Türk ölkəsində dəyişikliklər – Prezidentlik müddəti niyə artırıldı?

Özbəkistan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum keçirildi. Ölkə rəhbəri Şavkat Mirziyoyevin təşəbbüsü ilə keçirilən referenduma görə, əsas qanuna edilən əlavələrdən biri də prezidentin səlahiyyətlərinin 5 ildən 7 ilə uzadılmasıdır. Hazırkı dövlət başçısı Mirziyoyevin səlahiyyətləri sıfırlanacaq, yəni 2026-cı ildə o, üçüncü dəfə namizədliyini irəli sürə biləcək.

Diqqətçəkən əsas məqam isə bir müddət öncə Qazaxıstanda da prezidentin səlahiyyətinin 7 il olaraq dəyişdirilməsidir.

Globalinfo.az-a danışan MAAM Türküstan Araşdırmalar Departmentinin eksperti Kamran Sultanlı deyib ki, Özbəkistan və Qazaxıstanda cərəyan edən proseslər, şübhəsiz, Rusiya-Ukrayna müharibəsi və Qərb-Kreml qarşıdurmasının məntiqi nəticəsidir:

“Mərkəzi Asiya dövlətləri qlobal proseslərə adekvat cavab verməyə və öz daxili təhlükəsizliklərini formalaşdırmağa çalışırlar. Burada qəbul edilən qərarların müəyyən avtoritar mahiyyəti ola bilər, amma bu təkcə bir şəxsin verdiyi qərar deyil, ümumən dövlət elitalarının təhlükəsizlik qayğılarının artmasıdır. Qazaxıstanda Tokayev Nazarbayevin varisi kimi təyin edildi. Lakin Tokayev Nazarbayevdən asılı olmaq istəmədi və əksinə hakimiyyəti öz əlində cəmləyərək Qazaxıstanın suveren və müstəqil siyasətini daha da gücləndirməyə çalışır.

KTMT-nin 2022-ci il yanvar hadisələrinə müdaxiləsi zamanı çoxumuz elə düşünürdük ki, Tokayev artıq ölkə suverenliyini məhdudlaşdırır. Lakin onun son zamanlar verdiyi qərarlar sübut edir ki, Qazaxıstan strateji əhəmiyyətini həm Rusiya, həm Çin, həm də Qərb üçün artırmaqda və suverenliyini daha da möhkəmləndirməkdədir.

Qazaxıstan və Özbəkistan Mərkəzi Asiyanın və Türk dünyasının əsas lider dövlətlərindən biri olmaqla yanaşı, orta dəhlizin açar dövlətləridir. Mərkəzi Asiya hazırda Çin və Avropa arasında ticarət əlaqələri üçün açar əhəmiyyət halına gəlib və liderlər bu imkanlarından öz suverenliklərini möhkəmləndirmək üçün maksimum istifadə etməyə çalışırlar”.

Ekspert bildirib ki, Şavkat Mirziyoyev hakimiyyətə gəldikdən sonra Özbəkistan iqtisadiyyatı çox inkişaf edib:

“Özbəkistan dünya siyasətində öz rolunu artırıb, suverenliyini möhkəmləndirib. Buna uyğun olaraq Özbəkistan Türk dünyasına geri qayıdıb, Türk Dövlətləri Təşkilatının fəal üzvünə çevrilib. Mərhum prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın Qərb ölkələrində dondurulmuş vəsaitlərinin bir qismi ölkəyə qaytarılıb. Qazaxıstanla müttəfiqlik anlaşması imzalanıb, Qırğızıstanla delimitasiya və demarkasiya problemləri həll edilib, AİB, Aİ, ŞƏT-lə əməkdaşlıqlar dərinləşib. Türkiyə ilə hərbi, mədəni, siyasi əlaqələr daha da inkişaf etdirilib.

Kamran Sultanlı

Lakin Qaraqalpaq Muxtar Respublikasında baş verən son hadisələr göstərir ki, ölkə daxilində Sovet dövründən qalma kövrək məsələlər var ki, bunlar hər an Özbəkistan təhlükəsizliyinə təhdid yarada bilər. Özbəkistan elitası dinamik olaraq dəyişən qlobal təhlükəsizlik proseslərinə fəal və adekvat reaksiya verirlər. Mirziyoyevin səlahiyyətlərinin artırılmasına xalq və cəmiyyətdən də ciddi etirazlar gəlmədi, görünən odur ki, Özbəkistan xalqı təhlükəsizlik amilini daha yüksək amil kimi qəbul edir və son illər Mirziyoyev dönəmində artan iqtisadi imkanları, rifah səviyyəsinin yüksəlməsini yüksək qiymətləndirir”.

Turan Rzayev
Globalinfo.az