Üç məmurla bağlı son qərar verilib – ixtiyarlar heyətinin üzvləri yola salınır

Azərbaycanda vaxtaşırı kadr islahatları aparılır. Yaşı ötən, iş əmsalı aşağı düşən, adı korrupsiya qalmaqalında hallanan məmurlar vəzifədən çıxarılır. Onların yerinə gənc kadrlar irəli çəkilir.

Düzdür, gənclər də bəzən prezidenti və xalqı məyus edir, etimadı doğrultmurlar. Neyləyək, olanımız budur. Başqa ölkələrdən yaxşı kadrlar gətirəcək deyilik. İdmançı deyillər ki, gedək xaricdən transfer edək, ayda da filan qədər maaş kəsək, deyək, gəl, respublikanın idman şərəfini qoru, ayda da bu qədər pulumuzu al, kef elə. Xarici klublardan aldığımız idmançılar da fərli-başlı deyillər. Adları var ki, xaricdən gəliblər. Oyunları göz qabağındadır. Onlar oynamırlar, necə deyərlər, oyun çıxardırlar. Mövzumuz bu olmadığı üçün üzərindən keçirik. Nə vaxtsa bu haqda da yazarıq.

Nazirlər Kabinetinin “ixtiyarlar heyəti” 4 il öncə yola salındı. Yaşlı kadrlar hökuməti vaxtaşırı tənqid hədəfinə çıxarırdı. Deyilirdi ki, bu qədər yaşlı insanlarla çevik və keyfiyyətli idarəetmə mümkün olmur. Hətta Nazirlər Kabinetinə “qocalar evi” deyib, lağ edənlər də var idi. Düzdür, köhnə kadrların təcrübələri var, sovet sisteminin yetirmələridirlər. Amma müasir idarəetmə tələblərinə cavab vermirlər. Ən əsas da dəhşət tamahkardırlar. Dövlətin büdcəsini, xalqın malını talamaqda onlara çatan olmaz.

2018-ci ilin prezident seçkisindən sonra ixtiyarlar yola salınmağa başlandı. Öncə onların yerdəyişməsi oldu. Məsələn, Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyəti başçısı postundan çıxarıldı. Baş nazirin müavini təyin edildi. İl yarım sonra idarəetmədən uzaqlaşdırıldı. Hazırda pensiyaçı həyatı yaşayır.

Əli Həsənov da “Qaçqınkim” sədri vəzifəsindən çıxarıldı, o da Nazirlər Kabinetinə gətirildi. 2019-cu ilin oktyabrında təntənəli şəkildə yola salındı.

NK-da kök salan müavinlərdən biri də Abid Şərifov idi. Təcrübəli kadlardan sayılırdı. Sovet sisteminin yetirməsi idi. Amma ağzını açanda… Gerisini yazmayaq, ağsaqqal adamdı. Jurnalistlərlə yola getmirdi Abid Şərifov. Kommunikasiya mədəniyyəti sıfırın altında idi. Görünür həyatının hansısa dövründə travma yaşadığı, daim aşağılandığı üçün özündən vəzifəcə, səlahiyyətcə aşağı adamları aşağılamağa çalışırdı. Onun “Alabala şirkəti” söhbəti inanırıq ki, hələ də unudulmayıb. A.Şərifov da 2019-cü ilin islahatlar dalğasında idarəetmədən uzaqlaşdırıldı.

Ramiz Mehdiyevin də karyerasına həmin il son qoyuldu. Adamı Prezident Administrasiyanın binasından çıxarmaq mümkün deyildi. İki əlli yapışmışdı. Sonra AMEA-nın prezidenti “seçildi”. Axırda da seçdi batırdı… Çox rüsvayçı, biabırçı, hörmətsiz şəkildə karyerasına son verildi. Günah özündə oldu. Bu qədər dirəşməməli idi. Vaxtında getmədinsə, inad etdinsə, olacaqlara görə kimsəni suçlama. Günahı da sənin, cəzası da…

Köhnələrdən hələ də idarəetmədə qalanlar var. O qədər çoxdurlar ki, nə qədər işdən çıxarılsalar da qurtarmırlar.

