Müxalifət sülhə mane olmaq istəyir – Deputat

Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdə hökumətin 2022-ci il proqramının icrasına dair hesabatın müzakirəsindəki çıxışı ciddi müzakirələrə səbəb olub. O, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, sülhün onların inkişafı üçün vacib olduğunu bildirib. Paşinyanın bənzər mesajları artıq onların da Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbullanmaları kimi qiymətləndirilir.

Bəs Paşinyan bu fikirlərində nə dərəcədə səmimidir? Onun çıxışları sülh müqaviləsinin imzalanacağı tarixin yaxın olduğunu, Ermənistanın proseslərə münasibətini dəyişdiyini deməyə əsas verirmi?

Mövzunu Globalinfo.az-a şərh edən deputat Arzu Nağıyev Paşinyanın çıxışındakı vacib məqamlara diqqət çəkib:

“Nikol Paşinyan parlamentdə çıxışı zamanı Ermənistanın hansısa dövlətin ərazisinə iddia etməsini birdəfəlik dayandırmağı, bütün ölkələrlə münasibətdə sülhün bərqərar olması istiqamətində addımlar atılmasının vacibliyini vurğuladı. Çıxışda Ermənistanın 29,8 kvadrat kilometr ərazisini bütün dövlətlərin tanımalı olduğunu bildirdi. Hansı ki, o ərazi 1991-ci ildə SSRİ dağıldıqdan sonra Ermənistan Respublikası adlandırıldı. Məlumdur ki, o zaman Qarabağ birmənalı şəkildə Azərbaycanın tərkib hissəsi idi. Həmçinin baş nazir müharibədəki məğlubiyyətlərinin səbəbini də beşinci kolonla əlaqələndirib. Paşinyan Ermənistan əhalisinin psixoloji cəhətdən də sülh üçün hazır olmasının vacib olduğunu deyib. Əks halda daxildəki müxalif qüvvələrin erməni xalqını bunun əksinə inandıracağını söyləyib.

Təbii ki, problemlər aradan qaldırılmalıdır. 1988-ci ildə guya Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi ərazinin Ermənistana birləşməsi üçün SSRİ rəhbərliyinə müraciət etmişdi. O zaman da rəhbərlik bununla razılaşmamışdı. Yəni Paşinyanın gələcək üçün əsas məqsədi Gürcüstan və İranla daha da yaxınlaşmaq, Türkiyə və Azərbaycanla isə münasibətləri normallaşdırmaq, sülhü bərqərar etməkdir. Azərbaycanın döyüş meydanında qələbə qazanması və Ermənistana sülh müqaviləsinin imzalanması üçün təklif verməsi bunun üçün siyasi-diplomatik zəminin yaradılmasını zəruri edir. Bakı İrəvana danışıqlar masasına qayıtmağı təklif etdi, nəticə olaraq Ermənistan Azərbaycanın diqtə etdiyi şərtlərə razı olmalıdır”.

Arzu Nağıyev

A.Nağıyev baş nazirinin çıxışının Azərbaycanın şərtləri ilə razılaşması kimi dəyərləndirilə biləcəyini qeyd edib:

“Burada əsas məsələ Ermənistandakı daxili vəziyyəti və kənar qüvvələrin proseslərə təsiri ilə bağlıdır. Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün lazımı addımlar atmağa hazır olduğunu açıq şəkildə bəyan edir. Bunun nə qədər səmimi olması da sual altındadır. Çünki bu məsələdə müxtəlif dövlətlərin maraqları toqquşur. Nəticə olaraq Nikol Paşinyanın necə bəyanat verməsindən asılı olmayaraq beynəlxalq mexanizm bu sülh razılaşmasına zəmanət verir. Ona görə bu, mütləq şəkildə olmalıdır. Amma Paşinyanın bu bəyanatı təqdirəlayiq bir hal kimi dəyərləndirilməlidir, çünki Azərbaycanın diqtə etdiyi şərtlərlə razılaşır. Müqavilə imzalandıqdan sonra isə kommunikasiyaların açılışı, Zəngəzur dəhlizinin fəaliyyəti məsələləri gündəmdə olmalıdır. Amma bu çıxışlara tam güvənmək də doğru olmaz. Çünki parlamentdə özünü müxalif adlandıran qüvvələr bəzi arqumentlərlə buna mane olmağa çalışırlar. Əsas odur ki, ermənilər Azərbaycanın daxili və xarici siyasətdə tutduğu mövqedən geri çəkilməyəcəklərini anladılar”.

Ayşən Mustafa
Globalinfo.az