Üç strateji sahədə bir il ərzində nə əldə edildi? – Hərbçi, deputat və sabiq nazir açıqladı

Globalinfo.az 2023-cü ilin hərbi, siyasi, iqtisadi dəyərləndirməsini təqdim edir:

Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, 2023-cü il hərbi cəhətdən Azərbaycan üçün uğurlu il olub:

“Hərbi sahədə kifayət qədər böyük nailiyyətlər əldə etdik. İlk növbədə Azərbaycan 2023-cü ilin aprel ayında öz sərhədlərini tamamilə bərpa etdi, Laçın sərhəd keçid məntəqəsi quruldu, Cağazur və Zabux kəndləri arasındaki yüksəkliklərdə Azərbaycan ordusunun hissə və bölmələri yerləşməklə ərazi bütövlüyümüzü tamamilə bərpa etdik. Bundan sonrakı dövrdə isə sentyabr ayında Azərbaycan 23 saat 51 dəqiqə davam edən antiterror tədbirləri nəticəsində Xankəndidə yola salmış separatçı rejimin kapitulyasiya aktının imzalanmasına nail oldu. Bununla da Azərbaycanın bütün ərazilərində suverenliyi bərpa edildi. Bu kapitulyasiya aktından sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Əsgəran, Ağdərə, Xocalı, Xocavənd və Sərsəng su anbarı ərazisində Azərbaycanın üçrəngli bayrağını qaldırmaqla, Qarabağ məsələsinin nöqtəsini qoydu”.

Ədalət Verdiyev

Ə.Verdiyev deyib ki, hərbi liseylərin yaradılması, Xankəndidə hərbi paradın keçirilməsi, Azərbaycan ordusunun Türk ordu modelinə keçidinin davam etməsi, hərbi qulluqçuların ailə-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, Şərqi Zəngəzurda inşa edilən infrastruktur, komanda hərbi hissələrinin, eləcə də digər birlik və birləşmələrin təminat və təchizatında kifayət qədər əhəmiyyətli addımlar atıldı və bütün bunlar da Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü təmin etdi”.

Deputat Ceyhun Məmmədov 2023-cü ilin bir çox mühüm tarixi hadisə və anlarla yadda qaldığını qeyd edib:

“Azərbaycan bir çox mötəbər tədbirlərə ev sahibliyi etdi. Eyni zamanda, beynəlxalq müstəvidə mühüm ideyaların təşəbbüskarı oldu. Artıq Azərbaycan müxtəlif beynəlxalq və mötəbər tədbirlərin keçirildiyi bir məkana çevrilib. Bu dönəmdə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz, dövlətçiliyimiz daha da gücləndi, ölkəmizin nüfuzu, ona olan etimad daha da artdı. Hər birimizə məlum olduğu kimi, 2023-cü ili Prezident İlham Əliyev Heydər Əliyev ili elan etdi. Bu il Azərbaycanın bütün bölgələrində hər zaman olduğu kimi, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi böyük ehtiram və qürurla anıldı və bu, ölkəmizin bütün bölgələrində onun adına layiq formada keçirildi. 2023-cü il həm də torpaqlarımızın tamamilə işğaldan azad olunması, konstitusion quruluşun bütün ərazilərimizdə təmin olunması ilə yadda qaldı. Ötən il bu vaxtlar Azərbaycanın qeyri-hökumət təşkilatları Şuşa – Laçın yolunda etiraz aksiyası keçirirdilər. Zaman-zaman bu aksiyaların gərəksizliyi barədə bəzi antimilli qüvvələr fikirlər səsləndirirdilər. Bu gün biz Qarabağın hər yerində, hər bölgəsində varıq”.

Ceyhun Məmmədov

Deputat Azərbaycan xalqının qürurlu bir il yaşadığını deyib:

“Bu gün Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanı azad, müstəqil, xoşbəxt görmək istəyənlərin də ruhu şaddır. Bu gün Azərbaycan tarixdə heç zaman olmadığı qədər güclü və müstəqildir. Təəssüflə qeyd etmək lazımdır ki, cəbhədə müharibə bitsə də, informasiya savaşı amansız formada davam edir. Bu mübarizədə uduzmamaq üçün daha çox çalışmalıyıq. Bütün bunlar həm də onu göstərir ki, qarşımızda hələ daha çox vəzifələr var. Qələbəmizi və dövlətçiliyimizi daha da möhkəmləndirmək, Ermənistanla sülh müqaviləsinin imzalanmasına nail olmalıyıq. Azərbaycan bütün məqsədlərinə nail olduğu kimi, bu məqsədinə də mütləq çatacaq”.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib ki, bu ilin 11 ayının yekunlarına görə ölkə iqtisadiyyatında bütövlükdə yüksək artım templəri görə bilmədik:

“Bu, ilk növbədə neft hasilatının ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz aşağı düşməsi ilə bağlıdır. Son illər ərzində aparılan islahatlarla iqtisadiyyatın şaxələndirilməsi istiqamətində uğurlu nəticələr əldə olunsa da, bütövlükdə Azərbaycan iqtisadiyyatının yarısının hələ də neftlə bağlı olması ortadadır. İqtisadiyyatda bütövlükdə bəlli səbəbdən ciddi artımlar müşayiət olunmasa da cari ilin 11 ayı ərzində real sektordakı artımlar diqqəti çəkir. Belə ki, ötən hesabat dövründə iqtisadiyyatın bütövlükdə 0,8 faiz artımına baxmayaraq, onun qeyri-neft sektorunda 3,2 faiz, qeyri neft-qaz sənayesində isə 7,8 faiz artımlar qeydə alınmışdır”.

Fikrət Yusifov

Sabiq nazir qeyd edib ki, ötən 11 ayda diqqəti çəkən məqamlardan biri də əsas kapital qoyuluşuna yönəldilən vəsaitlərin həcminin 16,5 faiz, o cümlədən qeyri neft-qaz sektoruna yatırımların həcminin 12,5 faiz artmasıdır:

“Ümumilikdə real sektorun aqrar sahəsində artımlar 3,1 faiz, nəqliyyat sektorunda 18,1 faiz, informasiya və rabitə xidmətləri sahəsində 16,1 faiz artımlar qeydə alınmış, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 14,6 faiz arta bilmişdir. Ötən hesabat dövründə dövlət büdcəsinin profisiti (gəlirlərin xərclərdən artıqlığı) 486,8 milyon manat təşkil etmiş, əhalinin nominal gəlirləri 12,8 faiz, banklardakı əmanətlərinin həcmi 9,3 faiz, kredit qoyuluşları 15,9 faiz, orta aylıq əmək haqqı 11,3 faiz artmışdır. Neftin hasilatının azalması səbəbindən xarici ticarət dövriyyəsində azalmalar qeydə alınsa da qeyri-neft ixracımız ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz artmışdır. Bütün bu sadalanan faktlar bir daha onu göstərir ki, neft hasilatının azalmasına baxmayaraq ölkə iqtisadiyyatının real sektorunda yetərincə pozitiv nəticələrə imza atılmışdır. Hesab edirəm ki, növbəti ildə bu artım templərinin yeni, daha üstün göstəricilərini görə biləcəyik”.

Zaira Akifqızı
Globalinfo.az