NATO ilə Azərbaycan arasında anlaşma – Ordu bu sistemə keçir, amma…

Azərbaycan Ordusu uzun müddətdir ki, NATO standartlarına keçid edir. Lakin bununla belə son zamanlar Qərblə Bakı arasında konfrontasiya hiss edilir.

Alyans ayrıca olaraq ölkəmizə münasibətdə fərqli mövqe tutur? Biz ordunu, silahlı qüvvələri Rusiya sistemindən NATO sisteminə daşıyırıqsa o zaman “NATO hərbçiləri Zəngəzura girmək istəyir” bəyanatının məntiqi nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Azərbaycan ordusunun NATO modeli əsasında yenidən formalaşması heç də bu Alyansa üzv ölkələrlə və ya ümumilikdə NATO ilə əlaqələrin inkişaf dinamikasına təsir edəcək amil olaraq dəyərləndirilə bilməz:

“Bildiyimiz kimi, NATO üzvü olaraq Türkiyənin ordusu bu Alyansın standartları əsasında formalaşdırılıb və bu gün biz də Şuşa bəyannaməsinə və digər qarşılıqlı strateji tərəfdaşlıq müqavilələrinə əsasən ordumuzu Türkiyə, dolayısı ilə NATO modeli əsasında yenidən formalaşdırırıq. Beləliklə də, biz birbaşa olaraq NATO ilə deyil, Türkiyə ilə əməkdaşlıq əsasında bu prosesi icra edirik. Yəni Türkiyənin üzv olduğu hərbi sistemin qazandırdığı təcrübəni bizimlə paylaşaraq müasir ordu quruculuğu prosesinə töhfə verməsi və bununla yanaşı öz istehsalı olan hərbi texnikanın ordumuzun müdafiə potensialının artırılmasına şərait yaratması önəmli addımdır.

Prosesin NATO ilə əlaqəli siyasi motivləri isə təəssüflər olsun ki, tamamilə əks istiqamətdə cərəyan edir. Amerikanın faktiki olaraq söz sahibi olduğu alyans daxilində Azərbaycanın ərazi bütövlüyünü hədəf alan çıxışlarla ön plana çıxan qruplaşmanın aktiv şəkildə işğalçı Ermənistana olan açıq dəstəyi davam edir. Ümumiyyətlə, isə biz ordumuzun müasir standartlar əsasında yenidən formalaşdırılmasını heç bir halda NATO sisteminə inteqrasiya olaraq ifadə edə bilmərik. Unutmamaq lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatının aparıcı üzvlərindən biri olaraq heç bir hərbi-siyasi bloklaşmada yer almır.

Nəticə etibarilə, Şimali Atlantika Alyansının regionla bağlı maraqları ordu quruculuğu sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığından fərqli istiqamətdə dəyərləndirilərək prosesin siyasi motivləri təhlil edilməlidir”.

Turan Rzayev
Globalinfo.az