Paşinyanın hiyləgər planı – Azərbaycanla Rusiyanı qarşı-qarşıya qoymaq istəyir

Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyanın efirində bir sıra diqqətçəkən açıqlamalar verib. O, deyib ki, Rusiya sülhməramlıları Qarabağda təhlükəsizliklə bağlı tam qarantiya olmadığı müddətcə oradan çıxarıla bilməz.

Bundan əlavə, Nikol Paşinyan bildirib ki, Ermənistan hələ 2007-ci ildə Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Baş nazir bildirib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır.

Ermənistan sülhməramlı kontinqentin bölgədə qalma müddətinin uzadılmasını istəyərək həm də Rusiyanın əlinə oynayır. Eyni zamanda, baş nazir Ermənistanın ötən dövrdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deməklə, Qarabağı işğal altında saxlamasını təsdiq edir. Paşinyanın bu açıqlamaları nəyə hesablanıb.

Politoloq Fuad Çıraqov Globalinfo.az-a bildirib ki, Ermənistanın baş naziri üçtərəfli bəyannaməni istədiyi kimi tövsif edir:

“Ermənilər hər zaman beynəlxalq sənədləri təhrif ediblər, bu onların siyasətidir. Üçtərəfli bəyannaməyə əsasən, tərəflərdən biri Rusiya sülhməramlılarının missiyasının bitməsinə 6 ay qalmış müddətin uzadılmaması ilə bağlı müraciət edəndə onlar bölgədə qalmayacaqlar. Cənab Prezident də Şuşadakı sonuncu çıxışında bildirdi ki, ermənilər gərək heç kimə, heç nəyə ümid etməsinlər və sülhməramlıların orada qalma müddəti 5 ildir”.

Həmçinin, politoloqun sözlərinə görə, Ermənistan həmişə qeyd edirdi ki, Azərbaycanın bir tərəfdən ərazi bütövlüyünü tanıyır, amma o biri tərəfdən işğalçılıq siyasətini davam etdirirdi:

“İlk dəfə 2004-cü ildə Robert Köçəryan qeyd etmişdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Amma Qarabağ başqa məsələdir. Bu onların ardıcıl siyasətidir və hökumətlər dəyişsə də bu yanaşma dəyişmir”.

F.Çıraqov qeyd edib ki, Paşinyanın bu açıqlamasının iki məqsədi var:

“Birincisi, daxili auditoriyanı və erməni lobbisini sakitləşdirməkdir. İkinci ən əsas məqsəd isə Qarabağ məsələsində Azərbaycanla Rusiyanı qarşı-qarşıya qoymaqdır. Paşinyan çoxdandır ki, Qarabağ məsələsini Rusiya-Azərbaycan ikitərəfli münasibətləri formatına atmaq və bununla da bəlkə də bu məsələdən canını qurtarmaq istəyir”.

Gülnar Səlimova,

Globalinfo.az