Məsələn, Dini Komitə rəhbəri Mübariz Qurbanlı. Bu adam daha çox yarıtmaz fəaliyyətinə görə ölkədə ad çıxarıb. İran ölkənin dini mühitini tam nəzarətə götürüb, Mübariz Qurbanlının bundan “xəbəri olmayıb”. Necə rəhbərsən ki, cənub qonşumuz sənin rəhbərlik etdiyin sahədə at oynadır, olub-bitənlərdən xəbər tutmursan?! O zaman istefa ver. Nə yapışmısan kreslodan?! Azərbaycanın dini mühitinə baxın. Əksəri İran casusu çıxır. Bunu biz demirik, DİN-in, DTX-nın son aylar keçirdiyi əməliyyatlarda bu barədə detallı məlumatlar var.

Digər məmurdan söz açaq. AZAL prezidenti Cahangir Əsgərov ölkə ictimaiyyətində ən çox qıcıq doğuran məmurlardandır. Onun həyat tərzi, danışığı, rəftarı “kabadayı” janrındadır. Pulun, sərhədsiz səlahiyyətin verdiyi arxayınlıq C.Əsgərovun gözlərini örtmüşdü. Son aylar qazı alınıb. Ətrafında aparılan intensiv yoxlamalar onu bir az sakitləşdirib. Yeri gəlmişkən, deyilənə görə, AZAL-da ciddi yoxlamalar aparılır. Cahangir Əsgərovun və əməkdaşlarının fəaliyyəti təftiş edilir. Qeyri-rəsmi məlumatlara görə çox ciddi yeyintilər aşkarlanıb. AZAL rəhbəri və onun yaxın çevrəsi, tabeliyində olan işçilər, əsasən də maliyyə-təsərrüfat işlərinə rəhbərlik edənlər vaxtaşırı istintaqa çağırılırlar. Mənbəmiz belə söyləyir.

C.Əsgərovdan xalqın əsas narazılığı aviabiletlərin qiymətləri ilə bağlıdır. AZAL-ın qiymət siyasəti xalqı soymağa hesablanıb. Quru sərhədlərin bağlı olduğu son 3 ildə aviabiletlərin tariflərində AZALma olmadı. Əksinə, qiymətlər daha da bahalaşdı.

Nazirlər Kabinetinin ən yaşlı nümayəndəsi Yaqub Eyyubovdur. Baş nazirin 1-ci müavini 80-i haqlayıb. O, bu il 78 yaşını tamamlayır. Y.Eyyubovu əsasən ölkəmizə gələn qonaqların aeroportda qarşılanıb yola salınması mərasimlərində görmək olar. 20 ildən çoxdur birinci vitse-premyer vəzifəsini tutan Y.Eyyubovla bağlı mediada vaxtaşırı qalmaqallı xəbərlər gedir. Sonuncu dəfə onun barəsində yayılan xəbəri xatırlayan var? Bu ilin yanvar ayında xəbər çıxdı ki, Yaqub Eyyubovun oğluna məxsus 1 milyard dollar Latviyanın paytaxtı Riqa şəhərindəki bankda dondurulub. Bu qədər böyük vəsaitin Azərbaycandan çıxarıldığı deyilirdi. Bu xəbər Eyyubovlar tərəfindən nə təkzib edildi, nə də təsdiqləndi. Sadəcə baş nazirin 1-ci müavini ona zəng edən jurnalistə cavabında “nə pul, nə 1 milyard… Kim deyir bunu?” söyləyərək telefonun dəstəyini asmışdı.

Globalinfo.az-a daxil məlumata görə, sentyabra kimi bu üç məmur yola salınacaq. Sadəcə olaraq növbəti kadr islahatları bəzi obyektiv səbəblərdən təxirə düşür. Qarabağla bağlı gedən danışıqlar, beynəlxalq müstəvidə ölkəmizin apardığı proseslər bu məsələləri müvəqqəti olaraq arxa plana keçirib. Amma yaxın aylarda həm sözügedən bu “üçlük”, həm də digər məmurlar idarəetdmədən uzaqlaşdırılacaqlar.

Yazıda adları keçən şəxslərin mövqelərini dərc etməyə hazırıq.

Aydın Aslan
Globalinfo.az