qərb-Rusiya-Çin münasibətlərində növbəti gərginliyə səbəb olacaqmı?

– Çin iqtisadi potensialı və əhali sayına görə dünyada qlobal güc olmağa iddia edir. Onun bu gücə çevrilməsini yalnız ABŞ istəmir? Bu suala cavab vermək xeyli çətindir. Həmişə demişəm, Rusiya bir Avropa dövlətidir. Yəni Rusiya özünü hər nə qədər Avrasiya dövləti kimi tanıtsa da o, gücünü Avropadakı qədər Avrasiyada göstərə bilməz. Avropada Rusiyaya qarşı dayana biləcək çox ciddi güclər var. Bu, həmişə belə olub. Rusiya yalnız Avropada qüdrətli görünür. Əgər o, Asyada olsa, onu yerli güclər – Hindistan, Çin kimi dövlətlər sıradan dövlət halına sala bilərlər.

Ona görə də Çin məsələsi burda çox ziddiyyətlidir. Çinlə Rusiya arasında ittifaq yaradılıb, guya burda Qərbin nüfuzunu azaltmaq məsələsinə gəlincə… Açıq deyim… Mən fərqli bir şey söyləyəcəm. İnanmıram ki, Rusiya Çinlə birləşib Qərbin burdakı təsirini yox etmək kimi bir addıma getsin. Rusiya hər zaman kontinental güclərin hücumundan özünü Qərbin köməyi ilə qoruyub. Məsələn, Napoleonun hücumlarından İngiltərənin köməyi ilə qorunub. Rusiya nə vaxt ki Qərbə qarşı çıxıb, həmişə bir şəkildə burnu ovulub. Onu hər dəfə qoruyan Qərb olur. Bir dəfə İngiltərə qarşı çıxdı, 1905-ci ildə Yaponiya tərəfindən məğlub oldu. Rusiya Çinlə birləşib Qərbi yox etmək xəyalına düşsə, yenə uduzan özü olacaq. Çünki Qərb amili zəifləsə Rusiya Çinlə üz-üzə qalacaq. Bu da Rusiya üçün daha böyük fəlakət deməkdir. Nə insan resursu baxımdan, nə maddi-texniki, iqtisadi, elmi və s. baxımdan Çinlə rəqabətə girə biləcək vəziyyətdə deyil. Burda Rusiyanın köməyinə çata biləcək yeganə qüvvə Amerika, İngiltərə və ya Avropadır. Ona görə də bu ziyarətin hansı nəticələr yaradacağı mənim üçün də maraqlıdır.

– Azərbaycan prezidenti İlham Əliyev sonuncu Qarabağ səfərində Ermənistanla ultimativ dildə danışdı. Ermənistan sülh prosesindən imtina edərsə, onu yeni müharibə gözlədiyini bildirdi. Sizcə, üçüncü Qarabağ müharibəsi indiki reallıqda mümkün görünürmü? Baş verərsə, nəticəsini necə proqnozlaşdırırsınız? 2020-ci ilin sentyabrındakı beynəlxalq və regional şərtlərlə müqayisədə hazırkı şərtlər çoxmu fərqlidir? Azərbaycan işğal altındakı əraziləri separatçılardan təmizləmədikcə, bölgədə sülhün perspektivi daha qaranlıq görünür. Azərbaycan gözləmə mövqeyi seçəcək, yoxsa “ən yaxşı müdafiə hücumdur” taktikasına üstünlük verəcək?

– Xarici siyasətlə bağlı Azərbaycan gözləyib, qəfil sarsıdıcı zərbə endirmək mövqeyi tutur. Bu, yaxşı mövqedir. Amma ehtiyatı əldən verməməliyik. 2020-ci ildə olduğu kimi, əlverişli beynəlxalq şəraitin yetişməsini gözləyib, sarsıdıcı nöqtə zərbəsi vurmaqda böyük fayda olardı. Yuxarıda dediyim kimi, burada bədnam üçlüyün (Rusiya-İran-Fransa-red.) koalisiyası var. Onlar Ermənistanın arxasındadır. Bura Qərbin bəzi dairələri də daxildir. O qüvvələrin planlarını poza biləcək tək bir şey Azərbaycanın güclü siyasi iradəsi və bu iradəni başqalarına yeritməsi, bizimlə hesablaşmağa məcbur etməsidir. Bölgədə ən böyük hərbi qüvvə bizə aiddir. Bu güclə yanaşı, beynəlxalq səviyyədə dəstəklənirik. Azərbaycan hər yerdən silah ala bilir. Bu çox ciddi faktordur. Bunun verdiyi cəsarətlə iradəmizi beynəlxalq səviyyədə yeridə bilirik. Belə olduqda problem Azərbaycanın şərtləri əsasında həllini tapa bilər. Əks halda ermənilərin hədyan dolu bəyanatlarını çox eşitməli olacağıq. Təkrar edirəm, doğru zamanın, doğru şərtlərin yetişməsini gözləyib, sarsıdıcı zərbə endirməyə hazır olmalıyıq.

Azər Ayxan
Globalinfo.az