Müxalifət büdcə müzakirəsində niyə iştirak etmir? – Partiyalar səbəbləri deyir

 

“Büdcə müzakirələri geniş şəkildə aparılmalı, iqtidar və müxalifət arasında da keçirilməlidir. Amma təəssüf ki, Azərbaycanda belə bir ənənə yoxdur”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında AĞ partiyanın sədri Tural Abbaslı Milli Məclisdə Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsinin müzakirələri haqda danışarkən deyib.

Onun sözlərinə görə, aparılan büdcə müzakirələrindən heç əhalinin də xəbəri yoxdur:

“Hakimiyyət də əhalinin xəbərsiz olduğundan istifadə edib, cəmiyyətə lazım olan məlumatları ötürür. Yəni məlumatları daha detallı şəkildə ötürmür. Amma ümumi deyə bilərik ki, hazırda Azərbaycan yoxsulluq, işsizlik və bahalıqdan əziyyət çəkən ölkə olduğu üçün büdcədə daha çox sosial yönümlü xərcləmələr olmalı, israfçılığın qarşısı alınmalı, təqaüdlərin artırılması nəzərdə tutulmalıdır.

Lakin görürük ki, büdcənin 40 faizindən çoxu təmir-tikinti işlərinə ayrılır. Digər sahələrə ayrılan vəsait isə əvvəlki illərdə olduğu kimi qalır, ciddi bir dəyişiklik yoxdur. İndi durub deyirlər ki, “filan sahəyə ayrılan pul filan qədər artıb”.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn isə bildirib ki, büdcə müzakirələri əvvəlki dövrdən fərqli olaraq ictimaiyyətdə o qədər də maraq doğurmadı:

“Ola bilər ki, bu, ölkəmizin də cəlb olunduğu hazırkı beynəlxalq proseslərə görədir. KİV-lərdə də ciddi müzakirə aparılmadı. Hər zaman olduğu kimi, bu dəfə də ənənəvi qaydada, indiki proseslər nəzərə alınmadan hazırlanıb. Dünyada hazırda xaos və gərginlik yaşanır. Bu məqamda büdcə həm hərbi xərclər, həm sosial təminat məsələləri, həm də iqtisadi xarakterli olmalı idi. Amma biz əvvəlki metodika ilə hazırlanmış büdcəni müşahidə etdik. Ölkəmizdə “Büdcə sistemi haqqında” Qanun o qədər ümumiləşdirilib ki, büdcə qəbul olunduqdan sonra onun icrası ilə bağlı hakimiyyət orqanının kifayət qədər manevr etmək imkanları qalır. Məncə bu, faktiki olaraq Çərçivə qanunu kimidir. Bəlkə də indiki dövrdə yuxarıda qeyd etdiyim bu, qüsuru aradan qaldırmağa imkan verər”.

P.Hüseynin sözlərinə görə, infrastruktur layihələrinin, ərazilərin bərpası istiqamətində xərclərin 60% təşkil etməsi qanunauyğun görünür:
“Məskunlaşma məsələsinin xarakter və konsepsiyası ilə bağlı fikir ayrılıqları var. Bərpa məsələləri sürətli məskunlaşmaya səbəb olmalı idi. Xalq arasında “uşaq pulu” adlanan institutun bərpasını nəzərdə tutmalı idi. Yenə də biz vəsaitin müəyyən inkluziv inkişaf deyilən məsələ ilə əlaqədar bir paylaşımını müzakirə edirik. Məncə, bu da doğru deyil. Əmək haqqının artımı keçən ildən iki dəfə az nəzərdə tutulur. Bu, hazırkı bahalıq şəraitində həyat səviyyəsinin aşağı düşəcəyini göstərir”.

AXP sədri əlavə edib ki, burada müəyyən obyektiv amillər də var:

“Ona görə də aztəminatlı əhali üçün bunun fəlakətli nəticə verməməsi istiqamətində ünvanlı xərcləmələr nəzərdə tutulmalı idi. Amma büdcə müzakirəsində bunlar görülmür. Təbii ki, neftimiz və qazımızın qiymətinin kifayət qədər yüksək olması, bizə əlavə vəsaitlərin gəlməsi bir sıra məsələlərin həllinə imkan verəcək. Xüsusi olaraq, yenə diqqət hərbi qulluqçuların əmək haqlarının və sosial problemlərinin həllinə istiqamətlənməlidir. Gənclərlə bağlı problemlərə yönəlik vəsaitlərin ayrılması görülmədi. Xüsusilə də bura mənzil təminatı ilə bağlı məsələlər aiddir. Əvvəlki illərə nisbətdə hətta geriləmə müşahidə olundu. Hesab edirəm ki, büdcənin konsepsiyasının dəyişdirilməsinin vaxtı gəlib çatıb”.

Zaira Akifqızı,
Globalinfo.az