Rusiya Ermənistana hərbi müdaxilə edə bilər – Gərginlik

“Amerika Birləşmiş Ştatları ilə Ermənistan arasında razılaşdırılan 6 bəndlik anlaşma birbaşa Qərbin maraqlarına xidmət edir”.

Bunu Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O əlavə edib ki, coğrafi baxımdan Qərb bölgəmizə çox uzaqdır və təkcə bu amil onun buradakı planlarının perspektivini heçə endirir:

“Biz hazırda geosiyasi dağıntıların yol açdığı regional münaqişələrin alovlandırılması prosesini müşahidə edirik. Dünya artıq ikiyə bölünmə mərhələsinə qədəm qoyub və geosiyasi cəbhələşmə günü-gündən dərinləşir. Azərbaycan qardaş Türkiyə ilə bərabər müstəqil siyasət yürüdür və baş verənlər adekvat və doğru vizyona sahibdir. Bu, Qərbin və ya hər hansı bir ölkənin deyil, məhz Azərbaycanın dövlət maraqlarına xidmət edir”.

Ə.Zülfüqaroğlu bildirib ki, Qərb bölgədə zəif halqa olan Ermənistandan istifadə etməklə regiona daxil olmaq və burada təsir imkanlarını saxlamağa çalışır:

“Bu mənada 6 prinsip daim boyunduruq altında olan Ermənistanla razılaşdırılmayıb, sadəcə olaraq İrəvana diktə edilib. Zelenski kimi tam girova çevrilən Paşinyan ölkəsinin maraqlarını qurban verərək və dövlətçiliyinin mövcudluğunu təhlükəyə ataraq Qərbin əmrlərini icra etməyə məhkumdur”.

Siyasi şərhçi diqqətə çatdırıb ki, bu proses Ermənistan üçün çox ciddi təhlükələr vəd edir:

“Belə gedişlə Ermənistan plasdarma çevriləcək. Əvvəlcə Rusiyanın iqtisadi sanksiyaları Ermənistana baha başa gələcək. Ermənistanın qaz idxalının 80 faizi Rusiyanın hesabınadır. Bundan başqa, kənd təsərrüfatı məhsulları Rusiya bazarlarına ixrac edilir. Rusiyada milyonlarla erməni miqrant çalışır və ölkələrinə pul göndərirlər. Ermənistanda Rusiyanın hərbi bazası mövcuddur. Orduda, ictimai-siyasi sektorda təsir rıçaqları var. Hazırda Qərbin bu sahələri doldurmaq imkanları yoxdur. Sənayesinin böyük hissəsi Rusiya qazından asılı olan Almaniyada Vaşinqtonun təxribatları ilə böyük ziyan çəkdi. Qərbin Ukraynanı hansı aqibətə sürükləməsi göz önündədir. Belə olan halda İrəvanı hansı perspektivlərin gözlədiyini təsəvvür etmək elə də çətin deyil. Bütün təsir rıçaqları effekt verməsə belə, Rusiyanın Ermənistana hərbi müdaxiləsini də istisna etmirəm.

Proses yeni başlayıb və Rusiya üçün ciddi təhdid mərhələsində deyil. Biz Qərbin yalnız Rusiyaya cəbhə açdığını düşünürük, amma Türkiyə və İranı unuduruq. Qardaş Türkiyə Yaxın Şərqdə Rusiya və İranla birgə hərəkət edir ki, bu da Vaşinqtonun uzaq perspektivə hesablanan planlarının üzərindən xətt çəkilməsi deməkdir. Ona görə də Qərbin bölgəyə girməsi həm də Türkiyə və İranın da maraqlarına ziddir”.

Turan Rzayev
Globalinfo.az