Zod döyüşünün gizlinləri: təxribatın arxasında dayanan ölkə…

11 aprel tarixində Dığ kəndi ətrafında baş verən toqquşmadan tam 1 ay sonra 11 may təxribatı törədildi. Bu təxribatda əsasən iki ölkənin əlinin olduğu müzakirə edilir. Bölgədə sülhün olmasını istəməyən İran və sülh sazişinin onun paytaxtında, vasitəçiliyi ilə imzalanmasını istəyən Rusiya.

Brüssel görüşünə 3 gün qalmış bunun baş verməsi necə dəyərləndirilə bilər? Görüş zamanı da belə hal yaşana bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Züriyə Qarayeva Zod istiqamətində təxribat bir çox səbəbinin ola biləcəyini söyləyib:

“Ermənistan tərəfinin məhz üçtərəfli görüşdən öncə təxribatlara əl atması ənənəvi ritorika kimi qiymətləndirilə bilər. Məlum məsələdir ki, əvvəlki görüşlərdən öncə də sərhəd xəttində bu kimi təxribatlar baş verib. Ermənistanın bu addımı görüşün gündəliyinə yeni məzmun qatmaq, yeni şərtlər əlavə etmək, prosesi öz xeyrinə uzatmaq məqsədi daşıyır. Digər tərəfdən bütün kənar qüvvələrdən əlini üzmüş Ermənistan bu təxribatlarla beynəlxalq ictimaiyyətin diqqətini yenidən proseslərə yönəltməyə cəhd etmiş də ola bilər.

Məlum olduğu kimi Ermənistan Vaşinqtonda istəyinə nail ola bilmədi. Rusiya ümumiyyətlə İrəvanın maraqlarına xidmət etmir. Brüssel formatının bölgədə sülhün tərəfdarı olduğunu nəzərə alsaq, Ermənistan bölgədə hərbi eskalasiya yaratmaqla Azərbaycanı təcavüzkar ölkə kimi göstərməyə də çalışa bilər. Yəni son təxribatları çox sayda məqsədə uyğun şəkildə səciyyələndirmək mümkündür”.

Züriyə Qarayeva

Politoloq mövcud proseslərdə İran amilinə diqqət çəkərək, təxribatlarda Tehran rejiminin əlinin ola biləcəyini qeyd edib:

“Burada İran amilini də gözardı etməmək lazımdır. Təxribatda İrana məxsus dronların sərhəddə havaya qalxdığını nəzərə alsaq, hesab edirəm ki, bunun Tehranın İrəvan üzərindən icra etməyə çalışdığı planların tərkib hissəsi kimi qiymətləndirilə bilər. Beləliklə, İran Ermənistan üzərində Azərbaycana hücum planını həyata keçirmiş ola bilər. Son zamanlarda molla rejiminin Azərbaycana qarşı siyasəti, Şuşa konfransında Prezident İlham Əliyevin İrana yönəlik mesajları burada diqqətə alınmalıdır. Bütün bunları nəzərə alaraq təxribatın indi törədilməsinin heç də təsadüfi seçilmədiyini deyə bilərik”.

Z.Qarayevə bildirib ki, Zod təxribatı İranın “himayədarlıq” mesajı da ola bilər:

“Həmçinin burada Tehran-Moskva toqquşmasını da nəzər almaq lazımdır. Son illərdə iki ölkənin maraqları müvafiq məsələlərdə toqquşur. İran məhz Ermənistan üzərindən bu cür hərbi eskalasiya yaratmaq və İrəvanı dəstəkləməklə Ermənistanın təhlükəsziliyinin Rusiya deyil, İran tərəfindən qorunduğunu göstərməyə çalışmış da ola bilər.

Bütövlükdə Avropa İttifaqının Monitorinq Missiyasının sərhəd xəttinə yerləşdirilməsi ilə Ermənistan Azərbaycanı məqsədli şəkildə təxribatlara cəlb etməklə, missiyanın hesabatında təcavüzkar ölkə kimi göstərməyə çalışır”.

Ayşən Mustafa
Globalinfo.az