Putin gedir, yerinə gələn görün Azərbaycanla bağlı nələr edir: dəhşətli ssenarilər – TƏHLİL

Əsrlərdir Rusiya qonşularına olmazın pisliklər edib. Soyqırıma məruz qoyub, milli hökumətləri silah gücünə devirib, ən dəyərli ziyalıları repressiya edib, əraziləri ələ keçirib. Azərbaycana etdiyi pislikləri sıralasaq, cildlərlə kitaba sığmaz.  

Ona görə Rusiya hətta 44 günlük müharibə dövründə tutduğu neytral mövqe ilə də azərbaycanlıların simpatiyasını qazana bilmədi. 100 illər boyu yığılan kin və nifrət 44 günə, ya da 3 ilə aradan qalxmaz ki…

“Vaqner” muzdlu silahlı birləşməsinin komandanı Yevgeni Priqojinin son davranışları Azərbaycanda maraqlı reaksiyalar doğurub. Hər kəs sevinir ki, Putinin sonu çatıb, Rusiyanın hegemon mövqeyi zəifləyəcək.

Prosesləri Rusiyada baş vermiş 1917-ci il inqilabı ilə müqayisə edənlər də var. Vətəndaş müharibəsinin başlayacağını, bununla da Putin rejiminin devriləcəyini proqnoz edənləri sayı saatbasaat artır.

Hadisələr yeni başlayıb. Kirli informasiyalar real məlumatlardan daha çoxdur. Hətta köhnə videoları da dövriyyəyə buraxıblar. Ona görə də nəticə çıxarmaq hələ tezdir.

Soyuqqanlı yanaşanların sayı o qədər çox deyil. Təhlilçilər gözləmə mövqeyindədir. Pafos, eyforiya üstünlük təşkil edir. Praqmatik yanaşma isə bu şəraitdə heç cür boy göstərə bilmir. İndi kim yazsa ki, Putinin hakimiyyətdə qalması, Rusiyanın dağılmaması hazırda Azərbaycana lazımdır, inanın, adamı vətən xaini çıxararlar.

Biz bilmirik axı Vladimir Putin gedərsə, Rusiyada rejim dəyişərsə yeni gələn qüvvə Azərbaycana münasibətdə özünü necə aparacaq? Rusiya nəhəng ölkədir. Qonşuluqda belə nəhəng ölkənin viran qalması bizə də təsirsiz ötüşməyəcək. Qeyri-sabitliyin, vətəndaş qarşıdurmasının dalğası mütləq bizi “vuracaq”.

Qarabağ məsələsi tam həllini tapmayıb. Sülh sazişi imzalanmayıb. Putin Rusiyası Paşinyan Ermənistanı ilə yaxşı münasibətdə deyil. Azərbaycanla isə münasibətlər daha pozitivdir. Bu, bir gerçəkdir. Paşinyan Qərb yönümlü siyasətçi kimi tanınır. Daha doğrusu onun Sorosa bağlılı olması hər kəsə bəllidir. Bu da avtomatik antirusiya yönümlü olmaq deməkdir. Putindən sonra gələcək Rusiya rəhbərinin Ermənistana münasibətinin necə olacağı da müəmmalıdır.

Mən Rusiyadakı hadisələri 1917-ci ildəki inqilabla yox, 1991-ci ilin avqustunda “QKÇP” hadisələri ilə müqayisə edirəm. Priqojinin rəhbərlik etdiyi “Vaqner” qruplaşmasının sayına baxın, bir də Putinin sərəncamındakı silahlı qüvvələrə. Hələ xüsusi xidmət orqanlarını, milis qüvvələrini və xüsusi təyinatlıları demirəm. Deyilə bilər ki, ordu, milis “Vaqner”çilərin tərəfinə keçəcək. Ağlabatan görünmür. Putini Priqojinə dəyişərlərmi, əcəba? Belə bir müqayisədə “Vaqner”in Rusiyada hakimiyyətə ələ alması real görünmür.

Vladimir Putinin Azərbaycanla yanaşı Türkiyə ilə də münasibəti yaxşıdır. Ərdoğanla Putin ortaq maraqlardan çıxış edirlər. O ortaq maraqlardan biri də Qarabağ məsələsidir. Zəngəzur dəhlizinin açılmasıdır. Sülh sazişinin imzalanmasıdır.

Ərdoğan-Putin müttəfiqliyinin əsas hədəfi Suriyadır. Bunu əsla unutmayaq. Rusiya ilə Türkiyənin hazırda maraqlarının kökündə Yaxın Şərq əsas təşkil edir. Ordakı maraqlar Qarabağ məsələsini də öz içinə ala bilib. Biz bu tarixi fürsətdən istifadə edərək işğaldakı torpaqları maneəsiz azad edə bildik. Yoxsa Rusiya buna imkan verməzdi. Ya da daha böyük itkilər hesabına daha az ərazini azad edə bilərdik.

Arxiv foto. 10 noyabr sazişi imzalanır. 2020-ci il

Unutmayaq ki, konfliktin başa çatması, sülh sazişinin imzalanması və Azərbaycanın üstün mövqedə qalmasının əsas baza sənədi, istinad nöqtəsi 10 noyabr üçlü sazişidir. O sazişdə Putinin imzası və iradəsi var. Rusiya sülhməramlılarının 2 il yarım sonra ərazimizdən çıxması da Putindən asılıdır. Sabah hakimiyyətə gələcək qüvvənin sülhməramlıların sayını artırmayacağını, Qarabağdan çıxarmamaq üçün bizə təzyiq etməyəcəyini  kim proqnozlaşdıra bilər? Kremlin yeni sahib(lər)i deyə bilərlər ki, Putinin imzası bizim üçün legitim deyil. İndi gəl, Rusiyanın yeni iqtidarı ilə savaş. Necə ki SSRİ dağıldıqdan sonra hakimiyyətə gələn Boris Yeltsin Qorbaçova və SSRİ-ə rəhmət oxutdurdu. Hamımızın demokrat kimi simpatiya bəslədiyimiz bu içki düşkünü sələfindən daha çox erməniçi, daşnakçı və işğalçı çıxdı. Azərbaycan məhz Yeltsinin hakimiyyəti dövründə bu qədər torpaq itirdi. Hələ də işğaldan azad edib qurtara bilmirik…

Azər Ayxan
Globalinfo.az